Bir görkəmli şair və esseist barədə düşüncələrim... Featured

İlqar İsmayılzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, ”Ədəbiyyat və incəsənət” üçün

 

 

 

 

(Görkəmli şair, tərcüməçi və essesit Səlim Babullaoğluna ithaf olunur!)

 

Bu təqdimat yazısında Odlar Yurdu Azərbaycanın tanınmış və görkəmli ziyalılarından olan şair, tərcüməçi, esseist, müstəqillik illərində Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi hörmətli Səlim Babullaoğlu barədə düşüncələrimi qələmə almaq və onu sizlərlə bölüşmək istərdim. Amma ilk öncə...

 

Qısa təqdimat:

Səlim Babullaoğlu: 1972-ci il dekabrın 10-da keçmiş Əli-Bayramlı (indiki Şirvan) şəhərində bir ziyalı ailəsində dünyaya göz açıb. O, doğma diyarımız Cəlilabad ədəbi mühitinin tanınmış simalarından olan şair, görkəmli ziyalı, ictimai xadim, dövlət məmuru və vətənpərvər insan mərhum Babulla Səlimovun (1945-2003) oğludur.

1979-1989-cu illər ərzində Əli-Bayramlı şəhərində orta məktəbi bitirdikdən sonra 1990-1995-ci illər ərzində Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin (indiki BDU) kitabxanaçılıq fakültəsində ali təhsil alıb. İlk mətbu şeirləri və məqalələri orta təhsil aldığı illərdə Əli-Bayramlı şəhərinin "İşıq" və "Mayak" qəzetlərində dərc olunub. Universitetdə ali təhsil aldığı illərdən etibarən müxtəlif qəzetlərlə əməkdaşlıq edib. Şeirləri və tərcümələri dövri ədəbi mətbuatda çap olunub.

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Xəzər" redaksiyasında (1997-2000) müxbir və redaktor kimi çalışıb, "Yaddaş" proqramının aparıcısı, "Üz-üzə" proqramının redaktoru olub. "Yeni Azərbaycan" qəzetinin rus dilində nəşr olunan "Сегодня" əlavəsinin məsul redaktoru (2003), "ATV Kitab" seriyasının redaktoru, "Kitabçı" jurnalının baş redaktoru (2013-2016) olub.

XX əsrin 90-cı illərinin ortalarından etibarən ədəbiyyatla peşəkar məşğul olmağa başlayıb. Şeirləri, müsahibə və məqalələri 20-dən artıq dilə dərc edilib, Türkiyə, Almaniya, Ukrayna, Polşa, Gürcüstan, Rumıniya, Macarıstan, İran və Serbiya kimi ölkələrdə isə kitabları nəşr olunub.

Səlim Babullaoğlu 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Birliyin İdarə heyətinin üzvüdür. 2004-2014-cü illər ərzində AYB nəzdində qurucusu olduğu "Dünya ədəbiyyatı" dərgisinin, "DƏB" (Dünya Ədəbiyyatından Books) və "Yeni DƏB" kitab seriyasının baş redaktoru, 2014-2021-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, 2021-ci ildən indiyədək AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, birliyin Qəbul Komissiyasının sədridir.

Türkiyə Ədəbiyyat Vəqfi Azərbaycan təmsilçisi, TÜRKSOY Yazarlar Birliyinin vitse-prezidenti, Dünya Şairlər Hərəkatının (Movimiento Poetas del Mundo) Azərbaycandakı Fəxri səfiridir. 2008–2010-cu illər ərzində GUAM ölkələri yazıçılarının könüllü PenGUAM təşkilatının sədri olub, Qırğızısan Yazıçılar Birliyinin fəxri üzvü, 2006-cı ildən bəri Bişkek PEN Mərkəzinin üzvüdür. 2008-ci ildə Prezident təqaüdçüsü, Beynəlxalq Leopold Sedar Senghor Beynəlxalq Akademiyasının həqiqi üzvüdür.

"DƏB", "Yeni DƏB", "ATV Kitab", "525 kitab" seriyalarının yaradıcısı, "Xalq əmanəti" (Xalq Bank) seriyasının redaktoru olub. Həmçinin, 200-dən artıq kitabın tərtibçisi, redaktoru, tərcüməçisi və naşiridir.

Səlim Babullaoğlu indiyədək bir çox (35-ə yaxın) milli və əcnəbi ədəbiyyat ödüllərinə layiq görülüb.

İndiyədək Azərbaycan dilində 8 şeir kitabı, esse, publisistika və ədəbiyyatşünaslıq sahəsində 8 kitabı, digər xarici dillərdə 14 kitabı və 31 tərcümə əsəri işıq üzü görmüşdür. 2006-2021-ci illər ərzində ssenari müəllifi olduğu 4 sənədli film, həmçinin, 2000-2002-ci illər ərzində redaktoru olduğu daha 3 film çəkilmişdir...

 

Məlumat üçün qeyd etmək lazımdır ki, Səlim Babullaoğlunun ədəbiyyat sahəsində layiq görüldüyü ödüllər, eləcə də, indiyədək yazıb-yaratdığı kitablar, tərcümə əsərləri və eləcə də, ədəbiyyat və incəsənət sahəsində gördüyü digər işlərin həcmi böyük olduğundan onların hər biri barədə ayrıca və geniş bir təqdimat məqaləsinin yazılmasına ehtiyac duyulur...

 

Subyektiv baxışlarım:

Səlim Babullaoğlu adı mənə illər öncə tanış olan bir addır. Azərbaycan ədəbi mühiti barədə istər müxtəlif telekanal və internet portalları, istərsə də, müxtəlif kitab və mətbu orqanlarda "Səlim Babullaoğlu" adı və imzasına tez-tez rast gəlirdim.

Doğrusu heç özümdən asılı olmadan bu adda mənim diqqətimi özünə cəlb edən nələrisə hiss edir, onun daha doğma və yaxın bir insan olduğunu düşünürdüm. Barəsində ilk öncə internet, daha sonra doğma Cəlilabad ədəbi mühitinin nümayəndələri vasitəsilə araşdırma aparmağa qərar verdim və o hissimdə yanılmadığıma əmin oldum. Çünki onun əslən doğma Cəlilabadın Alar kəndindən olan və daha sonra işi ilə əlaqədar keçmiş Əli-Bayramlı (indiki Şirvan) şəhərinə köçən tanınmış şair, ziyalı, dövlət məmuru və Cəlilabad ədəbi mühitinin parlaq simalarından olan mərhum Babulla Səlimovun oğlu olduğunu həm araşdırmalar zamanı, həm də, Cəlilabad ədəbi mühitinin tanınmış ziyalı simalarından olan şair Əfrahim Hüseynlidən ilk dəfə olaraq eşitdim. Beləliklə də, o, Şirvanda dünyaya göz açsa da, əslində həm də Azərbaycanımızın Muğan diyarından və Cəlilabaddan sayılır.

Səlim müəllimin həyat bioqrafiyasına baxdıqda isə onun sözün həqiqi mənasında Odlar Yurdu Azərbaycanın həm ölkə daxili, həm də beynəlxalq səviyyədə xüsusi şöhrətə malik olan bir görkəmli şairi, tərcüməçisi və esseisti olduğunu təsbit etdim.

O, eyni halda müstəqillik illərində Azərbaycan şeirinin öncüllərindən və çağdaş Azərbaycan ədəbiyyatında öz parlaq imzası ilə tanınan şairlərdən biri olaraq həm də, öz ziyalılığı və kübarlığı ilə Azərbaycan ədəbi mühitində xüsusi çəkiyə və hörmətə layiq bir şəxsiyyətdir. O, çağdaş Azərbaycan ədəbiyyatının dəyərli nümayəndəsidir. Heç şübhəsiz, onun Azərbaycan ədəbi və poeziya mühitindəki varlığı özəl və əvəzolunmazdır. Bədii, həmçinin tərcümə əsərləri isə Azərbaycan ədəbiyyatı və poeziyasına böyük xidmət sayılır.

Səlim müəllimin bu gün 53 yaşı olsa da, gənclik ruhuna və görkəminə malik olan, eyni halda gənc yazar və şairlərə böyük və səmimi qardaş, həmçinin, bəzilərinə mənəvi ata kimi dəstək olan ləyaqətli bir insandır. Əslində həyatda şair, yazıçı, ədib, dramaturq, alim və s. bu kimi titulları daşımaq gözəl olsa da, hər şeydən gözəl olanı insanın insanlığı, mədəniyyəti və kübar şəxsiyyət olmasıdır. Sözün həqiqi mənasında Səlim müəllim bacarıqlı bir şair, ədib və tərcüməçi olmaqda yanaşı, həm də ziyalı və kübar şəxsiyyətdir. Məhz buna görə, onun fəxr etmək və fəxarət hissi duymaq mümkündür.

Ulu Tanrıdan ölkəmizin belə bir dəyərli və qiymətli ziyalı şairi və qələm əhlinə uzun, sağlam və mənalı-məsud həyat, ailə xoşbəxtliyi və yaradıcılıq sahəsində yeni-yeni uğurlar və daha uca zirvələr diləyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.