FƏRQLİ POEZİYAda Ramiz Qusarçaylının “Həngamə”si Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

İstəkli oxucularım, Fərqli poeziya rubrikasındayıq. 

Günümüzdə siyasi poeziya niyə yaranmır? Şairlər niyə qlobal mövzulara müraciət etmirlər? Müzakirə mövzumuzdur. 

 

Hamıda eyni sevgi-məhəbbət, təbiətdən ilhamlanmaq, bir də dəbə düşüb bəsit və şablon vətənpərvərlik görüntüsü yaratmaq…

Bu gün bu taftalogiyadan kənarda olan ustad şairimiz Ramiz Qusarçaylının siyasi lirikasına müraciət edəcəyik. Onun  “Həngamə” şeirini sizlərin ixtiyarına veririk. Şeir 2021-ci ildə yazılıb.

 

 

Heç kəs gözləmirdi bu həngaməni,

Heç kəsin ağlına gəlmirdi, heç nə.

Kim yazıb süslədi bu şər naməni,-

Bəşərin özü də bilmirdi...

heç nə.

 

Bu boyda dünyada bilən yoxuydu,

Nələr qeyb olacaq,

nələr qalacaq.

Göylər Allah-Allah uzaqlaşacaq,

Yerlər günah-günah mələr qalacaq.

 

Xəstə Asiyanı,

ac Afrikanı

Qısır Avropaya yedirəcəklər.

Müftəxor, dələduz Amerikanı

BMT qarışıq, NATO qarışıq

Elə öz içindən bitirəcəklər.

 

Döyüş sınaqları, hərb sınaqları,

Çin xəstəlikləri, həb sınaqları,

Ərzi gülə-gülə yatıracaqlar,

Oxşaya-oxşaya batıracaqlar.

 

Yağacaq göylərdən dron yağışı,

Sifariş yağışı, bron yağışı,

Sıradan çıxacaq tısbağa tanklar,

Baş-başa öləcək bankrot banklar.

 

Dünya təmizlərdən təmizlənəcək,

Canilər, qatillər əzizlənəcək,

Güclər bir-birini əvəzləyəcək,

Giclər bir-birini əvəzləyəcək,

Biclər bir-birini əvəzləyəcək,

Rəngi dəyişəcək xəritələrin,

Qaralar ağarıb boza dönəcək.

Dünyada arxalı əhatələrin

Arxası ovulub toza dönəcək.

 

Şahların taxtları bir taxt olacaq,

Vaxt hər bir ölkədə bir vaxt olacaq,

Fəsillər dörd dəfə dəyişməyəcək,

Adamlar yem üstə döyüşməyəcək.

 

Yeni yoxlamalar, yeni təftişlər,

Yeni təhlükələr, yeni təşvişlər,

Yenidən ələnib arınacaqlar,

Yeni ittifaqlar yaranacaqlar.

 

Çoban otaracaq əl qoyunları,

Bu da adamlığın qoyun çağları.

Düşüb əllərindən çiliklənəcək

Rusların erməni oyuncaqları.

 

Silahlar çürüyüb yem olacaqlar,

Çölün böcəyinə, həşəratına.

Çal-çayır ölkələr üzv olacaqlar,

Yabanı millətlər təşkilatına.

 

Ölülər məzara hallı gedəcək,

Qəbirlər uçunub yallı gedəcək,

İzi qalmayacaq məzarlıqların,

Heykəllər uçacaq,

büstlər uçacaq.

Qəbir daşlarının qanadlarında

“Təbib”lər uçacaq,

“ÜST”lər uçacaq.

 

Yeni xəstəliklər, yeni azarlar,

Ölə bilməyənlər əfv olmayacaq.

Açacaq ağzını köhnə məzarlar,-

Münafiq mollalar dəfn olmayacaq.

 

Qoşulub çaylara dağlar axacaq,

Dənizlər sulardan uzaq öləcək.

Analar bətnindən qoca doğacaq,

Qocalar böyüyüb uşaq öləcək.

 

Göylər səngər-səngər lağımlanacaq,

Yerlər buğum-buğum buğumlanacaq,

Bulud lillənəcək,

su qumlanacaq,

Günəşi şumlayıb xışlayacaqlar,

Günəşin üzünə qar əkiləcək.

Bəşərin sellənən göz yaşlarından

Yerdən buludlara su çəkiləcək.

 

Buzlaqlar əriyib od olacaqlar,

Üstünü örtəcək tüstü yamyaşıl.

Duzlaqlar göyərib ot olacaqlar,

Bataqlıq içində...

üstü yamyaşıl.

 

Marsda su gəzənlər, həyat gəzənlər

Bir virus əlində aciz qalacaq.

Ucuz satılanlar bahalaşacaq,

Baha satılanlar ucuz qalacaq.

 

Qadınlar robota aşiq olacaq,

Qadınlar robota ərə gedəcək.

Evə dönməyəcək kişilər daha

Kişilər qadınsız yerə gedəcək.

 

Gecə baxmayacaq Ay pəncərədən,

Pəncərə işığa Aydan baxacaq.

Səhərlər daşlanan Göy pəncərədən

Nazlana-nazlana şeytan baxacaq.

 

Sonda “Miss Cəhənnəm”, ”Mister Cəhənnəm”,-

Gözəllik yarışı,münsif dəstəsi,

Gözəl şeytanların müsabiqəsi...

 

Gözəl şeytanların ən gözəlini,

Gözəllik qalibi seçəcək bəşər.

Şeytan əlləriylə çəkib başına

Dərdini bal kimi içəcək bəşər...

...Heç kəs gözləmirdi bu həngaməni.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.