Rusiyada yaşayan həmyerlimiz, tanınmış yazıçı Eldar Əhədov Şuşa səfərinin təəssüratlarından bəhs edən “Cidir düzü” adlı yol qeydlərini “Ədəbiyyat və incəsənət” portalına ünvanlayıb. Onu sizlərə təqdim edirik.
Yazını dilimizə Əlviz Əliyev çevirib.
"Bura Cıdır düzüdür. Hər birimiz üçün əziz, doğma Cıdır düzü. Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq..."
İlham Əliyev
Xankəndindən gedən yol sıx kolluqlarla örtülmüş qayaların arası ilə ilanvari, qıvrıla-qıvrila, dolanbac yolla bizim avtobusu daha yuxarılara, dağın başına qaldırırdı. Hər döngə bizi Şuşa ilə görüşmək məqamına daha da yaxınlaşdırırdı. Beləliklə, Xankəndi binalarının damları lap aşağıda qalmışdı. Bizim səyahət avtobuslarımız isə aramla, dayanmadan hərəkətdə idilər. Xaricdə yaşayan azərbaycanlı alimlərin Forumunun iştirakçılarından bəziləri səbrsizliklə, bəziləri nəzərəçarpan həyacanla, bəziləri isə maraqla avtobusun pəncərələrindən yolu müşahidə edirdilər. Bütün bunlara baxmayaraq, bizim çoxumuz üçün Şuşa qarşımıza qəflətən çıxdı. Avtobuslar həmin anda dayandılar və biz hamımız bizim üçün nahar hazırlanmış mehmanxananın yanında avtobuslardan çıxdıq. Burada bizi yalnız nahar deyil, həm Qarabağ universitetinin rektoru Şahin Bayramovla və onun rəhbərlik etdiyi ali məktəbin əməkdaşları ilə görüş gözləyirdi. Rektor bizə universitetin perspektivləri haqqında, qarabağlı gənclərin gələcəyə həvəslə can atmasından, ümidlərdən, layihələrdən əminliklə, gələcək uğurlara inamla danışdı.
Əminliklə demək olar ki, xaricdə yaşayan azərbaycanlı alimlərin dəstəyi Qarabağ universitetinin tələbələrinə bilik və bacarıqlarını artırmaqda öz töhfəsini verəcək. Buna heç kimin şübhəsi ola bilməz.
Biz rektora maraqlı sohbətə görə minnətdarlıq edib, nəhayət şəhərə tərəf üz tutduq. "Musiqiçilər və şairlər Tanrıya hamıdan yaxındırlar",- deyə dahi Sibir yazıçısı - cəbhədə olmuş Viktor Petroviç Astafyev tez-tez təkrarlayardı. Mən onunla uzun illər idi ki, tanış idim və çoxlu görüşlərimiz olmuşdu. O, yalnız "Çar-balıq" və "Vasyutkin gölü" əsərlərinin deyil, həm də müharibə dəhşətlərini özündə əks etdirən "Lənətlənmiş və öldürülmüşlər" romanının müəllifidir.
Budur, mən üç bərpa olunmuş nadir abidənin - insanlara həyatlarının son anlarına qədər bütün canlılara qarşı məhəbbət tərənnüm etmiş bəstəkar Üzeyir Hacıbəylinin, şairə Nətavanın və müğənni Bülbülün abidələrinin yanında durmuşam. Bu doğma torpaqda, doğma şəhərdə onlar doğulub, boya-başa çatmışlar. İndi bərpa olunmuş bu abidələr vəhşicəsinə güllələnmiş, bərbad hala salşnmış və metal qəbulu məntəqəsinə verilmişdi. Nədən belə oldu? Yalnız bir şeyi bilirəm - musiqiçilərə, şairlərə ucaldılmış abidələri dağıdanların özlərini insan adlandırmaq hüququ yoxdur...
Mən Nətavanın və Hacıbəylinin evlərinin dağıntılarını gördüm. O evlərə mərmi düşməmişdi. Onları oğrular dağıtmışdı. Mən onlara millət deyə bilmərəm. Şairlərin, musiqiçilərin abidələrini güllələyənlərin, qapı, pəncərə çərçivələrini, qab-qacağı, ayaqyolu çanaqlarını oğurlayanların milliyyəti olmur və ola da bilməz.
Mən bulaqda üzümü yuyub, Şuşanın qala qapısına tərəf yollandım. Mənim həmkarlarımın çoxu artıq oradan keçib, qədim qala divarlarının o biri tərəfində fərəhlə fotosessiya həyata keçirirdilər. Mən isə öz diabetdən əziyyət çəkən ayaqlarımla onlardan çox geridə qalmışdım. Digər tərəfdən, qapının önündə yerin səthi o qədər nahamar və daşlı-kəsəkli idi ki, mənim piyada hərəkətimin sürəti demək olar ki, sıfıra düşdü. Eyni vaxtda həm ayaqlarımı hərəkət etdirmək, həm də müvazinətimi nahamar daşlıq yerdə saxlamaq çox çətin idi. Gözlənilmədən kiminsə nəvazişli və inamlı əli məni dirsəyimdən tutub, dəstəkləməyə başladı. Mən bu gənc qadının kim və nəçi olduğunu bilmirdim, amma o məni gözlənilməz xatalardan, bəlkə də illərlə yüz minlərlə insanların tapdayıb, hamarladığı daşların üstünə yıxılmaqdan xilas etdi. Onun köməyi təmənnasız, mənə qarşı rəhmindən irəli gəlirdi. Biz onunla doğma Azərbaycan dilində danışırdıq. Mən Gülxanım (o özünü belə təqdim etdi) xanıma öz həyatımın, həm də Şuşaya gəlməyimin məcazi mənasını, bunun yalnız bir səyahət olmadığını açıqladım. 20-ci ilin noyabrında bizim ordu Şuşaya həmlə edəndə mən Sibirdə polisin caynağına keçmişdim. Mənim üstümdə şəklim, adım, familiyam, doğulduğum tarix olan təqaüd vəsiqəsi var idi, amma pasport üstümdə deyildi. Serjant məni tutub polis məntəqəsinə sürüklədi. Onun familiyasının Çonayan olduğunu mən sonralar polis protokolundan öyrəndim. Mənə üzun müddət ayaq üstə durmaq və ayaqqabıda qalmaq olmazdı. Buna baxmayaraq, Çonoyan və həmkarları guya mənim şəxsiyyətimi məlumat bazasında yoxlamaq bəhanəsi ilə bir neçə saat yoxlama apardılar. Onlar mənə özümü rus kimi qələmə verməyə işarə edirdilər. Yəni onda onlar məni azad etməyə söz verirdilər. Mən isə azərbaycanlı olduğumu inadkarlıqla təkrar edirdim... Başa düşürsünüz, mən nəyin naminə öz ata, anamdan imtina etməliyəm?! Mən türkəm və türk olaraq da qalacam. Hətta məni şikəst etsələr də...
Budur, mən bir il bundan əvvəl bizim Vətənimizin tarixi haqqında mənzum "Xarıbülbül" dastanını yazan şəxsəm, indi də həyatımda ilk dəfə Şuşadayam.
Şuşanın cənub hissəsində "Cıdır düzü" deyilən düzənlik var. Qarabağ xanlığı dövründə burda ildə iki dəfə yüzillərlə ənənəvi olaraq qarabağ cinsindən olan atların yarışı keçirilib. Burada həm də xalq bahar bayramı Novruzu və başqa bayramları qeyd edir. Burada həm də indiki atla polo oyununun əcdadı sayılan atla idman növü "Çövkən" keçirilirdi.
Geniş dağ yaylası on doqquzuncu və iyirminci əsrlərdə plenar əsərlər yaradan rəssamlar üçün öz əsərlərini emalatxanada deyil, açıq təbiətdə, təbii işıqlı havada yaratmaq üçün sevimli məkana çevrilmişdi. Cidır düzündən görünən dağ mənzərələri doğrudan da təkrarolunmazdır. Burada həm musiqi, həm də ədəbi-bədii festivallar, yarmarkalar, bayramlar keçirilirdi. Burada 1989-cu ildən 1991-ci ilə qədər, sonradan 2021-ci ildən Şuşa azad olduqdan sonra yenidən həyata keçirilməyə başlayan "Xarıbülbül" festivalı keçirilir.
Mən hörmətli Gülxanıma o məni qolumdan tutub avtobusa qədər müşayyət edən zaman indiyə kimi heç kimə açmadığım gizli və gülməli görünən arzum haqda danışdım. Bu arzu Cıdır düzü yaylasına qalxıb, orada otların üstündə ayaqyalın getmək idi. Bəlkə də bundan sonra ayaqlarım bir daha bu sonuncu dörd ildə ağrıdıqları kimi ağrımayacaqlar. Əlbəttə belə düşünmək sadəlövhlükdür, amma siz harda möcüzəyə inanmayan şair görmüsünüz? Gülxanım məni avtobusa qədər müşayiət edib, arzumun çin olmasını arzuladı. Tezliklə avtobus yola düşdü. Amma bununla mənim çətinliklərim bitmədi. Avtobus Cıdır düzünə çatmamış sürücü dedi ki, bizim nəqliyyat vasitəmiz üçün yol çox yoxuşdur və biz bundan sonra piyada getməli olacağıq. Gedim, ya getməyim? Əgər söhbət arzumun yerinə yetirilməsindən gedirsə, onda getməmək nə deməkdir?! Mən getdim. Yol mənim üçün o anda həqiqətən çox yoxuş idi. Mən yenə də hamıdan arxada ayaqlarımı sürüyürdüm. Hətta bir-iki addım qalxmaq üçün mən tez-tez dayanmalı, ensiz səkinin hündür olmayan divarlarına soykənməli olurdum. Mən artıq başqa səyahətçiləri izləmirdim və yalnız ayaqlarımın altına diqqətlə baxırdım. Tər gözlərimə tökülürdü, köksümdə hava çatışmırdı. Birdən mənə sonsuz görünən yoxuşun mənim hərəkət istiqamətimdən sol tərəfində kiçik bir düzənlik sahəyə rast gəldim. Mən bu nisbətən düzənlik sahəyə döndüm. Aralıda üzərinə "Vaqif" yazılmış memarlıq abidəsi ucalırdı. Mən anladım ki, bu şair Vaqifin yaxınlarda bərpa olunmuş məqbərəsinin xiyabanıdır. Molla Pənah Vaqif Qarabağ xanlığının birinci vəziri, 18-ci əsrdə Azərbaycanın tanınmış siyasi xadimi, ən əsası isə Azərbaycanın görkəmli, xalq tərəfindən sevilən şairlərindən biri idi. Xiyaban mənə nəfəsimi dərməyə imkan verdi. Amma, mən həmin yolu Cıdır düzü yaylasına qədər davam etməli idim, yoxsa mən yuxarı qalxana qədər digərləri avtobusların yanına dönərdilər. Bu fikir məni irəliləməyə sövq etdi və mən yenidən yuxarı qalxmağa başladım. Bu mənim üçün son illərdə keçdiyim ən ağır metrlər idi. Vaxt var idi mən asanlıqla qayalara dırmaşar, Tayqanın cəngəlliklərindən keçər, Tundranın bataqlıqlarından da asanlıqla keçərdim. Keçirdiyim insult və ürəyimə qoyulan üç şunt əfsuslar olsun ki, keçmiş ekspedisiya "igidliklərini" təkrarlamağa imkan vermirlər. Axır ki, mənim səylərim öz bəhrəsini verdi və səxavətini göstərdi. Mənim gözlərim önündə Cıdır düzü yaylası açılan kimi... mən qarşımda əvvəlki xilaskarım Gülxanımı gördüm. Biz buradan yenə də qol-qola getdik. Sən demə o buraya Land Rover-də gəzməyə gəlib. Sürücüsündən mənə yaylaya qalxmağa kömək etməsini xahiş etdi. Görünür, onlar mən tısbağa sürəti ilə hərəkət edincə, məndən əvvəl buraya çatmışdılar.
Biz otlaq sahəyə çıxdıq. Mən ayaqqabımı və corablarımı çıxarıb, ayaqyalın Cıdır düzü ilə getməyə başladım. Ayağımın birində üçüncü barmağı hələ 20-ci ildə amputasiya etmişdilər. Mən birinci dəfə idi ki, əvvəllər heç vaxt görmədiyim, amma azad olunması uğrunda hətta özümdən asılı olmadan belə az da olsa öz qanımı tökdüyüm torpağa qədəm qoyurdum.
Mən indi Cıdır düzü ilə gülümsəyərək gedirdim. Mən özümü xoşbəxt sanıram və heç nəyə təəssüflənmirəm. Mən o vaxtlar bütün dünyaya səs salan "Şuşa, sən azadsan!" sözlərini xatırlayıram. Bu sözlər hələ də mənim qəlbimdə səslənir.
Gülxanım məni tək buraxıb, mənim üçün gözoxşayan təbii gözəllikləri, Cıdır düzünə qalxan yoxuşları videoya çəkməyə başladı. Bəlkə də biz Gülxanımla bir də görüşməyəcəyik, amma mənim üçün bundan sonra Şuşa Gülxanımı xatırladacaq, Azərbaycan mənim üçün alim qardaşlarım Məsud əfəndini, Bəxtiyar bəyi, Emil müəllimi, Akif müəllimi və xalqımın başqa-başqa nümayəndələrini xatırladacaq.
Bu, mənim doğma, xeyirxah, qurucu, yaradıcı, sevməyi və bağışlamağı bacaran xalqımdır!..
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)