Sözün yaratdığı gözəllik və qüdrət – ƏDƏBİ TƏNQİD Featured

Elxas Comərd, AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü. “Ədəbiyyat və incəsənət” üçün

 

Sözün yaratdığı gözəllik və qüdrət... - şair Təranə Dəmir yaradıcılığında  bunu yaşamağa  dəyər...

 

Sosial mediada bir çox yaradıcı dostlar var ki, onların şeirlərin hər dəfə  oxuyanda, düşüncəmə hansısa  məntiqli  bir söz və yaxud da hansısa   oxuduğum bir aforizim hakim kəsilir. Çox zaman fikrimi başqa şeylərlə məşğul  etmək  istəsəm də, o hissin təsirindən çıxa bilmirəm. Bu hal bir neçə dəfə təkrarlandığından o şairin yaradıcılığına istinad etmək  məcburiyyətində qalıram. Çünki, təsirinə düşdüyüm həmin şairin  şeirlərinin  mənə yaşatdığı  gözəlliyi,  heç,  təbiətin  gözəlliyindən  belə  alıb  əvəzləyə  bilmirəm...

Artıq  neçənci  dəfədir ki, gözəl yaradıcılığı ilə  məni  tilsimləyən  şairimiz Təranə Dəmir imzasıyla yaradıcılığın paylaşan dəyərli  şairimizin  şeirlərin oxuyanda, istər-istəməz yaddaşıma, – "gözəl söz" və "sözün qüdrəti" kimi  fikirlər,  düşüncəmə  sarmaşıq kimi sarılıb  qalır. Doğrudan da, onun şeirləri haqqında  fikir söyləməyin özü də, insanda tərəddüd dolu bir məsuliyyət  yaradır. Amma qəlbimdə sakitlik  yaratmaq üçün, bəzən məcburiyyət qarşısında qalanda, fikirlərimi, düşüncəmə  toxumağa  cəhd  edirəm. Bu dəfə də belə oldu. Dəfələrlə gözəl şeirləri ilə oxucu kimi  məni  valeh edən, ruhuma  məlhəm kimi yayılan sözlər, bu niyətimdə dəstəkçim olduğuna əmin  oldum...

Azərbaycanımızın  böyük  şair  və mütəfəkkiri  Məhəmməd  Füzulinin  söz haqqında söylədiyi bu beyt Təranə Dəmir şeirlərin oxuyanda  düşüncəmə  hakim  kəsildi.

 

Mən gözəl bir süfrə açdım sözdən

                                     əhli-aləmə,

Onda min zövq artıran  hər dürlü

                             nemət düzmüşəm.

Kim gəlir-gəlsin, aparsın hər nə istər

                                              xatiri,

Qurtaran nemət deyil, süfrəmdən

                  olmaz heç nə kəm!

 

Bəli, şair Təranə Dəmir yaradıcılığın izlədikcə onun da sözdən  böyük bir süfrə açdığının   şahidi  oluram. O süfrədə söz gözəlliyi, söz qüdrəti, Təranə Dəmir  yaradıcılığın əsas  qayəsini  özündə  büruzə verir.

Çünki, elə böyük  mütəfəkkir Məhəmməd Füzuli  demiş:

 

Söz mənadan aslıdır, məna sözdən

                                       hər zaman,

Bir-birindən aslıdı, necə ki,

                                   cisim  ilə can.

 

Böyük  mütəfəkkirin  dediyi, "sözün mənadan, mənanın sözdən" asılılığı, Təranə Dəmir yaradıcılığında  elə  gözəl nizamlanır ki, bunu görmədən  keçib getməkdə  heç  doğru  olmazdı.

Onun, ruh oxşayan istənilən şeirinə  istinad etmək olar:

 

...İndi  adamlar yox,yollar darıxır,

Ağaclar, çiçəklər, yarpaqlar,  tikanlar, kollar darıxır.

İndi həsrət əsir  zamanın başı üstə,

Ayrılıqlar  uzanıb gedir  liman-liman, qatar-qatar..

Daş ömrü  yaşayır  bütün dünya...

 

Bundan gözəl söz, məna bağlılığını necə təsəvvür etmək olar?..

 

İndi adamlar yox, yollar darıxır adam üçün...

Ağaclar, çiçəklər, yarpaqlar, tikanlar, hətta kollar da darıxır...

Zamanın  başı üstündə həsrət əsir. Ayrılıqlar  uzanır qatar-qatar  gedir.  İndi daş ömrü yaşayır  bütün dünya.

Çünki...,

 

Hara baxırsan  daşdı.

Ürəklər daş, küçələr daş,

Binalar daş  hasarlar daş.

Başına daş yağır,

Yoluna daş çıxır, üzünə daş baxır.

İndi adamlar  yox, xəyallar  darıxır,

 

Hər şey  daşlaşmış bir dövürdə yalnız  xəyallarında  qalan...,

İçində məhəbbət, saçında   sığal,  ruhunda bahar.

 

da  darıxır. Çünki,

 

Hərdənbir   naguman  sevdalar doğulur,

Boğazında  ip, baxışında tərəddüd, qolunda  qandal.

Üzü qışa gedir bütün arzular,

Başında qovğa, dilində külək,

Gözündə yağış,əynində sazaq.

İndi  adamlar  yox, kitablar  darıxır,

Arasında  yalın-yalavac  misralar,

Nöqtələr, nidalar,suallar...

 

Şairin digər şeirlərində də, ahəngdarlıq, rəngarənglik, sözün mənaya, mənanın sözə bağlılığı hər bir misrasında  özünü büruzə verir. Məsələn:

 

Həqiqəti   gəzə- gəzə

Dolanmışıq  sərhəd-sərhəd.

Baxıb  görmüşük  haqq hanı,

O yan zülmət, bu yan zülmət.

 

Bir şair qəlbinin harayıdır ki, onun narazılığının  qəlbindən süzüb gəldiyi kimi poetik  cizgilərlə görünməkdədir. Bizə görünən haqqın zülmət içində olması, bir vətəndaş ürəyinin  sızıltısıdır.

 

Bizi kənd-kənd , şəhər-şəhər

Küsdürüblər özümüzdən.

Bir azca sevgimiz  vardı,

O da   düşüb  gözümüzdən.

 

Bəli, ümüd verən bir az sevgimiz vardı ki, "O da   düşüb  gözümüzdən" deyir,  gözəl şairimiz.

 

Üzümüzə gülə-gülə

Boynumuza çıxana bax.

Pambıq ilə baş  kəsənə,

Evimizi  yıxana bax.

 

Bu haqsız dünyanın eybəcərliyini, bu cür poetik çalarlarla cilallamaq şairin söz zənginliyini göstərir.

Dünya şöhrətli, Fransanın  romantik şair və yazıçısı Viktor Hüqo  deyir ki,  "Gözəl ifadələr gözəl fikri bəzəyir və qoruyub saxlayır".

Eynən gözəl şairimiz Təranə Dəmirin  şeirlərində  olduğu kimi.

 

Yer  günahsa,  Göy günahsa

Bəs hardadı  bu haqq, Allah?

Şeytana   gücün çatmırsa,

Başımızı  burax, Allah.

 

Bəli, şairin bir qəlb üsyanı kimi,

 

"Şeytana   gücün çatmırsa,

Başımızı  burax, Allah".

 

Çağdaş Azərbaycan Ədəbiyyatının böyük potensiala malik şairi  olan  Təranə Dəmir yaradıcılığı boyu, hər bir  şeirində sözün  gözəlliyin  və qüdrətin  qoruyub  saxlaya bilir.

Böyük mütəfəkkir Cəlil  Məmmədquluzadə deyir ki, – "Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal mülk tələf olur gedir, amma söz qalır".

Şairin  digər bir şeirinə  nəzər  salsaq, görərik ki, söz elə gözəl, lokanik dediyindən, fikir əzəməti özün biruzə  verib.

 

Bu qız  bu oğlandan küsüb deyəsən,                           

Başını  qaldırıb  üzünə baxmır.

İstəyir çevrilib  yanından gedə ,

Onda da  ayağı  sözünə baxmır.

 

Və yaxudda  bir başqa  şeirində...,

Hamımızın Səhər-axşam gedib, gəldiyimiz  yolun yol olma  qismətini elə incəliklə verib ki, elə bil ki, bir canlının tablosunu yaradır.

 

Bu yol  neçə qışdan, bahardan keçib,

O dərədən  keçib, bu  yaldan  keçib,

Neçə ayrılıqdan, vüsaldan keçib,

Nələrdən keçməyib yol olanacan?

 

Vurub dağa, daşa   özünü  gəzib,

Çəkib Yerin, Göyün  nazını, gəzib,

Heç vaxt  qatlamayıb  dizini,  gəzib,

Dolanıb özünə sarılanacan.

 

Uzana-uzana  incəlib bu yol,

Döyülə-döyülə  dirçəlib bu yol,

Elə  ayaq üstə dincəlib  bu yol,

Yüyürüb nəfəsi daralanacan.

 

Belində nə qədər yükü var, Allah, 

Günahı, əzabı, görkü  var,  Allah,

Bu   yol  ağrı  çəkib o ki var, Allah

Özünə yol tapıb, yol alanacan.

                                        

Təranə Dəmir yaradıcılığının hər bir şeirində bu mükəmməllik, gözəllik, inanıram ki, istənilən oxucunu özünə çəkib, onu aslı vəziyyətə  salar. Onun istənilən şeirinə  istinadımda  söz gözəlliyini və söz qüdrətini  gördüyümdən  daha bir şeirinə  müraciət edərək, gözəl şairimiz  haqqında düşüncələrimi, böyük çətinliklə də  olsa  yekunlaşdırmağı  qərarlaşdırdım. Çünki, o tilsim düşüncə, ondan ayrılmaq da  çətindir...

 

Sönüb odum, ocağım,

Külümdən  yapışmışam.

Buraxsam yıxılacam,

Ölümdən  yapışmışam.

 

Asılmışam vaxta  mən,

Qısılmışam  baxta  mən,

Nə tapmışam  yoxda  mən,

Zülümdən yapışmışam.

 

Dilimi "döz" aparır,

Ya səhv, ya düz, aparır,

İçimi söz aparır,

Çölümdən yapışmışam.

 

Kim göndərib bu dərdi?

Dərddi, yoxsa  qədərdi?

Bu nə gözəl kədərdi,

Əlindən yapışmışam.

 

Azərbaycan Ədəbiyyatının görkəmli şairlərindən biri olan Süleyman  Rüstəm  deyir ki, "Sanıram ki, yer üzünə işıq salan ulduzlar, köçüb getmiş  dühaların  qocalmayan sözüdür".

İnanıram ki, şair  Təranə Dəmir yaradıcılığında  deyilmiş  sözlərin hər biri, çağdaş  şerimizin qocalmayan sözlərindən  olacaq, daimi  ulduzlar kimi öz  parlaqlığını  qoruyub  saxlayacaq.

Şair Təranə Dəmir yaradıcılığına baxışımda Məhəmməd Füzulidən sitatlarla  başladığım kimi, sözümü də, elə böyük mütəfəkkirin  fikirləri  ilə bitirmək istəyirəm:

 

"Ey könül!  Söz xəzinəsini açsan,

Dinləyən şəxsi gözlə yormayasan!

Bəs  edər  bu  verdiyin  inci  gövhər,

İnci də çox olanda  dəyəri  itər".

 

Ancaq bir həqiqəti bilirəm ki, Təranə Dəmir  yaradıcılığı  heç kimi  yormaz və işlətdiyi  gövhər  sözlər də  dəyərdən  düşməz...

Böyük səmimiyyətlə şairimizə yaradıcılıq uğurları ilə bərabər  can sağlığı və uzun ömür diləyirəm.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.