“Sadəcə ortamızda bir körpə qanayır…” – SÜMƏYYƏ XANMƏHƏMMƏDLİ Featured

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Süməyyə Xanməhəmmədinin şeirləritəqdim ediləcək.

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

1.

Bu mənəm

Əlində bir çamadan yolçuluq

Üz-gözü palçıqlı qaranlığa bulaşan!

Bu mənəm...

Gözlərimin dibinə qədər

Çalır pəltək bir yazını Şopen əllərim

Ucalır səssizliyim.

İstədiyim qədər dayanır

İstəmədiyim qədər yola düşür məndən öncə bu mən!..

Yaşadıqca ölür məndə bir şey

Otururam səsimin önündə

Duymur məni heç...

Çizir Pikasso əllərin

Saçlarımın buruq-buruq yollarını...

Dar-düdük bir geyim çəkirəm beynimin əyninə...

Makyajlanır kitablarımdakı qadınlar.

 

Üşüyürəm damı, divarı darıxmalarımı...

Bağrıma basdığım soyuq tavanları sanki

Yalnız düşüncələrimiz öpə biləcəklər bir-birlərini...

 

2.

Bir kürə fırladır başımı

Qara dəliklərin içinə!

Nəslimi kökləyirəm

Bir əsri oyandırıb

Paltosunu

Çəliyini götürüb

Gözlüyünü taxıram

Olmayan qızımın gəlincikləri ilə

İçimi çantaya töküb

Dünyanın bütün erkəkləri ilə qaçıram bu şəhərdən!

Məndən sonra

Olursa...

Sadəcə

Balaca bir devrim olur!..

 

3.

Və...

Gedir taksi

Gündüzü

Qırmızı çıraqdan sovuşur!

Boş bir qadın...

Tüstülədir şəhəri külqabı dibində!

Gecənin boğazından

Sallanır külək

Saçlarını

Uçurtma uçurdur!

Gedir taksi

Ağrıyır boylu bir kişini

Şüşələr dodağını əmir

Dəsmal çəkir gözlərinə

Fallarını heç zaman almadığı uşaqlar!

Yol gedir caddə

Saralır matikləri

Bir boş qadın

Kortaj olur insandan

Tikələnir gözləri

Önəmli deyil qanı

Pozitiv yoxsa neqativ!

Eşit ölçüdə

Bulunur dodaqları!

 

4.

Ləhləyir çərçivəmdə gözlərin

Çeynəyib uduram yolları

Qapanırıq

Sadəcə ortamızda bir körpə qanayır

Barmaqlarının üzülməsini görmədən!

Pozuruq oyuncaqlarının

Pozlu qadının!

Heç belə şaşırmadan!

Yuxularına qatırıq ölüm dadını

Geyinirik döyüş paltarlarına

Dördüncü dünya savaşında!

Heç belə vecimizə almadan

Qafamızı gəmiririk!

Qapımızdakı itin heykəli pozulur

Səni

Hər gün başqa bir dekorda tamsındığında

Söküb dağıdır bizi

Və səni düyünlədiyim buxçanı!

 

5.

Yolları başımdan asıram

Kimisə gövdəmi soruşur

Barmaqlarımın üzərində yeriyir.

Uşaqlarımı məndə doğan

Qarğanmış bir peyğəmbərlə

Yel küçələri özü ilə aparır

Sözcüklərimin dekorası pozulduğundan qar yağır...

Mən isə doqquz aylığının yanında

Sabah üçün şal ilə papaq toxuyuram.

Özümü taxçadan götürüb

Ən uşaqyana qadının əli ilə

Qarın bumu üstündə rəsimlənirəm

Oğlumun doğulması ilə su olan,

Küçənin başındakı qar adamı sayaq...

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.