Ruslan Quliyev, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres” Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi - “Ədəbiyyat və incəsənət” üçün
Qarabağ müzəffər Ordumuzun apardığı 44 günlük müharibənin nəticəsi olaraq düşmən tapdağından azad edildi. Hazırda qarşıda duran mühüm məsələlərdən biri də iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün olduqca geniş potensialı olan bu gözəl məkanın turizm baxımından cəlbediciliyini müəyyənləşdirmək, Qarabağı yeni bir turizm destinasiyası kimi bütün dünyaya tanıtmaqdır. Bu istiqamətdə artıq dövlət qurumları tərəfindən ciddi işlərə başlanılıb.
Qarabağ iqtisadiyyatında turizmin yeri buranın təbii ehtiyatları, coğrafi mövqeyi, tarixi zənginlikləri və potensial nəqliyyat imkanları ilə əlaqədardır. Buna görə də Qarabağın zəngin təbii ehtiyatlarının və xalqımıza məxsus milli-mədəni mirasının turizm dövriyyəsinə cəlb edilməsi qarşıdakı dövrdə görüləcək mühüm işlərdən biri olacaq. Qarabağ zonasının malik olduğu zənginliklərdən biri də burada sağlamlıq turizmi imkanlarının mövcudluğudur. Hələ sovet dövründə Kəlbəcərin İstisu termal mərkəzi, Şuşanın, Ağdamın bolneoloji sanatoriyaları bütün SSR-də məşhur idi. Qarabağ həm xarici, həm də yerli turistlər tərəfindən çox sevilirdi. XX əsrin 30-cu illərindən Şuşadakı kurort müəssisələri, pansionat və sanatoriyalar, Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, əfsanəvi Cıdır düzü buraya səyahətə gələnlərin sevimli yeri olub. Bunlarla yanaşı, Xankəndi, Ağdam, Kəlbəcər ərazilərindəki rekreasiya məkanları, ümumilikdə bölgənin turizm potensialı onu beynəlxalq əhəmiyyətli bir səviyyədə tanıdıb, respublikamıza gələn yüz minlərlə turistin mühüm bir hissəsi məhz Qarabağın payına düşüb. Xüsusən 1970-ci illərdən başlayaraq burada yaradılmış turizm istirahət müəssisələrinin xidmətlərindən hər il yüz minlərlə yerli və xarici turist istifadə edib.
O dövrdə bu imkanlardan daha səmərəli istifadə etmək üçün müəyyən layihələr işləyib hazırlamışdılar. Azərbaycana gələn ümumittifaq turizm marşrutları var idi, həftəsonu turlar təşkil edilirdi. 80-ci illərin xronikasına nəzər saldıqda biz görürük ki, orada Şuşanın bolneoloji kurortlarının təkmilləşdirilməsi, kanat yollarının çəkilməsi ilə bağlı fikirlər öz əksini tapıb.
90-cı illərdə Qarabağın ermənilər tərəfindən işğalından sonra bu zonada turizmin inkişafı da dayandı. Düşmən insanların evlərini, dövlət obyektlərini, dini və tarixi abidələrimizi dağıtdığı kimi, mövcud sanatoriya-kurort müəssisələrini də məhv edib. Amma təbiətin bəxş etdiklərini özündən başqa kimsə yox edə bilməz. Şuşada, Kəlbəcərdə, Laçında, Zəngilanda, Ağdamda çoxsaylı termal qaynaqlar var ki, bunların hərəsi bir dərdin dərmanıdır. Bildiyimə görə, Laçında 300-dən artıq müxtəlif su qaynaqları var, vaxtilə Zəngilanda Qotur su deyilən yerdə sanatoriya, Ağdamda Şəfa sanatoriyası olub.
Fikrimcə, ilkin etapda indiyə qədər mövcud olan təsisatların ən azından informativ xarakterli bir xəritə planının, məlumat bazasının yaradılması lazımdır. Hazırda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu fəaliyyət göstərir. Azərbaycanda bütün sanatoriya və kurort müəssisələrinin elmi cəhətdən əsaslandırılması, orada təyin edilən müalicə bu institut tərəfindən hazırlanmış elmi-metodiki tövsiyələr əsasında aparılır. Sovetlər dönəmində institut tərəfindən Naftalan, Duzdağ, Qalaaltı ilə bağlı çox geniş tədqiqatlar aparılmışdı. İstərdik həmin o arxivlər, araşdırmalar üzə çıxarılsın. Digər tərəfdən, azad edilmiş ərazilərimizdəki termal qaynaqlardan nümunələr götürülə bilər, bir çox müalicəvi sanatoriya-kurort müəssisələrinin yaranmasının əsası qoyula bilər. Düşünürəm ki, bu sanatoriyalar müəyyən vaxtdan sonra müalicəvi əhəmiyyətinə görə dünyanın ən məşhur müalicə mərkəzlərinə çevrilər və bura ildə minlərlə turist cəlb etmək mümkün olar.
Şabranda yerləşən “Qalaaltı” müalicəvi istirahət kompleksi Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal şəhərlər” beynəlxalq mədəni turizm marşrutuna daxil edilib. Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası termal şəhərlər arasında bir əlaqə vasitəsi rolunu oynayır. Assosiasiyaya üzvlük üçün müraciət edən şəhərlər əsasən üç xüsusiyyətinə görə seçilir. Birincisi, bu şəhərin qədim və zəngin tarixi keçmişi olmalıdır, ikincisi, termal sularla zəngin olmalıdır, üçüncüsü isə müasir tələblərə cavab verən infrastrukturu - hotelləri, yolu, hava limanı və s. olmalıdır. Bununla bərabər, həmin şəhərlərin musiqi, mədəniyyət mərkəzi rolunu da oynaması bir üstünlük sayılır. Turizm baxımından qurumun işi Qərbi Avropanı Şərqi Avropa ilə yaxınlaşdırmaq, eyni zamanda, termal turizmin inkişafında dünyada baş verənlərə töhfə verməkdir. Hazırda quruma 13 ölkə, 36 şəhər daxildir. Bu, eyni zamanda, bir keyfiyyət əmtəə nişanı da sayılır. İnsanlar artıq bu təşkilatların üzvü olan təsisatlara rahatlıqla etibar edirlər.
Bizim əsas məqsədlərimizdən biri də Azərbaycanda, o cümlədən Qarabağda sağlamlıq turizmi sahəsində klasterləşmə siyasətinin aparılması və beləliklə məhz bu sahədə çalışan və işbirliyi olan QHT və hüquqi şəxslərin rəqabət apararaq bir-birindən asılı olan sahələrarası qarşılıqlı bağlantısının həyata keçirilməsidir. Klasterləşmə bu gün Azərbaycan üçün labüddür, çünki bu halda kiçik və orta sahibkarlıq subyektləri arasında həm rəqabət, həm də əməkdaşlıq üçün yeni imkanlar açılacaq. Sağlamlıq turizm sahəsində klasterləşmənin aparılması müəyyən coğrafi sərhədlər daxilində bir-birini təkrarlayan deyil, bir-birini dəstəkləyən, tamamlayan təsisatların fəaliyyətini bir dəyər zənciri ilə bağlayacaq. Sağlamlıq turizmi məhsulunun əldə olunması üçün bütün mərhələlər bir məkanda reallaşır. Klasterləşmə də eyni zamanda, həm alt sektorlar üzrə, həm də coğrafi ərazilər üzrə təşkil oluna bilər. Bunun üstünlükləri nədən ibarətdir? Bu, rəqabət qabiliyyətinin artırılmasını, əməkdaşlıq diapazonunun genişləndirilməsini, fərqlilik və yenilikçilik fəaliyyətlərini və eyni zamanda, da sürətli inkişafı təmin edəcək, fərqli və eyni sahələrin bir-birinə dəstəyi nümayiş olunacaq.
Sağlamlıq turizmi klasterlərinin şərti olaraq növləri coğrafi, sektoral, horizontal və vertikal klasterləridir. Turizm klasteri üç əsas təməl ünsürdən formalaşıb. Bunlara sahibkarlıq subyektləri, bütün istehsal, xidmət, tədarük sahəsində olan firmalar daxil olur. Burada dəstəkləyici medianın, maliyyə qurumlarının, QHT-lərin, assosiasiyaların, təhsil, araşdırma və təlim təsisatlarının, peşə məktəblərinin də bir vəhdəti özünü büruzə verir. Klasterləşmənin önəmli əlamətləri birincisi, coğrafi təmərküzləşmədir, ikinci geniş iştirakçılığın təmin olunmasıdır. Məhz sağlamlıq turizmi sahəsində üçüncü əlamət ixtisaslaşmanın həyata keçirilməsidir. Burada mütləq şəkildə innovativlik faktoru özünü büruzə verir. Dördüncü əlamət müxtəlif iştirakçılar arasında əlaqə və qarşılıqlı təsirin mövcud olması və sonuncu da təbii ki, kooperasiyanın mövcudluğu və bunun inkişaf etdirilməsidir.
Bundan başqa, dediyimiz kimi, Qalaaltı Avropanın Tarixi və Termal Şəhərlər Assosiasiyasının üzvüdür. Yəni bu xəritədə Azərbaycanın da yeri var. Naftalanla bağlı da müxtəlif beynəlxalq sertifikasiya proqramları həyata keçirilir və bu davam etdirilməlidir. Düşünürəm ki, əlaqədar sahəvi dövlət qurumlarının və ictimai birliklərin də burada dəstəyi olmalıdır. “EuroSpa” sertifikasiyasının və “Hattusa Vacation Thermal Club” akkreditasiya sisteminin həyata keçirilməsi, beynəlxalq təşkilatlara üzvlük təbii ki, yeni turizm bazarlarının bu şəbəkə daxilində Azərbaycana turist axınının təmin olunmasına şərait yaradacaq. İlkin mərhələdə, yuxarıda dediyimiz kimi, indiyə qədər mövcud olan təsisatların xəritəsinin yaradılması, data məlumatların hazırlanması və yeni mineral su qaynaqlarının ekspertlərin iştirakı ilə yatırım imkanlarının dəyərləndirilməsi və yeni təsisatların yaradılması lazımdır. Əlbəttə ki, sağlamlıq turizminin təşviqi fondlarının və müxtəlif təşviq proqramlarının da tətbiq olunması sağlamlıq turizmi məqsədilə ölkəyə gələcək turistlərin sayına müsbət təsirini göstərəcək.
Azərbaycan turizm sənayesi 2001-ci ildən etibarən başlayaraq, özünəməxsus bir yol keçmişdir. Əsas məsələ zamanın tələbinə və yeni çağırışlara uyğun olaraq, fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir. Bu sahədə özəl-dövlət əməkdaşlığı özünün keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 9 dekabr tarixli Fərmanı ilə Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu təsdiqlənmişdir. Bu turizm sənayesi nümayəndələri üçün yeni bir yol xəritəsidir. Bu baxımdan ATAA bu proseslərin mərkəzində olan turizm təyinatlı təşkilat olaraq, yeni hədəflərdə lokomotiv rolunu oynayır. Üç əsas istiqamət bizim üçün prioritetdir: Regionlar da daxil olmaqla dövlət-özəl çoxvektorlu əməkdaşlığı, beynəlxalq turizm fəaliyyəti təcrübəsinin dərinləşdirilməsi və nəhayət sistemli tədris-təlim fəaliyyətlərinin davam etdirilməsi.
Qürurla deyə bilərik ki, artıq bu təşkilat turizm sənayesi nümayəndələrinin beyin və koordinasiya mərkəzi rolunu uğurla davam etdirir. 2023-2030-cu illər hədəflərində Azərbaycanın turizm destinasiyası olaraq, ilk 20 populyar istiqamət siyahısına daxil olmasıdır.
Bu gün artıq Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycanın 28-ci yerdə olması da turizm sahəsində inkişafa bir yaşıl işıq yandırır. Bu islahatların aparılması birbaşa biznes mühitinə beynəlxalq nüfuzlu şirkətlərin investisiya yatırmasına şərait yaradır.
Düşünürəm ki, Qarabağda Silikon Vadisinin analoqunu yaratmaq olar. Azərbaycanın bu illər ərzində beynəlxalq platformalarda - istər Dünya Turizm Təşkilatında, sağlamlıq turizmi qurumlarında, ekoturizm cəmiyyətlərində təmsil olunmasından da geniş istifadə edə bilərik. Azərbaycanın bu savaşdakı qələbəsi bütün dünya reytinqində, istər siyasi, istər mədəni, istərsə də digər sahələrdə ölkəmizin nüfuzunu artırıb. Ölkəmizə sərmayə qoymaq istəyən təşkilatlar da quruculuq işlərində iştirak etmək istəyirlər. Bu iştirak turizmlə bağlı da ola bilər. Mənim təxmini hesablamalarıma görə, bu məsələlər paralel aparılarsa, biz 6-8 il ərzində Qarabağ turizminin 85 faizini qura bilərik. Ölkə başçısının dediyi “Qarabağ Azərbaycandır” devizini biz artıq iqtisadi blokda, turizm istiqaməti də daxil olmaqla, tətbiq edə bilərik. Buraya hər kəs öz töhfəsini verməlidir.
Şəkildə: Silikon vadisi
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)