Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
İsveçdə yaşayan azərbaycanlı yazar Eluca Atalı Naxçıvana gəlişində “Ədəbiyyat və incəsənət” portalına müsahibə verməyə də macal tapdı.
-Özünüzü necə hiss edirsiniz?
-Əla.
-Əsərlərinizin səhnələşdirilməsi fonunda Naxçıvana səfərinizin səbəbi?
-Naxçıvana gəlmə məqsədim 32 il əvvəl gördüyüm qədim yurd yerini bir də görmək istəyi, naxçıvanlı oxucularımla görüşməkdir. Bildiyiniz kimi, son aylar Naxçıvan Dövlət Milli Dram Teatrında "Odunçunun nağılı" və Naxçıvan Dövlət Kukla Teatrında "Ənqa quşu" pyeslərim tamaşaya qoyulub. Bu iki tamaşanı tamaşaçılarla seyr etmək arzum var. Digər tərəfdən, kitabxanalarda və Naxçıvan Dövlət Universitetində də görüşlərim nəzərdə tutulub. Bu dəfəki səfərim "Bir cüt göz", "Əgər quşlar olmasaydı", "Ağ Göyərçin" kitablarımın təqdimatı və əsərlərimin müzakirələri ilə bağlıdır.
-Naxçıvanda olmaq sizin üçün nə ifadə edir? Ən çox nələri görmək istəyirsiniz?
-Oxucuların əsərlərimə reaksiyalarını görmək istəyirəm. Oxucu auditoriyası yazıçının labarotoriyasıdır. Yazıçı oxucu ilə ünsiyyətdə öyrənə bilir o nə istəyir və yazdığı ona necə təsir edir. Hərdən də hiss edirəm ki, yazdığım oxucuya tam çatmayıb. Misal üçün "Ənqa quşu" uşaq romanım olsa da, onlarla oxucu mənə deyib ki, əsəri dəfələrlə oxumuşam, hətta bir akademik əsəri altı dəfə oxuduğunu, hər dəfə də yeni bir qatın açıldığını etiraf edib. Əsər və oxucu arasında uçurum olmamalıdır, bunun üçün də oxucu əsəri mənimsəməli, özününkiləşdirməlidir.
Həm də gəlişimdə Naxçıvan ədəbi mühitini görmək, onlarla görüşmək istəyirəm. C.Məmmədquluzadənin, H.Cavidin, B.Kəngərlinin gəzdiyi torpaqda gəzmək istəyirəm.
-Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı ən çox maraqlandığınız mövzular hansılardır?
-Əlincə qalası, Mömünə xatun türbəsi, Batabat, Nəiminin, Cavidin məzarını ziyarət etmək istəyirəm. "Tiqranizm Xocalıda" kitabımı yazanda Naxçıvan soyqırımını da ətraflı öyrənməli oldum. Çünki kitabın ana xətti təkrarlanan tariximizə bir baxış idi. Andranikin Naxçıvanda etdiklərinin anoloqu olmadığını görəndə qanım dondu. Qaçaq Süleyman kimi kişilər bizim uşaqlarımıza örnək olmalıdır. Disney qəhərmanlarını o qədər rəngarəng formada bizim balacalara çatdırırlar ki, onların gözünü qamaşdıran o cəlbedici aləmə daxil olub onun ardınca gedirlər. Yurdunu qoruyan qəhrəmanların unudulması günahdır. Biz qələm sahibləri bu günahı yurdçuluq suyu ilə yumalıyıq.
-Fəlsəfi baxışlarınızı formalaşdıran əsas amillər hansılardır?
-Mən Asif Atanın Mütləqə İnam fəlsəfəsini öyrəndim, artıq 35 ildir bu yoldayam və öyrənməyə davam edirəm. Yuxarıda qeyd etdiyim kimi "Ənqa quşu" kitabım Atanın Kamil İnsan ideyası üzərində qurulub. "Tiqranizm Xocalıda", "Nalşəkilli mühasirə" kimi kitablarım yurdçuluq üzərində, "İran Hizbullah zindanında" kitabımsa bütöv Azərbaycan və "İnqilab yoxsa intibah" Ata fikri üzərində bədii həllini tapıb. Bütün əsərlərimin canında “insan”durur. İnsan dairədən necə çıxa bilər? Sualın cavabı isə çox "Kendini getir" kitabımda vermişəm.
-Ümumilikdə türk dünyası üçün hansı fəlsəfi dəyərlər önəmlidir?
-Ən böyük fəlsəfəni Naxçıvanın qoynunda yer verdiyi təbrizli Fəzlullah Nəimi yaradıb hürufizmi, bunu öyrənmək lazımdır. İnsan sifətində ilahilik olduğunu bizimkilər deyiblər, niyə də özümüzü öyrənməyək? Cəlaləddin Rumini "Məndə bir mən var, məndən içəri", bunu Rumidən savayı kim deyə bilərdi? Sufi olmadan bunu deyə bilməzsən.
Eşqə səcdə qılan M.Füzuli öyrənilməli əsərlərinin mahiyyəti dərk edilməlidir. Asif Atanın dediyi kimi: "Cəngavərlik, filosofluq və fədakarlıq kimi üç əsas cəhəti yazar özündə birlşdirməlidir." Türk Dünyası Zərdüştdən Saza qədər olan dəyərlərlərlə hərəkət etməlidir.
-Azərbaycan və türk xalqlarının gələcəyi ilə bağlı hansı nəzəriyyələriniz var?
-Türk xalqlarının birgə fəaliyyəti üçün yaxşı addımlar atıldığını etiraf etməliyəm. Qarabağ zəfərimizdən sonra Azərbaycanın Türk Dünyasında xüsusi yeri olduğu hiss olunur. Bunun yanında mənim nəzəriyyəm hansı rolu oynaya bilər? Ümumtürk ədəbiyyatının öyrəniləməsi üçün xüsusi universitetin açılmasını və yazarlar birliyinin yaranmasını istərdim, təbii, bu dövlət səviyyəsində olacaq bir işdir, mənimsə arzumdur. Ədəbiyyat söz abidəsidir, biz onun vasitəsi ilə xalqımızın ruhunu, nəyə qadir olduğunu öyrənə bilirik.
-Əsərlərinizdə tez-tez insan və kainat arasındakı əlaqədən bəhs edirsiniz. Bu nəyə işarədir?
-Bu mənim yaradıcılığımı mərkəzə qoyacaq bir sualdır. Mənim mövzum insandır. Kainatda olan hər bir şey insanın həyatına daxildir, o istəsə də, istəməsə də kainatın içindədir. Artıq bu mövzuda 5 kitab, 3 uşaq pyesi yazmışam. Bugünkü ekoloji problemlər insanın təbiəti mənimsəməsindən irəli gəlir. Miçurun deyirdi ki: "Təbiəti istədiyin kimi mənimsəyə bilərsən." Böyük alimin yanlış fikri az qala dünyanı məhvə gətirib çıxarıb.
-Müasir Azərbaycan ədəbiyyatında hansı problemlər var? Hansı istiqamətlərdə inkişaf lazımdır?
-Kütləni arxasınca aparacaq ədbiyyat yaranmalıdır. Bugünkü ədəbiyyatımızın tarixi mövzulara üz tutması çox önəmlidir. Sovet dövründə 70 il ideologiyaya xidmət edən ədəbiyyat yarandı. Mən istəmirəm indiki gəncliyin yazdıqları gələcəkdə maklatura fonduna getsin. Asif Ata bizim qarşımıza tələb qoyurdu: "Elə yaz ki, poza bilməsinlər. Elə yaz ki, daimi olsun!" Əsər daimiliyə hesablanmalıdır.
-Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına inteqrasiyası üçün hansı addımlar atılmalıdır?
- Dünya çapına çıxmaq üçün öz dünyanı yaratmalısan. Bənzəməməlisən, oxşamamalısan. Ədəbiyyat dəryadır, bu dəryada üzmək üçün yaxşı bacarığın olmalıdır. Çingiz Aytmatov qırğız həyatından yazırdı, xəlqi dəyərlər əsasında əsər qoydu otralığa. Biz əgər xalqımızın fitrətini lazımı qədər təsvir edə bilsək, ən azından İkinci Qarabağ zəfərinin gerçək və psixoloji tərəflərini ədəbiyyata gətirsək, inanıram, dünya bizi oxuyar. Məgər E.M.Remarkın "Qərb cəbhəsində yenilik yoxdur", E.Heminqueynin "Əcəl zəngi" romanlarını dünya oxumurmu? Oxunmasının səbəbi nədir? Remark dünya ədəbiyyatında ön cəbhəni təsvir edən ən uğurlu romanı yazıb. Eyni zamanda "Əcəl zəngi" partizan hərəkatından bəhs edən ən uğurlu hadisədir. Yaxşı əsər hadisədir, zaman öldürmək üçün oxunmur o. Mən bu dəqiqə Heminqueynin "Qoca və dəniz" povestini 3-cü dəfə oxuyuram. Təsvirlər o qədər canlı, aydın, yerindədir ki, adam oxuyanda özünü dənizin ortasında hiss edir. Bizim yazarlarda qəribə tendensiya yaranıb, ictimai arenada görürəm hər gün hardansa sertfikat almalarını nümayiş etdirirlər. Mükafat, diplom, ad almaq xəstəliyindən qurtulmaq lazımdır. Elə bilirlər orda-burda əyalət qəzetində yayımlanmaqla dünyəvi yazar olurlar. Dünyəvilik öz dünyanı dünyaya təqdim etməkdir. Beş günlük şöhrət kimə lazımdır? Yazarlarımız bu xəstəlikdən sağalmalıdırlar.
-Oxuduğunuz, mütaliə etdiyiniz yaşayan Azərbaycan yazarları kimlərdir?
-Ardıcıl oxuduğum yazıçı Vaqif Sultanlıdır, onun imzasını çox bəyənirəm. Saytlardan gənclərin hekayələrini oxuyuram, istedadlı yazarlar çoxdur. Sadəcə bir az tənbəldirlər.
Asif Ata deyir: "Yazarda üç cəhət birləşməlidir: cəngavərlik, filosofluq, fədakarlıq." Bu ölçüyə uyğun gələn yazarı görmürəm, hansındasa biri və ya ikisi çatışmır. Bunların heç biri bir yazıçıda olmayanda, onda olur itmiş istedad. Nəsrin fəlsəfi yükü olmalıdır, əgər bu olmasa, olur siyasət. Üzdən yazsan, siyasi xarakter daşıyır. Bir də bizim yazarlar dərk etməlidirlər ki, kitab məqsəd deyil, vasitədir. İdeyanı çatdırmaq üçün bir sənət nümunəsidir, kitab çap etdirmək məqsədə çevriləndə mahiyyətini itirir.
-Sizin fikrinizcə, Azərbaycançılıq ideologiyası necə inkişaf etməlidir?
-Öz dəyərlərimiz əsasında. Dünənimizdə nə varsa, hamısı bu gün öyrənilməli, təbliğ edilməli, sabaha ötürülməlidir. Yad ideologiyalar - bizə sırınmışlardan imtina etməliyik. Bizim uşaqlar "hörmüçək adam", "supermən" qəhrəmanları özlərinə ideal seçməməlidirlər, yurdumuzu qorumuş, milli kimliyimizi saxlayan qəhrəmanların obrazı ədəbiyyatda, cizgi filmində yer almalıdır ki, uşaqlarımız özümüzünkilərlə fəxr etməyi bacarsınlar.
Bizə təqdim edilən yad nə varsa, hamısı idrak və mənəviyyat ələyindən keçməlidir. İradə nümayiş etdirməliyik. Deyəcəksiniz, bu çətindir. Bəli, haqlısınız! Amma biz çətinçiyik. Vətən tarla kimidir, o gərək daim alaq otlarından təmizlənsin.
-Qloballaşma və milli kimlik arasındakı balans necə qorumalıdır?
-Qloballaşma birmillətli bəşər ifadəsini içində daşıyır. Biz bunu sovet ideologiyasında da görürdük. Bəşərin birmillətləşməsi, bənzərliyin itməsi bəşərin ölümüdür. Bəşər ona görə maraqlıdır ki, orda rəngarənglik var, bənzərsizlik var. Qloballaşma adı altında millətlər itir, dil itir, üstün mədəniyyət zəif mədəniyyəti inkişaf etdirmir, əksinə içində əridir. İmperialist qüvvələrin son tələsidir bu. Millətin kimliyinə yad nə varsa, o milləti içindən qurd kimi yeyib talayır. Adi gözlə bunu görmək olmur, amma zaman-zaman baş verir, bir də ayılıb görürsən, sən elə ingilis imişsən, özündən xəbərin yoxdur. Düşünün, kommunist ideologiyası altında rusçuluq təbliğ olunduğu kimi, indi də qloballaşma adı altında qərb və Amerikan ideologiyası təbliğ olunur. Yüz ilə qırmızı dəriləri qırıb Amerika yaradanlar, indi mədəniyyət adı altında amerikanizm yaradırlar. Adi göz bunu seçə bilmir, amma mahiyyətin gözü ilə baxanda anlamaq olur nə gedir.
Milli kimlik qloballaşdırma adı altında tapdanır. Millilik ilə qloballaşma arasında balans yaratmaq yox, mübarizə aparmaq lazımdır. Millət öz kimliyini qorumalıdır, ulularının yaratdığı dəyər saxlanılmalıdır. İndi millətləri qılınc gücünə yox, inanc, təhsil, mədəniyyət yolu ilə işğal edirlər.
-Bugünkü Azərbaycan gəncləri üçün ən böyük çağırışlar hansılardır?
-Bir çox televiziya kanalları vasitəsi ilə ailə instutunu öldürürlər. Braziliyanın, Amerikanın serialları ekranlarımıza yol alanda bizim gənclikdə belə bir fikir yarandı qərbdə camaat divan üstə oturub, evinə gəlir gəlir. Avropa ali təhsilində ciddi nizam var, güzəştsizlik var, bu təbliğ olunmadı. Avropa demokratiyası xaous kimi anlaşıldı, rahat həyat kimi başa düşüldü. Pərdə arxasındakılar təqdim edilmədi, üzdə olanlar göz qamaşdırdı.
Ciddiyyətin artmasını istərdim gənclər arasında, heç nəyə barmaqarası baxmasınlar. Geyimdən tutmuş davranışa qədər nə varsa hamısında ciddiyyətin olması önəmlidir. Qarabağ savaşında qərb mətbuatının gözləri bərəlmişdi — üçlük yazıb, kimliyimizi təhlil edirdilər. Ali Baş Komandan, ordu və xalq birliyi qələbə çaldı, deyirdilər. Dünyanın heç yanında bunu görə bilmirlər. Biz buyuq, bunu qabartmalıyıq və bu hal bütün sahələrimizdə üzə çıxmalıdır. Bu xalqın canında tənbəllik yoxdur, yetər ki, onu öz gücünə inandırasan.
Qloballaşma adı altında bizə sivilizasiya, mədəniyyət, inkişaf və tərəqqi təlqin edirlər. Özünəməxsusluq itir, səni özünə inamdan çəkindirirlər. Qərbin sivilizasiyanın canı momonizmdir, pulçuluq. Pulçuluğun qabardıldığı bir aləmdə sən hansı mənəviyyatdan danışa bilərsən?
-Naxçıvanla bağlı hər hansı elmi və ya ədəbi layihəniz varmı?
-Hal-hazırda Naxçıvam Dövlət Milli Dram Teatrının aktyoru Ələsgər Quliyev və gənc aktrisa Vəfa Qulamzadənin iştirakı ilə "Bir cüt göz" monotamaşam hazırlanır.
-Oxucularınız və izləyiciləriniz üçün hansı mesajı vermək istərdiniz?
-Bir yazıçı oxucusuna nə arzu edə bilər? Ciddi mütailəçi olsunlar, unutmasınlar ki, kitab oxuma dünyaya açılan böyük qapıdır, həm də fantaziyanı inkişaf etdirir, yeni ideyanın yaranmasına təkan verir. Əllərinə keçən hər şeyi oxuyub beyni qatma-qarışıq anbara çevirmək olmaz. Bədii zövqü cilalayan ədəbiyyat oxusunlar, təbii ki, özlərinin təsdiqini tapa biləcəkləri ədəbiyyatı izləsinlər.
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)