BİRİ İKİSİNDƏ – Uraqanın “Pianino” hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə Uraqanın “Pianino” hekayəsini təqdim edirik.

 

 

Uraqan ABDULLAYEV

                                                                

PİANİNO

 

         Belə deyirlər ki, ən böyük məqsədlər sərhədsiz arzulardan doğular. Mənim arzularımda bu cür sərhədsiz idi. Pianinoları çox sevərək böyüdüyümə görə istəyirdim ki, özümündə şəxsi pianinom olsun. Pianino çalmağı pianinom olandan sonra öyrənə bilərdim.

Pianino ilə ilk dəfə nənəmgildə tanış olmuşdum. Təəssüf ki, ilk dəfə pianinonun dillərindən birinə toxunduğum zaman çıxan səsdən sonra nənəm gəlmiş, bir daha ona toxunmağı qadağan etmişdi. Bir zamanlar bu pianino ailəmiz üçün çox əziz idi. Bu pianinoda Arif Məmmədov kimi akademik ifa edirdi. Elə onun ifasında Şopenin prelüdləri, Bethovenin “Ay” sonatası və başqa ölməz əsərlər məndə olan marağın artmasına səbəb olmuşdu. Bəzən nənəm evdə olmayanda pianinoya yaxınlaşaraq sonsuz həsrətlə onu seyrə dalar, gizli-gizli ətrafa baxdıqdan sonra dillərinə toxunar, səs gələn kimi qaçıb gizlənərdim. Belə bir fikir var: “Bizə qoyulan qadağalar o şeyə duyduğumuz marağı artırır”. Mən belə hesab etmirdim. Əgər bir şeyə həvəsin varsa, bütün dünya qarşında dursa belə, ona maraq göstərməyə davam edəcəksən. Yox, əgər o şey səni maraqlandırmırsa, qısa bir müddətdən sonra həmin istək yox olub gedəcək. Mənim bu istəyim isə vaxt ötdükcə daha da alovlanaraq arzudan çox məqsədə çevrilirdi. Əmin idim ki, nə vaxtsa, şəxsi pianinom olacaq.

         Günlərin bir günü nənəmin evinin satılacağını eşitdim. Atam bir nəfərlə razılığa gəlmişdi. Hətta nənəmin köçəcəyi yeni ev belə müəyyən edilmişdi. Amma bir məsələ vardı, nənəmin yeni evində pianino üçün yer olmayacaqdı. Bu xəbəri eşidən kimi gözlərim parladı, cəld yerimdən sıçrayıb pianinonun dalınca gedəcəkdim ki, atamın səsini eşitdim:

– Pianinonu da yeni ev yiyəsinə bağışladım.

Bənizim ağardı, yerimdəcə donub qaldım. Atama heyrətlə baxıb soruşdum:

– Necə yəni?! Pianinonu bağışladın?!

Atam stolun üstündəki qrafindən stəkana su süzərək dedi:

– Həə, verdim, getdi. Onsuz da yeni evdə pianino üçün yer yox idi.

– Ata... Necə yəni verdim, getdi?!

– Sənə pianino lazımdır? Böyüyəndə alarsan! – zarafata salaraq dedi.

– Mən o pianinonu istəyirəm.

– Mən ev yiyəsinə söz vermişəm. Bu söhbətə bir də qayıtmayaq.

 

***

 

Aradan xeyli vaxt keçdi. Mənsə hələ də atamı bağışlaya bilmirdim. Onunla deyib-gülsəm də, pianino söhbəti yadıma düşən kimi dinib-danışmaz, yalqız qalmağı seçərdim. Bu yalqızlıq məni xəyallara aparardı. Düşüncələrimdə o qədər dərinlərə dalardım ki, nənəmin danışdıqlarını eşidə bilməzdim. Həmişə belə idim, nənəm danışanda fikrim-xəyalım onda olmazdı. O qədər gözəl qulaq asırdım ki, nə danışdığı heç vaxt yadımda qalmırdı.

         Pianino haqqında xəyallara dalarkən bir anda onun da “pianino” dediyini eşitdiyimçün sanki oyandım.

– Nə? Nə pianino? – dedim.

– Atanı deyirəm də, götürüb pianinonu verdi o gədəyə.

– Hə, bunu bilirəm, – dedim, amma ürəyimdə dediyim sözləri, təəssüf ki, heç kim eşidə bilmirdi.

– Keçən dəfə ürəyim dözmədi, köhnə həyətimizin qarşısından keçdim, pianino həyətə atılıb, blokun ağzında saxlayırlar.

Nənəm bunu dediyi zaman gözlərimdə ümid qığılcımları parladı. Bundan sonar dediklərinə o qədər də əhəmiyyət vermədim. Tez oturduğum yerdən qalxıb pencəyimi geyindim. Ayaqqabılarımı geyinib qapını açdığım zaman arxadan nənəmin səsini eşitdim:

– Dayan, a gədə, hara gedirsən?

– İşim çıxdı, getməliyəm, – dedim və qapını örtüb evdən çıxdım.

Köhnə məhəlləyə çatdığım zaman, doğrudan da, pianinonun blokun yanına qoyulduğunu gördüm. Həyətə atmamışdılar, küçəyə atılan malın üstünü mələfə ilə örtməzdilər. Özümü xəyallarına doğru uçan bəyaz göyərçin kimi hiss edirdim. Amma pianinoya çatdığım zaman xəyallarımın gerçəkləşməyinə hələ çox qaldığını anladım. Düşünməyə başladım: “Görəsən, onu necəsə götürüb apara bilərəmmi? Oğurlayımmı? Yox, mənim olmayan bir şeyi oğurlaya bilmərəm. Amma xəyallarımın gerçəkləşməsi üçün vicdanımın üstünü örtməliyəm. Amma... Vicdanım görməsə belə, qonum-qonşu görər, atamın yanında biabır olaram. Ən yaxşısı gecə vaxtı gəlib gizlincə götürüm”.

Pianinodan uzaqlaşacaqdım ki, yerimdə dayandım. Oğurluq edə bilməzdim. Ən yaxşısı icazə alıb götürmək idi. Əgər icazə verməsəydilər, bu pianinodan əlimi üzüb yeni pianino axtarışına çıxmalı idim.

Keçib yaxınlıqdakı skamyada oturdum. Çox düşünmədən telefonumu çıxarıb atama zəng vurdum:

– Ata, nənəgilin evini alan adamın adı nə idi?

– İlqar. Nə olub ki?

– Köhnə evin yanındayam. Pianinonu götürmək istəyirəm.

– Mən axı pianinonu İlqara vermişəm.

– Heç onlara lazım deyilmiş, götürüb atıblar çölə. İcazə alacağam.

– Qələt edəcəksən, – atam əsəbiləşib səsini qaldırdı. – Mən o pianinonu ona görə başımdan rədd eləmişəm ki, gedib küçədən götürəsən?

Telefonu söndürdüm. “Əgər bir xəyalın varsa, çox danışmadan, sadəcə, gerçəkləşdir”, – öz-özümə dedim. Amma necə? Heç tanımırdım bu İlqarı. Necə birisi olduğunu da bilmirdim. Haqqında bildiyim, sadəcə, bir şey vardı: adı İlqardır.

Beynimdə İlqarın portretini çəkməyə başladım. Öz-özümə dedim: “İlqar... İlqar adlı sinif yoldaşım var, boyu çox balacadır. Yəqin, bu adamın da boyu balaca olar. İlqar... İlqar adlı qohumumuz da var, başı keçəldir. Yəqin, bunun da başı keçəl olar. Yəqin, bığı var. Amma olmaya da bilər. Məgər şərtdir ki, adı İlqar olanın bığı olsun? Hər iş düzəldi, qaldı İlqarın bığı... İlahi, mən nə danışıram?! Bu boyda ölkədə, Allah bilir, neçə yüz min İlqar adlı adam var”.

         Bu vaxt balacaboy, keçəl və bığsız bir kişi qabağımdan keçdi. Sanki alnında “Mən İlqaram” yazılmışdı. Boyu balaca, dazbaş, üstəlik, bloka tərəf gedir... Ayağa qalxıb o adama doğru addımladım. O, İlqar olmasaydı belə, ondan İlqar bəyi tanıyıb-tanımadığını soruşacaqdım. Dərindən nəfəs alıb kişiyə yaxınlaşdım:

– Bağışlayın, bir dəqiqə olar sizi?

Adam dayandı. Çevrilib mənə baxdı.

– İlqar bəy, sizsiniz?! – ondan soruşdum.

– Bəli, mənəm. Nə lazımdır?

Hər şeyi fikrimdə doğru canlandırmışdım. O an eyforiyaya qapılacaqdım. Sonradan yadıma düşdü ki, bu kişini uşaq vaxtı atamın yanında görmüşəm.

– Bir neçə ay bundan əvvəl siz atamdan bu evi almısınız.

– Papa necədir?

– Çox şükür, yaxşıdır... Heç bilmirdim sözə necə başlayım... Bu evi atamdan

almısınız...

Gülməyə başlayıb zarafatla dedi:

– Nədir, yoxsa evi geri qaytarmağımı istəyirsən?

– Evi yox, həyətə atdığınız pianinonu istəməyə gəlmişəm.

İlqar bir anda tutuldu, mənsə sözümə davam etdim:

– Həmişə istəmişəm ki, bir pianinom olsun. Hətta bu pianino həmişə bizdə olanda da ona elə həsrətlə baxırdım ki... Təsadüfən buradan keçəndə gördüm ki, pianinonu küçəyə atmısınız, ürəyim çox pis ağrıdı. Atam da bu pianinonu sizə verəndə də çox kədərlənmişdim. Ona görə sizi gözləyib icazə almaq istədim. Əgər razılıq versəniz, mən bu pianinonu apararam. Bu mənim üçün çox vacibdir... Ümid edirəm, məni başa düşürsünüz. Sizdən çox xahiş edirəm, əgər bu pianino sizə lazım deyilsə, icazə verin, götürüb aparım.

İlqar dayanıb üzümə baxırdı. Bəlkə də, göz bəbəklərinin dərinliklərində hansısa xatirələr canlanmışdı. Bəlkə də, üz cizgilərim bu xatirələri yada salmasına səbəb olmuşdu. Gülümsəyərək dedi:

– İcazə ver, xanımımla məsləhətləşim. Əgər ona da lazım deyilsə, – pianinoya baxdı, sanki qaytarmağa ürəyi gəlmirdi, – bir saata kimi sənə xəbər verəcəyəm.

Öz xanımı ilə məsləhətləşməyi ona nə qədər dəyər verdiyinin göstəricisi idi. İlqarın nömrəsini aldıqdan sonra əlini sıxıb sağollaşdım. Blokun qarşısında bir saat gözlədim, bir saat sonra zəng etdim.

– Gəl götür, – dedi.

Qəlbimi izahedilməz bir sevinc bürüdü. İlqara dəfələrlə minnətdarlıq elədim,

halallaşıb sağollaşdım. Atama zəng vurdum:

– Ata, pianinomuzu geri aldım.

Verdiyim xəbərin onu bu qədər əsəbiləşdirəcəyini düşünməzdim. Az qala infarct keçirəcəkdi.

– O pianinonu rədd eləmişdim ki, təkrar üstümə gətirəsən? Harada saxlayacaqsan?

Bizdə yer yoxdur.

– Öz otağımda... Saxlamağa bir yer taparam.

– Əgər onu bura gətirsən, gözünün qabağında yandıracağam! Evə gətirməyəcəksən! Bir kəlmə! – deyə bağırdı və telefonu söndürdü.

Bununla belə, çox sevinirdim. İstəyimə çatmışdım, bircə onu hara aparacağımı tapmalı idim. Çox keçmədən əmimlə əlaqə saxladım:

– Gətir bizə qoy, maşının pulunu da mən verəcəyəm, – dedi.

Belə də etdim, yük maşını çağırdım, pianinonu aparıb qoydum əmimgilə. Axır ki, istəyimə çatmışdım və istədiyim zaman pianinonu oradan götürə bilərdim. Atam o an əsəbiləşsə də, bu hadisədən sonra qohum-əqrəbanın gözündə yüksəlmişdim. Xüsusən də, bibim və onun həyat yoldaşı evin malına yiyə durduğumçün hara gedirdilərsə, məni tərifləyirdilər. Vaxt keçdikcə atam da başa düşdü ki, düzgün hərəkət eləmişəm. Mənimçün xəyalımın gerçəkləşməsi gecə-gündüz təriflənməkdən daha vacib idi.

Bir-iki həftədən sonra əmimgilə zəng elədim. Telefonu əmimin yoldaşı götürdü.

– Pianinom necədir? – ondan soruşdum.

Verdiyi cavab məni şoka saldı:

– Nə pianino?! Çoxdan satmışam.

         Tutulub qaldım. Nəsə demək istədim, amma deyə bilmədim. Çünki yaşadığım ruh düşkünlüyünü, pərişanlığı ifadə edəcək söz tapa bilmədim.

Bu hadisədən illər ötür... Mənim ürəyimdəki pianino eşqi isə zərrəcə azalmayıb...

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.