“Ədəbiyyat və incəsənət” portalının Cümə görüşlərində bu dəfə şeir təqdimatıdır, sizlərə Fərqanə Səfərlinin şeirləri təqdim ediləcək.
Bu gün təqvimdə Sevgililər Günüdür. Bu şeirləri də sevənlərə bir ərməğan kimi yönləndiririk.
Fərqanə Səfərlinin şeirləri yeni nəslin yeni poeziyasıdır. Burda ənənəvi olmayan qafiyələr, cəsarətli mövzu, qəfil gedişlər, inanılmaz kulminasiya – bir sözlə, tam yenilikçi bir poetizm nəzərə çarpır.
DÜNYANIN DÜZ VAXTINA
Mən elə bildim böyüyüb
Yetir insan öz baxtına.
Demə, əyri yol gedirmiş
Dünyanın lap düz vaxtına.
Yəhər yüklü ağrıları ,
Dartır köhlən sağrıları,
Qaçır alma oğruları
Həvvanın ta qız vaxtına.
Yorğun idi dar ağacı,
Ölüm də baxdı qıyğacı,
Laylaların ən qısqancı
Dönük çıxdı saz vaxtına.
Kəpənək doğuşdan bəri,
Bir ipəkdi, bir də dəri,
Qışın oğlan həndəvəri
Çəkdi yolun yaz vaxtına.
SEVGİ VALSI
Gəl, rəqs edək səninlə,
Mələklər savab yazsın
Çiynimizdə ritmlə...
Gəl, üzümüz ölümə
Dözək hər bir zülmə.
Zaman şərə qarışsın,
Gecənin işıqları
Gözümüzdən alışsın...
Tərləsin əllərimiz
Valsın şən notlarında.
Büdrəsin ayağımız
Zər qırçınlı donumda.
Cismim ağırlıq etsin,
Sol qoluna əksimi -
Oynayaq sənin ilə
Ölümsüzlük rəqsini.
SƏNSİZLİYİN SOL TƏRƏFİ
Sol yaxamda sancağım
Paslanıb sənsizlikdən.
Yuxuya vermə məni,
Yuxuma da girmirsən.
Bəsləyib göyərçini
Pəncərəmə qoymuşam.
Sülhün qara üzüylə
Didərgin məktubları
Yem qabına salmışam.
Qisas anın gözlədi
Ümidli ayaqlarım.
Bu yolda iz tanıdım:
Gördüm şeytan gor qazır,
Mələklər tapdalayır.
Hönkürtümü eşitmir
Dekabrın gəlişi.
İlin canı burnunda:
Dönən çoxdan dönərdi,
Vidalaşıb qəlb işin.
Nəfəsində günahın,
Çiynində də andlarım.
Yorulanda de bilim:
Belə necə uçursan,
Daşdandı qanadların?
QƏFİL GƏLƏN QAFİL
Qəfil dedik taleyin daş-kəsəkli yoluna -
Qəfil yıxar,
Qəfil əzər,
Qəfil dizi qanadar.
Qəfil yolda it ulayar,
Cırtdanımız div tapar...
Çağrılmamış qonaq kimi
Oturub süfrə başında
Bir tikə çörək kəsmək
Qəfilliyə yaraşmır...
Qəfil gələn qasırğadı,
Qəfil gələn səbirdi.
Qəfil gələn aqil deyil,
Qəfil gələn qafildi...
Bir ağıllı fikirləşər,
Qafil vurub çay keçər -
Suda batmaz,
Odda yanmaz:
Qəfil yerdə özünə
Bir nəfərlik yer seçər.
QALANLARIN QİBLƏSİ
Tərs hiylənin yaddaşına
Düz yol çəkdim körpülərdən.
Həqiqətlər gün saymadı,
Təqvimdəki son qəmərdən.
Asta -asta yel oynadı
Dəyirmanı dərd götürdü.
Buğda sözün geri çəkdi,
Acanlar şansın itirdi.
Güzar ustalaşıb keçdi
Xəyalların kəm ucundan.
Eşq birtəhər yolun seçdi
Tünd badənin dəm ucundan.
Günah quduzlaşıb qaçdı,
Xəyanətin kəndirindən.
Yol yolağa "çiçək tökdü"
Yaltaqlığın ənbərindən .
Sonra...kaman zilə çıxdı
Do, re, mi-nin cərgəsindən.
Ölənlərə hava tutdu,
Qalanların qibləsindən .
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)