“Sən Allah, üzünü qibləyə çevir..." - Rəşid Faxralının ŞEİRİ Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Rəşid Faxralının  şeiri təqdim edilir. 

 

Rəşid Faxralının 

yaşı neçədi?

 

 

Sən Allah, üzünü qibləyə çevir,

Qibləni tanıdın özündən qabaq.

Sözün işığında zikr eləyənlər,

Sözün qüdrətinə şükr eləyənlər

Sizi göy üzünə boylanan görüb

Dedilər: Dünyanı söz duruldacaq...

 

Rəşid Faxralı da illər yoraraq

Yaxşını yamandan seçib gəlibdi,

Dolaşıq yollardan keçib gəlibdi,

Cümləsi, misrası düşməyib düyün.

Sözün rəncbəritək illər uzunu

Söz əkib-becərib duyanlar üçün.

 

Dünya dəyişmişdi...

Şimşək çaxırdı

onun da ruhunun başının üstə.

Bağanıs Ayrımda,

Malıbəylidə,

Ağdabanda,

Meşəlidə,

Qaradağlıda,

Xocalıda yaşanılan dərd

Neçə yaş gətirdi onda, o vaxtlar

Rəşid Faxralının yaşının üstə.

 

Şəhid anasına oğul olanlar,

Şəhid balasına nağıl olanlar,

Dərdi dərdə salıb ahıl olanlar

ocaq əsgəriydi, köz əsgəriydi.

Rəşid də onda

Qorqud Dədənin

Ruhunu yaşadan söz əsgəriydi...

 

Dedi: "Müharibə nə vaxt qurtarar?"

Yol gördü "Səngərdən əbədiyyətə"

Qələmi sözünə buyruqçu oldu,

Qıymadı torpağa düşən iz itə.

 

Fikir haləsidi sözün işığı;

Sözün işığında tanıyıb hamı

sözün qüdrətindən güc alan kəsi.

Səni də, məni də sirdaş elədi,

Əsgər nəfəsinə "Əsgər nəfəsi"

 

Adaş doğulubdu dərd anlayana,

Qəhər kürəsidi bağrının başı.

Ömrü şəhidlərin daş lövhəsidi,

Yaşı şəhidlərin yaş ölçüsüdü,

Görün nə qədərdi Rəşidin yaşı...

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.