Bir neçə gün öncə “Azərkitab-Kitab Mərkəzi”ndə növbəti kitab təqdimatı baş tutmuşdu, İki müddətlik Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Bəstəkarlar İttifaqının üzvü, Gənclər mükafatçısı, "Azərkitab-Kitab Mərkəzi"nin mətbuat katibi Aysel Kərimin "Kəpənəyin göz yaşı" adlı şeir kitabının təqdimat mərasimi keçirilmişdi. Tədbirdə ədəbi elitanın xalq yazıçısı Çingiz Abdullayev, AYB-nin katibibləri Rəşad Məcid və Səlim Babullaoğlu kimi nümayəndələri qatılmışdı. Hacı Nuran və digər ziyalıların iştirakı təqdimata bir ayrı rəng qatırdı. Tədbirin giriş sözünü Kitab Mərkəzinin layihə rəhbəri Mirsabir Həsənov etmişdi.
Qeyd edək ki, şairənin lirik mənini ortaya qoymağa müvəffəq olan “Kəpənəyin göz yaşı” kitabında xalq yazıçısı, millət vəkili Sabir Rüstəmxanlının geniş rəyi yer alıb. Ön söz müəllifi isə Rəşad Məciddir. Bu kitab Aysel Kərimin oxucularla ikinci görüşüdür. Bundan öncə onun "Bir ovuc yağış" adlı şeir kitabı nəşr edilmişdi.
Aysel xanım ovuca sığan yağış barədə gözəl lövhə yarada bilmişdi, bu dəfə isə o, kəpənəyin göz yaşlarını əyani olaraq göstərə bildi.
“Ədəbiyyat və incəsənət” Ayselin bir neçə şeirini oxucularına təqdim edir.
ŞAHİD
Mənim belə şahid nəyimə lazım?
Sükut ondan yaxşı danışa bilir.
Bu alın yazımı onunla yazım?
Gah küsür, gah da ki, barışa bilir.
Bu dəli şeytanın oyununa bax,
Göstərmək istəyir mənə öz görkün.
Etdiyin hər şeyi gəl başıma qax,
Sənin özgələrdən nə fərqin var ki?
Açdın qıfılını bağlı sandığın,
Çəkildi sinəmə çalın-çarpaz dağ.
Ey mənim içimdə hər gün andığım,
Qapımı döyürsən, gir, içəri bax.
Gəl öz gözlərinlə halımı gör ki,
Sonra vicdanına yenilməyəsən.
Həsrət körpüsünü sevginlə hör ki,
Bir də ayrı düşüb, bölünməyəsən.
SEVGİ HƏSRƏTİ
Yenə xatirələr göz önündədir,
Qəlbimdə yenə də sevgi həsrəti.
Bu könül mülkünü küsdürən nədir?
Dözümdən savayı yox cəsarəti.
Yenə varlığım da puç olur, inan,
Həsrətdən don geyir hər gündüz-gecə.
Həsrət məkanında gizlicə dayan,
Ruhumu aldadım mən də beləcə.
İndi viranədir yamyaşıl bağlar,
İlahi, şəfa ver qanlı yarama.
Görsən ki, səninçün bir doğma ağlar,
Onda yad ünvanda məlhəm arama.
Kimsələr dərdini dərindən bilməz,
Heç kim güzgüdəki üzümüz deyil.
İllər sovursa da, qəlbindən, silməz,
Bu şirin vədəli sözümüz deyil.
DUMAN
Yolu azdırdı duman,
Qərib ellərə getdik.
Ulu yazdırdı zaman,
Dönüb sellərə getdik.
Düşdük dar cığırlara,
Qaçmağa yerimiz yox.
Rəhm eylə fağırlara,
Başqa bir qibləmiz yox.
Əlimiz sənə qalxır,
Qəlbimiz səni deyir.
Bu gözlər sənə baxır,
Axan yaşları silir.
Bizi qaytar geriyə,
Biz burda neyləyirik?
Nə vaxt qarlar əriyər,
Onda yenə gələrik.
Ömrün havası kimi,
Göz oxşayan bir zərik.
Bir göl sonası kimi,
Biz də gəldi-gedərik.
MÖHÜR
Möhür vurdun bu ömrümə indi sən,
Sualsız, vergülsüz, nöqtəsiz gəldin.
Sən demə o çılğın nidaydın əsən,
Əsərək ömrünə tabe elədin.
Nədir istədiyin, nədir umduğun?
Nədir, bu canımdan nə istəyirsən?
Hər zaman sevgiylə açıb-yumduğum,
İndi bu gözlərdən nə gizləyirsən?
Köç etdi taleyin yüklü karvanı,
Büküldü arxanca qaçan bu dizlər.
Get ara, istəsən indi haranı,
Hər yer mənə aid addımlar, izlər.
Sızıldar bu yara, qanatma onu,
Əzilər, bükülər bir kağız kimi.
Bəlkə yuxudadır, oyatma onu,
İlləri həbs olub bir məhbus kimi.
Kəpənəklərin göz yaşlarını göstərən misralar
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/en/edebiyyat/item/260-kaepaenaeklaerin-zhoez-yashlar-n-zhoestaeraen-misralar#sigProGalleriac5451e4408
https://edebiyyatveincesenet.az/en/edebiyyat/item/260-kaepaenaeklaerin-zhoez-yashlar-n-zhoestaeraen-misralar#sigProGalleriac5451e4408