“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Tribuna saatıdır, sizlərə Mobil Aslanlı Huntürk M.T.Sidqi barədə danışacaq.
TRİBUNA
Mobil ASLANLI HUNTÜRK
M.T.SİDQİNİN PEDAQOJİ, ƏDƏBİ-PEDAQOJİ GÖRÜŞLƏRİNDƏ SAĞLAM HƏYAT TƏRZİ PROBLEMLƏRİ
Azərbaycan ictimai-pedaqoji fikir tarixində istedadlı şair və publisist, filosof, böyük maarifçi olan Məhəmməd Tağı Sidqi görkəmli bir pedaqoq kimi mədəniyyət hamisi olaraq özünə möhtəşəm bir mənəvi abidə ucaltmışdır.
Vaxtilə Azərbaycanın Qarabağ, Şirvan, Bakı, Lənkəran və başqa bölgələrində olduğu kimi, Naxçıvanda da yaranan “Əncümənü-şüəra” adlı ədəbi məclisin təşkilatçısı və fəal iştirakçılarından olan M.T.Sidqinin xalqımızın ədəbi-mədəni həyatına misilsiz töhfələr bəxş edən bir ziyalı kimi xidmətləri danılmazdır.
Pedaqoji elmimizin ilk qaranquşlarından olan M.T.Sidqi öz maarifçilik fəaliyyətində məşhur rus pedaqoqunun mütərəqqi fikirlərini dəstəkləmişdir. Bir sözlə, o, bütün pedaqoji görüşlərində K.D.Uşinskinin təliminin tərəfdarı olmuşdur.
Klassik Şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənən, damla-damla bəşər elmlərini hafizəsinə həkk edən Sidqi qədərsiz mütaliə sayəsində dövrünün dərin elmi dünyagörüşünə malik, ensiklopedik bilikli bir ziyalısı kimi maarifçiliklə ciddi məşğul olur. O, pedaqoji fəaliyyətin Ordubad şəhərində “Əxtər” məktəbində başlamış və Naxçıvanda 1884-cü ildə “Poeziya”, “Qız məktəbi” kimi milli məktəblərin əsasını qoymaqla olduqca şərəfli işlər görmüşdür.
Gərgin ədəbi, elmi, pedaqoji fəaliyyətlə məşğul olan M.T.Sidqi öz müəllimlik işində çox sanballı dərsliklər yazmağa başlayır. Açdığı məktəblərdə şagirdlərin elmi-praktiki fəaliyyətini dərindən izləyən, çoxsaylı pedaqoji eksperimentlər, müşahidələr, sınaq-yoxlama işləri aparan Sidqi Azərbaycanda ilk dəfə olaraq “Pedaqogika” dərsliyini yazır. O habelə maarif və məktəbşünaslıq sistemi üçün çox vacib olan “Məktəb nizamnaməsi” adlı çox yararlı bir dərslik də yazır. Daha sonra görkəmli pedaqoq əsl maarif fədaisi kimi “Şagirdlər üçün qaydalar” adlı kitabı qələmə almaqla olduqca xeyirxah bir iş görür.
Azərbaycan ictimai-pedaqoji fikir tarixinin bir çox korifeyləri kimi, M.T.Sidqi də öz elmi-pedaqoji fəaliyyətində elmin, əqli tərbiyənin insanın kamil bir şəxsiyyət kimi formalaşmasında müstəsna əhəmiyyətini israr edirdi. O yazırdı ki, insanı müəzzəz və müşərrəf edən və zülməti-cəhalətdən çıxarıb nuri mərifət və təriqi-səadətə yetirən elm və ədəbdir.
Böyük pedaqoq elmsiz insan ilə yetişmiş ağac və ədəbsiz adamla cansız cisim arasında bir fərq görməyərək deyirdi: “Elmsiz insan ilə yetişmiş ağacın və ədəbsiz adamla ruhsuz cismin bir təfavütü yoxdur”. Sidqi elmi tərbiyəsiz, tərbiyəni isə elmsiz qəbul etmirdi və onların hər ikisini vəhdət halında götürürdü. O, ədəbsiz və mərifətsiz alimi, ədəbli və mərifətli nadanı yarımçıq adam hesab edirdi. Böyük mütəfəkkir və şairlərdən Sədi Şirazi, Əbdülməcid Sənai, Mövlana Cəlaləddin Rumi, Abbasqulu ağa Bakıxanov, Mir Mövsüm Nəvvab və b. Kimi, M.T.Sidqi də mənəvi şüurla mənəvi davranışın (deyilən sözlə görülən işin) vəhdətinin təmin olunması probleminə toxunur. Fikrimizcə, Ruminin “ya göründüyün kimi ol, ya olduğun kimi görün” ifadəsini bu barədə deyilən bütün sözlərin əsas müddəası hesab etmək olar.
M.T.Sidqi bir çox hallarda əxlaq tərbiyəsini, mənəviyyatı elmdən, əqli tərbiyədən daha üstün tuturdu. Bu problemlə bağlı qələmə aldığı “Tənviri-əfkar” əsərindən oxuyuruq: “İnsanın qadir və şərafətini artıran dörd şeydir: birinci ədəb, ikinci elm, üçüncü sədaqət, dördüncü əmanət və siyasətdir”.
Məşhur filosof sözü ilə işi bir-birinə uyğun gəlməyən adamların aqibəti barədə belə deyirdi: “Ədəbi olmayan aqil və əməli bilinməyən alim fəqət şücaətli silahsız qoşuna bənzər. Buna görə də insan daima elm və ədəb təhsilinə çalışmalıdır. Elm bir ağacdır ki, onun səmərəsi əmək və ədəbdir. İnsanın qiyməti-həqiqiyyəsi az-çox elmi və əməli ilə bilinir. Yəni insanın bildiyi şeylərdən və məqbul əməllərindən savay bir qiyməti yoxdur. Elmi və əməli nə mərtəbədə olsa, dəyəri və qiyməti o qədərdir. Bəs insanın həqiqi qiyməti bu vəchlə bilinməkdən, gərək həmişə elmini və əməlini və ədəb və əxlaqını artırmağa çalışasan”.
Görkəmli maarifçi uşağın təlim və tərbiyəsinə kiçik yaşlardan başlamağı məsləhət görürdü. Məşhur pedaqoq qeyd edirdi ki, uşaq ağ və qaranı, istini və soyuğu anlamağa başladığı vaxtda gözəl xasiyyətləri onlara anlatmaq, təlim və tərbiyəsinə qeyrət və diqqət etmək lazım, bəlkə, vacibdir. Çünki uşaq yaş ağaca bənzər. Təzə, yaş ağac hər nə qədər əyri olsa, düzəltmək asandır. İnsanın da kiçiklikdə tərbiyə qəbul etməyi vazeh mətləblərdəndir.
M.T.Sidqi uşağın ailədəki tərbiyəsinə toxunaraq qeyd edir ki, bu vəzifə ilk növbədə valideynlərin üzərinə düşür. Və bu hər kəsdən əvvəl ananın, sonra da atanın birbaşa vəzifəsidir. Onun fikrincə, insan şəxsiyyətinin formalaşmasında ən vacib amillərdən biri ailədə uşağın tərbiyəsidir.
Şəxsiyyətin təşəkkülündə və inkişaf etməsində əsas amillərdən biri olan məktəbə M.T.Sidqi xüsusi qiymət verirdi. O, böyük maarif xadimi kimi məktəbin misilsiz dəyərini belə təqdim edirdi: “Məktəb nədir? Məktəb bizim elm və maarifimizin vasitəsidir… Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır ki, həmişə cahilləri: alim və divanələri aqil eylər. İllərcə məktəbə gedib tərbiyə və ədəb kəsb etməyən kimsələr və məktəbdə ömür keçirib elmlərdən və fənlərdən bərəmənd olmayan şagirdlər rəngarəng güllər və çiçəklər ilə dolu bir bağçada gəzib dolanan kora bənzərlər. Məktəb bir cismə bənzər ki, onun ruhu müəllimdir”.
M.T.Sidqi məktəbdə təlim-tərbiyə işinin aparıcı siması olan müəllimlərin rolunu yüksək qiymətləndirir, həm də onların qarşısına çox böyük ciddi tələblər qoyurdu. Məşhur pedaqoqun fikrincə, müəllim birincisi, “ülüm və fümunə dara” (dərin elmi biliyə malik), ikincisi, (obadi-elm və tərbiyə sahib-vüquf” (elmi təlim etməyin və tərbiyə verməyin üsullarından xəbərdar) olmalıdır.
Təsadüfi deyildir ki, müəllim peşəsinə, bu təkrarsız ülvi sənət dünyasına verilən ən dürüst qiyməti də məhz həmin maarifçinin yetişdirməsi olan böyük dramaturqumuz H.Cavid vermişdir. O, təlim, təhsil və tərbiyəsinin ağır yükünü şərəflə daşıyan müəllim barədə “elm və ədəb rövnəqinə ömür sərf edənləri və insaniyyət aləminə xidmət edənləri, ülüm və maarif, rəvac və intişarına çalışanları mədəni xalqlar heç vaxt unutmazlar” – deyirdi. Sevimli müəllimi M.T.Sidqinin yoxluğunu dəhşətli itki hesab edən ədib yazırdı: “Sidqinqin vəfatı xəbərini eşidib elə bildim ki, həqiqətən, mənim atam vəfat edibdir… İnsanın üç atası olur: əvvəlincisi, elm atasıdır… Güman edirəm ki, o mərhumun rəhməti heç kəsə məndən artıq təsir eləməyib və eləməyəcəkdir”.
Ömrünün on ildən artıq bir dövrünü Şərq ölkələrinə səyahətdə keçirməsi və həmin ölkələrin qabaqcıl elm, mədəniyyət, mütərəqqi maarifpərvər adamları ilə yaxından ünsiyyətdə olması, habelə ərəb, fars dillərini mükəmməl öyrənməsi ona gələcək pedaqoji fəaliyyətində böyük uğurlar gətirmişdi. Tanınmış Azərbaycan şair və pedaqoqu Şürbi yazırdı ki, o elə bir maarifçi idi ki, dərin maarifçilik ağlı ilə bütün Yaxın və Orta Şərqdə işıq saçırdı.
Rus dilinin imkanlarının genişliyini müdrikcəsinə hiss edən şair və pedaqoq hətta “Azərbaycan-rus və fars lüğəti”ni də tərtib edir. Və bu dilin əsas fənn kimi tədrisinin vacibliyini göstərən Sidqi hazırladığı əlyazma dərsliklərinə Puşkinin, Lermontovun, Tolstoyun əsərlərindən seçmə hekayə və şeirlər də salır.
Böyük pedaqoq göstərirdi ki, məktəbdə tədris olunan fiziki tərbiyə məşğələləri şagirdlərin bədəncə ahəngdar inkişafını təmin etmək, sağlamlığını möhkəmlətmək, habelə onlarda iradi-mənəvi keyfiyyətləri formalaşdırmaqla yanaşı, cəsur, dəyanətli, mübariz vətəndaş kimi öz əxlaqi vəzifələrini yerinə yetirmək üçün də (məsələn, xalq üçün çalışmaq, vətəni müdafiə etməyə hazır olmaq və s.) imkan yaradır.
Görkəmli pedaqoq çoxşaxəli maarifçilik fəaliyyətində sağlamlığın təkcə insanın şəxsi xoşbəxtliyi üçün deyil, başqa cəhətlər baxımından da zəruri olduğunu söyləyirdi. Yəni məsələn, əgər insan nə qədər bədəncə gümrah, qıvraq və möhkəm əzalara malik olarsa, o, sağlam və davamlı bir şəxs kimi doğma yurdunun quruculuq işində, el-obanın müdafiəsində, xeyir və şər işlərində bir o qədər də yaxından iştirak edər, yararlı bir şəxs kimi yaxşı fəaliyyət göstərər və bu keyfiyyətə malik adamlar həyatın insanlara bəxş etdiyi nemətlərin hamısından daha səmərəli şəkildə istifadə edə bilər.
Yaradıcılığında fiziki tərbiyə motivləri ilə bağlı dəyərli qənaətlərə gələn böyük pedaqoq insan sağlamlığının qorunub möhkəmləndirilməsində nəfsin saxlanılmasına sağlamlıq mənbəyi kimi baxırdı. Onun fikrincə, yeyib-içmək işində daim orta həddi, qədəri gözləmək vacib məsələlərdəndir. O yazırdı: “İnsanın nəfsinin səlamətliyi bədənin səlamətliyinə dəlildir. Nəfsi səlamət şəxsin əqli kamil, fikri sabit, xəyalı vüsətli və zehni salim olur…”.
Gigiyenik amillərin əhəmiyyətinə xüsusi diqqət ayıran M.T.Sidqi insanın yaşaması və sağlamlığı üçün qida nə qədər lazımsa, o dərəcədə də təmizliyə fikir verilməsini zəruri hesab edirdi. Bu barədə yazırdı: “Təmizlik və nəzarət insanın əvvəlinci vəzifəsi hesab olmaq kimi səhhətə-bədinin də əvvəlinci əsası deməkdir. Xüsusən də təmizlik və məharət müsəlmanların qamətinə biçilmiş bir libasdır. Odur ki, deyiblər: “Nəzafət imanın əsəridir”. Və bu da məlumunuz olsun ki, təmiz köhnə çirkin libasdan əfzəldir. Təmiz və səliqəli şəxslər yediyi xörəyin ləzzətini və geydiyi libasın rahətini anlayıblar və bədənin təharət və nəzafətinə diqqət eləmək kimi, sakin olduğu mənzilin və əyləşdiyin otağın da havamı və özü təzə, təmiz olmağı lazımdır. Çünki havası qəliz və özü natəmiz məhəllərdən bir parça mərəzin zühurə gəlməyi aşikardır. Pəs buna görə cəmi, böyük və kiçiklər, ələlxüsus, məktəb uşaqları bu barədə hər nə qədər diqqət və qeyrət etsələr, yenə azdır”.
M.T.Sidqi fiziki tərbiyənin əsas amillərindən olan idman, gimnastika, oyun, turizm və s. kimi fiziki təmrinlərdən savayı, onun əsas vasitələrindən sayılan normal qida, istirahət, yuxu, rejim, mənzil və iş şəraiti, rahat geyim və sairə məsələlərə xüsusi fikir verilməsinin vacibliyini də qeyd edir. Böyük pedaqoqun fikrincə, orqanizmin səhhətinin gümrah və qıvraqlığı üçün bədən üzvlərinin təmiz və pak saxlanması, təmizliyə ciddi riayət olunması – paltar, geyim ləvazimatlarına tez-tez qulluq edilməsi mühüm şərtlərdəndir. Təmiz uşaq necə olur? Böyük filosof özü qoyduğu suala çox dəqiq və sərrast cavab verir: “Təmiz uşaq dırnaqları tutulmuş, əl və ayağı, ağzı, burnu, üstü, başı və cəmi libasları pak və pakizə olur. Tənəffüs zamanında paltarlarını əsla toza və torpağa batırmaz. Məktəbə daxil olanda libaslarına və başmaqlarına elə diqqət ilə baxar ki, nəbadə napak və natəmiz olsun. Əllərini və burnunu silməkdən ötrü həmişə cibində bir təmiz dəsmal saxlar. Bu tövr uşaqların kitablarına və dəftərlərinə baxanda insanın qəlbi fərəhlənir. Təmiz və səliqəli uşaqlar hər yerdə hörmət və rəayət görüb, hamının nəzərində məğbul olur və heç kəs onların söhbətindən və ülfətindən ikrah etməz. Əlhasil, məktəbimizin ümumi şagirdləri və nəzarətə alınıb məharət və təmizliyə diqqət etmələri lazım və bəlkə, vacibdir”.
M.T.Sidqi bütün yaradıcılığı boyu millətinin əziz balalarını nikbin, xoş ovqatlı, dəyanətli və mübariz görmək arzusunda idi. Odur ki, o hər bir gəncin öz şəxsi və ictimai gigiyena qaydalarına əməl etməyini yalnız onların deyil, ailə və məktəbin də birgə işi hesab edirdi. Böyük maarif xadimi gənclərin fiziki sağlamlığına cəmiyyətin xoşbəxtliyi, ölkənin mənəvi sərvəti kimi baxırdı.
Məşhur pedaqoq bu barədə hətta ““Məktəbi-tərbiyə”nin şagirdləri üçün ədəb qaydaları”nda da şagirdlər qarşısında tələblər qoyur, onlara ciddi əməl etməyi tövsiyə edirdi: “Məktəbə gələn vaxt şagirdin əl-ayağı, üstü-başı təmiz və dırnaqları tutulmuş, xüsusən libası pakizə olmalıdır”. Yaxud “Tənəffüs vaxtlarında təğyiri-havadan ümum şagirdlər məktəb həyətinə çıxmalıdır. Belə ki, məktəb otağında heç bir kəs qalmasın gərək” və s.
M.T.Sidqi insanın şəxsiyyət kimi yetişməsinə nüfuz edən bir sıra psixoloji komponentlərin, əxlaqi-etik keyfiyyətlərin, habelə fiziki tərbiyə amillərinin təsirini müsbət hal kimi dəyərləndirir. “Vücudu xəstə olan adam təbiətə və ruhi xəstə olan həbibə möhtacdır” deyən ensiklopedik alim, üləma psixoloq və mürşidin “həkimanə sözləri”ndə daha aydın sezilir: “Nəzafət və təmizlik artıq dlərəcədə lazım olan bir zinətdir. Buna görə də insan vücudunu, libasını, məskənini hər vaxt təmiz və pakizə saxlamalıdır. Çünki libasın və bədənin təmizliyi ruhun təmizliyinə dəlalət edir”.
M.T.Sidqi tənbəlliyin insanı fiziki və mənəvi şikəstliyə təhrik edən, onu əxlaqi simasızlığa sürükləyən, məhvə yönəldən mənfur bir vərdiş olduğunu dönə-dönə təkrarlayırdı. Böyük maarifçi zəhmətin, fiziki əməyin insan əxlaqını saflaşdıran, mənəviyyatını zənginləşdirən bir vasitə olmaqla yanaşı, həm də onun cismani möhkəmliyinə, fiziki kamilləşməsinə zəmin yaradan başlıca amil olduğunu vurğulayırdı.
“Tənbəllik və işsizlik fərq və zərurət qapısının klididir. İşlək adama ən böyük cəza bikar qalmaqdır… Tənbəlliklə keçinən adam hər umduğundan məhrum qalar… Tənbəllik və kəsalət insanın vücudunda bir böyük mərəzdir. Məsələdir ki, deyərlər: “İşləyən dəmir parıldar, işləməyən dəmir paslanar”. “Tənbəl adam badam yemək istər, amma sındırmağın zəhmətindən qaçar”.
M.T.Sidqi həmin məktəb qaydaları içərisində uşağın hafizə və səhhətinə düşmən kəsilən, onun gələcəkdə sağlamlığına sarsıdıcı zərbə vuran siqaret çəkməyin əleyhinə olaraq, bu məsələyə ciddli münasibətini bildirirdi: “Papiros və tənbəki çəkmək bilmərrə qadağani-şədid olunur. Bu əmələ cəsarət edənlər ciddi tənbeh olunacaqdır”.
Bundan başqa, həmin qaydalar siyahısında uşaqların asudə vaxtının təşkilində, onların hərəki bacarıq və vərdişlərinin formalaşdırılmasına zəmin yaradan oyunlar prosesində intizama tabe olmaq, əxlaq qaydalarına əməl etmək, kollektivçilik hissinin güclənməsi və s. kimi mənəvi-əxlaqi tələblər də qeyd edilirdi.
M.T.Sidqi insan səhhətini möhkəmləndirən təbiətin sağlamlaşdırıcı qüvvəsi olan hava, su, günəş şüası və s. vasitələrdən lazımi qaydada istifadə etməyi də tövsiyə edirdi. Çünki təmiz və açıq havada olmaq, vaxtaşırı çimmək, mütəmadi bədəni yaş dəsmalla silmək, göy çəməndə və yaşıllığa qərq olmuş bol ağac olan yerlərdə gəzintiyə çıxmaq, günəş vannası qəbul etmək və sair kimi gigiyenik amillərdən lazımınca bəhrələnmək insan sağlamlığı üçün başlıca şərtlərdəndir. İnsan həyatının xoşbəxtliyini onun sağlamlığında axtaran pedaqoq, bu qiymətsiz sərvətə yiyələnməyin qneseoloji köklərini hər bir şəxsin öz əqlində, fəhm-fərasətində görür: “…səhhət və afiyət, yəni bədənin salimliyi gözəl nemətlərinin ümdəsidir. Vücudun səlamətliyini dünya dolusu qızılnan bərabər tutmaq olmaz. Bir adamın bədəni salamat olmasa, çox şeylərin zövq və şövqündən məhrum qalar. Xülasə, səhhəti yerində olan adam bir qiymətsiz xəzinə sahibidir və bir böyük nemətə malikdir. İnsan bədənin səlamətliyindn savay, qüvvəyi-hafizə və qüvvəyi-zehniyyə və fikriyyəsinin mühafizəsinə də diqqət etməlidir. Çünki səhhəti-zehniyyənin mühafizəsi səhhəti-bədəniyyənin mühafizəsindən artıq dərəcədə lazımdır”.
Böyük maarifçinin pedaqoji görüşləri arasında fiziki tərbiyəyə dair söylədiyi qiymətli fikirlər bu gün də çox aktualdır. Şübhəsiz ki, uzun illər aparılan pedaqoji müşahidə və eksperimentlər təsdiq edir ki, şagirdlərin təhsil aldıqları məktəb binalarının sanitar-gigiyenik tələblərə cavab verməsi, sinif otaqlarının, kabinetlərin, idman və qiraət zalının, məktəbin kitabxanasının və s. təmiz və səliqəliliyi, işıqlı olması kimi amillər onların sağlamlığına, normal fiziki inkişafına müsbət təsir göstərir.
Fiziki tərbiyənin əsas vasitələrindən olan gigiyenik amillər – yuxu, qida, rejim, kollektivdə olan əhval-ruhiyyə, şəxsi və ictimai rejim xüsusi yer tutur. Çünki şagirdlərin sağlam və gümrah böyüməsində rejim müstəsna rol oynayır. Sağlamlıq isə insana şadlıq və fərəh gətirir, ona nikbinlik bəxş edir. Odur ki, Sidqi yuxu, qida və s. kimi gigiyenik amillərin normal tənziminə daim diqqət verilməsinin zəruriliyini qeyd edir: “İnsanın bədəninin səhhətinə, zehninin qüvvətinə və bəlkə, dövlət və müknətinə rövnəq və rəvac verən gecə bir az tez yatıb, sübh vaxtı bir az tez durub gəzməkdir, xüsusən xoş havalarda. Səhhəti-bədənə malik olan adamın iştəhası yerində olar və yediyi təamı yaxşı həzm edər və yuxusu həddi-etidal üzrə olar işdən çox yorğunluq bilməz. Zehni salim, fikri səlamət, vücudu pürqüvvə və ixtiyarı öz əlində olar. Hifzüssəhhətə nafe olan şeylərin cümləsindən tez yatıb tez durmaq, bədəni öz qüvvəsindən artıq yormamaq, həddindən ziyadə yeməmək, təamı dürüst və gözəlcə, naziganə çeynəmək, tərli-tərli su içməmək, hamamda çox yubanmamaq, həmişə başı sərin, ayaqları isti tutmaq, əyləşdiyi və yatdığı mənzilin havasını tazalamaq. Əlavə bədənini və libasını təmiz, pakizə saxlamaq…”.
Qidanın qəbul qaydalarını və onların normal ölçüdə qədərini göstərən, habelə bu işdə daim etidalı gözləməyi tövsiyə edən maarif xadimi çox haqlıdır. Bu, bir həqiqətdir ki, yeyib-içməkdə qədəri gözləməmək, həddi aşmaq bədənin daxili orqanlarını gücə salır, maddələr mübadiləsinin, əqli və fiziki iş qabiliyyətinin pozulması və s. kimi patoloji halların yaranmasına gətirib çıxarır. Əksinə, az yemək, yaxud vaxtında qidanın qəbul edilməməsi də orqanizmin sağlamlıq müvazinətinin itirilməsinə səbəb olur. Klassik pedaqoqumuz olan Sidqi yenə yazır: “Gündüz xabqeylulədən savay özgə vaxt yatmamaq (xabqeylulə günortadan bir saat irəliki yuxuya deyilir). Hərgah ittifaqən bəzi gecələr yuxusuz da qalsa, yenə gündüz yatmamaq. Mümkün olduqca qeyzlənməmək, zehni və xəyalı çox yormamaq. Hər bir cüzi şeydən ötrü mükəddər olmamaq və bir şeyə adət etməmək. Hər bir bihudə şeylərdən ötrü dərd və qüssə, həsrət etməmək. Özünü çox eyş və işrətə, zövq və səfayə verməmək. Əlhasil hər bir hərəkəti həddi-etiddal üzrə tutmaq hifzü-səhhətə nafedir. Bir də təbiblərin, kəmalatlı adamların və təcrübə görmüş kişilərin buyurduqlarının xilafincə hərəkət etməmək. Mümkün olduqca böyük-kiçik hifzü-səhhət kitabları vardır; hərdəm onları alıb oxumaq. Xülasə, insan üçün ən əziz və qiymətli olan səhhətin qədrü-qiymətini bilmək və mühafizə etmək şərən və əqlən fərz və vacibdir.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Sidqi xoşbəxtliyi var-dövlət yığmaqda, hər cür alçaq vasitələrlə vəzifə və mənsəb qazanmaqda görənləri də kəskin tənqid etmişdir. Onun fikrincə, belə adamlar ağılca və əxlaqca naqis adamlardır. Çünki belələri “vacibi qeyri-vacibə dəyişirlər”. Şərəfi, namusu, qeyrəti mənsəbə, vəzifəyə, can sağlamlıqlarını isə pula satırlar. Elə adamlar var ki, lazımınca istirahət etməyib, öz bədənlərinin sağlamlığı qeydinə qalmayıb, özlərini və ailə üzvlərini yarıac saxlayıb çoxlu sərvət toplayırlar. Sidqi öz səhhətlərini qızıl toplamağa qurban verən adamları “ruhi xəstələr” adlandırmışdır və göstərmişdir ki, bədəni xəstə olanın sandıq dolusu qızılı olsa da, onu xoşbəxt hesab etmək olmaz, belələri ən bədbəxt adamlardır.
Onun “insanın hər şeyi – zehni, əxlaqi, mərifəti, zövqi gözəl olmalıdır”, – fikri də bunu təsdiq edir. Sidqi yazırdı ki, yaxşı əsər zehni sağlamlaşdırır, pis əsər isə zövqü korladığı kimi, əxlaqı da korlayır. Onun etikasının əsas tələblərindən biri ğu idi ki, insanın bədəni sağlam olduğu kimi, zehni də sağlam olmalıdır: Hər bir “insan bədənin salamatlığından səvayi qüvveyi-hafizə və qüvveyi-zehniyə və fikriyyəsinin mühafizəsinə də diqqət etməlidir… İnsanın zehni sağlam, fikri salamat, vicudi pürqüvvə, ixtiyarı öz əlində olmadıdır”.
Sidqinin fikrincə, ədəbiyyat bunda insana kömək edən vasitələrdən biri olmalıdır. Oxumaq, xülasə, insan üçün ən əziz və qiymətli olan səhhətin qədri-qiymətini bilmək, mühafizə etmək şərən və əqlən fərz və vacibdir.
Beləliklə, böyük maarif fədaisi, tanınmış pedaqoq, xalqımızın gözəl filosofu və şairi M.T.Sidqinin yaradıcılığında fiziki tərbiyə, fiziki mədəniyyət problemi ilə bağlı araşdırmalara hələ xeyli ehtiyac duyulur. Onun ictimai-pedaqoji irsində, fəlsəfi görüşlərində, habelə maarifçilik fəaliyyətində insan səhhətinin qorunması, sağlam həyat tərzinin formalaşdırılması, insan həyatını rövnəqləndirən sağlamlıq məsələləri, habelə insanın ruhən və cismən inkişafında fiziki tərbiyənin rolu ilə bağlı dəyərli fikirlər pedaqogika elmimizə ərmağan edilmiş əvəzsiz mənəvi sərvətlərdəndir.
“Ədəbiyyat və incəsənət”
(13.02.2025)