“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Tehranda yaşayan Məryəm Səfəvidir.
Məryəm Səfəvi
Tehran
HƏYATIMIN PAZELİ
Hər şəkil bir tikəsidir insanın,
Pazel kimi kamilləşir hər saat.
İtirsə də bir tikəsin, bir anın,
Tam vaxtında tapacaqdır çox rahat.
Bir tikəsi, ağ çadrası başında,
Qucağında gəlincikli bir mələk.
Asfalt yola göz tikib o yaşında,
Gözləyir ki ana haçan gələcək?!
Pəncərədən boylandıqda həyətə,
Özü gördü, öz gözüylə quşları!
Quşlar gəldi, o dalaraq heyrətə -
Gözlərindən axırdı gözyaşları!
Quşlar gəlsə, küsüb gedən anası,
Mütləq gəlib baş vuracaq qızına.
Olar məgər o məhəbbət sonası
Qayıtmasın baharına, yazına?!
Bir tikəsi atasının qəzəli,
Unudanmaz heç ömrünün boyunca!
Atasının ahugözlü gözəli,
Oxuyaraq ağlamışdır doyunca!
O qəzəli saxlayır o, hələ də,
Pazelinin bir tikəsi olaraq.
Bəlkə onu öz qızına verə də -
Bəlkə də heç verilməzdir o varaq!
Bir tikəsi Ərdəbildən Təbrizə,
Gəlin gəlir bəzədilmiş maşında.
Bir tikəsi xoşbəxtliklə üz-üzə,
Ana olur ömrünün gənc yaşında.
Bir tikəsi sevinc dolu saatlar,
Bir tikəsi qəmə batmış dəyqələr!
Bir tikəsi ürəyini rahatlar,
Bir tikəsi nə çəkdiyin kim bilər?!
Hər şəkil bir tikəsidir insanın,
Pazel kimi kamilləşir hər saat.
İtirsə də bir tikəsin, bir anın,
Tam vaxtında tapacaqdır çox rahat.
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)