Gənc, istedadlı şair İntiqam Yaşarın bu oktyabr günlərində 31 yaşı tamam oldu. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı şairə səmimi təbrikini ünvanlayır və onun yeni şeirlərini oxucularına təqdim edir.
İntiqam Yaşar oğlu Cavanşir 3 oktyabr 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. 1997–2008-ci illərdə Gədəbəy rayonu, Çobankənd kəndində orta məktəbdə oxuyub, 2008–2012-ci illərdə Azərbaycan Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2012–2013-cü illərdə həqiqi hərbi xidmətdə olub.
İntiqam Yaşar mətbuatda müxtəlif məzmunlu yazıarla və şeirləri ilə çıxış edir, “Ulduz", "Yazı" jurnallarında, "Ədəbiyyat qəzeti", "Aydın yol", "525-ci qəzet", "Kaspi" kimi qəzetlərdə, eləcə də əməkdaşı olduğu portalımızda mütəmadi olaraq dərc olunur. Şairin 2012-ci ildə "İlk görüş" adlı şeirlər kitabı çapdan çıxıb. Həmçinin 2016-cı ildə "…və susarsan", 2018-ci ildə isə "Evdə yoxam" adlı şeir kitabları işıq üzü görüb.
İntiqam Yaşarın şeirləri yerli türkcəyə uyğunlaşdırılaraq Özbəkistanda, Türkiyədə, Qazaxıstanda nəşr olunan dərgilərdə və antologiyalarda yayımlanıb, həmçinin rus, ingilis, belarus dillərinə tərcümə edilib.
24 iyun 2019-cu ildən Dünya Gənc Türk Yazarlar Birliyinin başqanıdır.
O, 2015-ci ildə Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb, 2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatı"na, 2019-cu ildə Azərbaycan Yazıçılar Birliyinin "Uğur" mükafatına layiq görülüb.
O, həmçinin, Azərbaycan Yazıçılar Birliyinin "Ən yaxşı şeir" müsabiqəsinin də qalibidir.
İndi isə vəd etdiyimiz şeirlər:
PAYIZ SÜKUTU
Sən də qollarını bir az geniş aç,
sığsın ürəyinə danışdıqlarım.
Özümdən çox qabaq yerlə bir olub,
mənim ümid deyib yapışdıqlarım.
Baxırsan, payızdı, havada ah var,
baxırsan, günəş də xəcalətlidir.
Bəli, yoldan ötən gülər bəlkə də,
vallah, mənim üçün bu dəhşətlidir.
Bax, bir həyətdəki tənha çinara,
yarpaqlar küləyin alqış əlləri.
Beləcə alqışla yola salacaq,
bu çinar həm bizi, həm də illəri.
Bu sənsən, bu mənəm, bu biz deyilik.
Şəhadət barmağın "sus" əmri verdi.
Bilmirəm, yəqin ki, bizdən xəbərsiz,
biri bu taleyə "kəs" əmri verdi.
GETDİN…
Getdin,
saçlarını dağıdan Bakı küləklərini də
aldın apardın özünlə.
Susdu Xəzər.
Getdin, göylərin ulduzları da getdi…
Hələ də inanmıram...
Donmuşam sükut kimi
hava limanında.
Gözlərim çıxış qapısında
ümidlərimin əlində.
Bir "bəlkə" bitib ürəyimin
topuq vuran dilində,
Getdin, gedişin çətindi demirəm...
"Çətin" çox asandı indiki halımdan,
gözlərin qopmaq istəmir,
saçların ayrılmır xəyalımdan.
Nə uzun yol getmişik bu qısa zamanda,
özümüzə, könlümüzə...
Bu yolu qayıtmaq çətin,
bu yolu qayıtmaq əzab.
Getdin, getdin, getdin...
Kaş ki, "gələcəm" deyərdin,
Gəlməsən belə gözləyərdim.
ÖMÜR ADLANIR
Bakı boyda boşluq, Bakı boyda sükut,
Bakı boyda tənhalıq dolaşır
əl-qoluma günboyu.
Addımbaşı tikanlı fikirlər üstünə
yıxılıram üzü üstə.
Qanayır əllərim, qanayır dizlərim.
Yenə qalxıram birtəhər,
yenə çırpıram üst-başımı.
Gizlədirəm yaralarımı,
Görən olmadığına sevinirəm yıxıldığımı.
Silirəm əllərimin arxasıyla göz yaşlarımı.
Hə!
Ömür adlanır deyəsən,
domino daşları kimi düzülən günlər.
Hamısı eyni boyda, hamısı eyni ölçüdə...
BÜTÜN XƏLVƏT OTAQLAR
Bütün xəlvət otaqlarda bir qadın hıçqırığı,
bir kəfkirli saat,
bir körpə mışıltısı.
Bütün xəlvət otaqların qapısı azca aralı,
bütün xəlvət otaqlarda
xəcalət təri basmış pəncərə.
Bütün xəlvət otaqlar,
bütün xəlvət otaqlar,
heç nəyi görmür,
gözünü zilləmiş yerə.
lll
Kəfkirli saatın köksündə səslənir,
sükutun ayaq səsləri.
Zaman etibarı ilə keçmişlər unudur
ona inanan kəsləri.
Düşündükcə düyünlənir
alnındakı qırışlar da.
Eyni səhifədə, eyni yer tutur,
ayrılıqlar da, görüşlər də.
Bu yolda göz oxşayanlar,
sadəcə baş qatmaq üçünmüş.
Gəldiyin yerə dönərkən,
sadəcə tez çatmaq üçünmüş.
Başındakı son havalar
çox sərtdi, bilirəm,
Bir yandan da, havasızlıq,
bir dərddi, bilirəm.
Çıxar hərdən gün işığına,
işığa həsrət ürəyini.
Etibarlıdır, söykə kimsəsizliyə,
söykə kürəyini.
ƏLLƏRİN ÜŞÜDÜKCƏ
Əllərin üşüdükcə
Şəkillərimi yandır.
Bu dünyada hər şeyin,
axırda yanmağına
həm özünü inandır,
həm də məni inandır.
Son deyilən nə var ki,
bu da bir imtahandır.
Bu dünyada əzəldən,
həqiqət adlı nə var,
sən də bildin yalandır,
mən də bildim yalandır.
Xatırlamaq da olmur,
xatırlama, amandı...
Gizlədiləsi nə var,
Həm də ki xatırlamaq.
bir az sənə ziyandır,
bir az mənə ziyandır.
lll
Toxunmaz göz yaşlarına,
axar, axar doyunca.
Səssizcə axışına,
baxar, baxar doyunca.
Bu leysanın sonunu,
yaxşı bilir, bu, düzdü.
Suların can atdığı,
yaxın-uzaq dənizdi.
Odur ki, ürəyində,
liman salıb gəmilər.
Vüsaldı ya, ayrılıq,
bunu tək Tanrı bilər.
lll
Zaman elə gözəl axıb gedirdi,
Gözlərim önündə səssiz su kimi.
Hələ də o hisslər köksüm altdadı,
Ən doğma, ən şirin bir arzu kimi.
Nə bilim, çox vaxt da gücüm yetməyir,
Könlümdən hər keçən sözü deməyə,
Bəlkə də nə vaxtsa deyə bilərəm,
Bəlkə, izin verər özü, deməyə.
Əlləri qoynunda gizlənən adam,
Səni dinləməyə sükut tək gəlib.
Sənin otağına dərd də gələndə,
Şad gəlib, şux gəlib, mübarək gəlib.
lll
Qazıla-qazıla gedir bu qəbir,
Çox gedər, hardasa daşa çıxmasa.
Nə var ki, getməyə, qəbir də yoldu,
Qəfildən ümidlər boşa çıxmasa.
Soyuq şəkillərdə soyuq baxışlar,
Toxunsan əllərin donar bəlkə də.
O baxışlar bezib öz yiyəsindən,
Soruş, sahibini danar bəlkə də.
Zərblə çırpılan qapılar kimi,
Dəyər bir-birinə göz qapaqların.
Səni harayasa aparıb gedər,
Alıb çiyni üstə öz ayaqların.
ÖMÜRDÜ, GÜNDÜ DƏ…
Bütün doğrulardan bir addım uzaq,
Bütün yalanlara bir addım yaxın...
Ömürdü, gündü də sürürük gedir.
Hərdən eyni nəfəs dözülməz olur,
Hərdən kipriklərin sınır yük altda,
Ömürdü, gündü də sürürük gedir.
Yenə dan yerinə ümid can atır.
Yenə sabah üçün əllər uzanır.
Ömürdü, gündü də sürürük gedir.
lll
Bir də həqiqət var,
Haqqında xeyli susmağa.
Bir də sükut var, tavanı döyəcləməyə.
Bir də iki göz var,
Yorulmadan yumulmağa.
Bir də gecələr var görüşünə tələsdiyim.
Bir də bir cüt əl var çarpazlanmağa baş altda.
Bir də bir qədəh şərabdı tək ayaq üstə,
keşik çəkir.
Bir də mən varam çox uzaqlarda payi-piyada.
Bir də sən varsan çox yaxında, əlim çatmır...
lll
İlahi, ən böyük dərd hansıdısa,
Söylə, gücümüzü ona saxlayaq.
İtib-batasıyıq bu vurhavurda,
Bir az özümüzü sona saxlayaq.
İndi dar qəfəsə beşik deyirlər,
Üstündə bir çətən minnətin olur.
Yaxşıya yaxşısan, pisə pis demək,
Ya olmur, ya da ki, çox çətin olur.
Ayağında buxov, önündə yollar,
Ürək çırpınmaqdan sinən qabardı.
Çiynimiz əzilir dərdimiz altda,
Bu yük çiynimzdən düşsə nə vardı.
Ömür qum saatı, ümid dənəcik.
Çevir gah yuxarı, gah da aşağı.
Zaman dayanacaq, saat susacaq.
Dan sökülməyəcək bir səhər çağı.
“Etibarlıdır, söykə kimsəsizliyə kürəyini” deyən gənc şair İntiqam Yaşarın şeirləri Featured
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/en/edebiyyat/item/631-etibarl-d-r-soeykae-kimsaesizliyae-kuraeyini-deyaen-zhaendz-shair-intigam-yashar-n-sheirlaeri#sigProGalleria7826b9a676
https://edebiyyatveincesenet.az/en/edebiyyat/item/631-etibarl-d-r-soeykae-kimsaesizliyae-kuraeyini-deyaen-zhaendz-shair-intigam-yashar-n-sheirlaeri#sigProGalleria7826b9a676