Aprelin 22-də Azərbaycan Dillər Universitetində Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı 525.az-a istinadən xəbər verir ki, ADU-nun rektoru, Xalq yazıçısı Kamal Abdulla şairi universitetdə görməkdən məmnun olduğunu bildirib, Ramiz Rövşən yaradıcılığından söhbət açıb. Kamal Abdulla bildirib ki, Ramiz Rövşən şair, tərcüməçi, kinossenarist, ədəbiyyatşünas kimi adını Azərbaycan mədəniyyət tarixinə yazdırmış şəxsdir:
“Ramiz Rövşən mənim sevimli şairlərimdən biridir. Bu gün bu tədbirdə nə qədər oxucu varsa, hamının üzündə bir sevinc, bir xoşbəxtlik duyulur. Bu sevinc, bu xoşbəxlik Ramiz Rövşən sevgisinin bariz nümunəsidir. Ramiz Rövşənin şeirlərində “Dədə Qorqud” dastanındakı millilik var, onun şeirlərində saf və təmiz duyğuların gözəl təsvirlərlə ifadəsini görmək mümkündür. Bütün bu keyfiyyətlər onun bir şair kimi hər kəs tərəfindən sevilməsinə imkan yaradır. İnanıram ki, bu görüş tələbələrimizi Azərbaycançılıq, dövlətçilik ətrafında birləşdirən görüşlərdən biri olacaq”.
ADU-nun Filologiya fakültəsinin dekanı Şahin Xəlilli Ramiz Rövşənin bir şair kimi, bir insan kimi yüksək intellektindən, humanizmindən və istedadından danışıb. Qeyd olunub ki, Ramiz Rövşən dünyanın böyük şairləri ilə müqayisə olunur və bu, Azərbaycan üçün böyük uğurdur.
ADU-nun professoru Əsgər Zeynalov görüşün əhəmiyyətindən söhbət açıb və tələbələri bu görüşdən faydalanmağa səsləyib.
Pedaqogika üzrə fəlsəfə doktoru Oqtay Abbasov çıxışında Ramiz Rövşən yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən danışıb.
Təhsil-1 fakültəsinin tələbəsi Sərvər Qəhrəmanlı şairin sözlərinə yazılmış “Bağışla” mahnısı ifa edib, Filologiya fakültəsinin tələbəsi Aysel Əlibabalı şairin “Nə çoxmuş dünyanın yükü” və Təhsil-1 fakültəsinin tələbəsi Fidan Mikayılova “Mən elə bilirdim ölərəm sənsiz” şeirlərini qiraət ediblər.
Sonda Xalq şairi Ramiz Rövşən Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşdən məmnun olduğunu deyib. Şair görüşdə şeirlərini səsləndirib, poeziya və həyat haqqında fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb.