“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Məhəmməd Çalğındır
Məhəmməd Çalğın
Təbriz
QARABAĞ
Ey Füzuli...
Sənin qara gözlərin
Qışın ağ gözlərinin altında su kimi əsir.
Sənin xurmalı yanaqların...
Şirinliyindən
Adamın dodaqların kəsir.
Sənin zeytun gözlərin...
Gözlərin yeridikcə
Adam müsəlmanlaşır.
Ey Füzuli...
Ağrılarını unut
Əllərimdən tut
Gözlərindən o qədər içmişəm, aşıram
Sənin gözlərinə and olsun Füzuli
Səni məndən uzaqladanlardan, uzaqlaşıram
Dünyanın güzgülərinin önündəsən haala
Səni göstərə bilməyən aynaların adı şüşədir
Səni göstərə bilməyən gündüzlərin adı gecədir
Səni səbt edə bilməyən tarix nağıldır
Və səni oxuya bilməyən şair, heç şair deyil.
Ey Füzuli...
Ayağa dur
Taqçalarının tozunu al
O çörək qabındakı cəhlənmiş çörəklərini boşalt
O küzədəki boyat suyu dişarı süz
Hələ, divardan sallanan Sayatın saralmış şəklinə baxarsanmı?
Ooooooy!!
Anan ölsün Sayat
Su boyat, çörək boyat
Gərəkdir rəngin saralsın.
Ey Füzuli...
Ayağa dur
Əl-üzündə yağış təsviri qur
Küçələrinə xalça uzalt!
Alışdır tiribonlarını
Həmən bir şeir gecəsi qur
Təbrizdən Çalğın gəlmiş
Və Bağdaddan...
Buyursun Füzuli həzrətləri.
"Bu rövşəndir təbiətdə dan ulduzsuz pegah olmaz.
Rüxi-zibayin ey dilbər nigahilən təbah olmaz.
Əgər məşuqələr içrə sədaqətlən vüqar olsa,
Bütün sərgəştələr içrə bu qədri nalə-ah olmaz.
Mərizi-eşqəm ey dilbər təbibi-dərdi-mən sənsən
Təbib dərdə əlac eylər uzaqdan ki, nigah olmaz.
Dodağından tərəhhüm qıl mənə bir qönçə lütf eylə,
İlahi bargahında o qünçeylən günah olmaz.
Mənə bir busə borcun var dedin gəl al Qarabağda,
Bu gün nəqd eylə ey dilbər sabah olmaz, sabah olmaz.
Füzuli xainidanından qalan şahzadə Çalğındır
Nasıl şahzadədir Çalğın başında heç sipah olmaz."
Ey Şuşa...
Ey dünyanın ən dəlisov gəlini
Ey yer-körəsinin sevgiyə hamilə olan noqtəsi
Gecələr qoynunda yazdığımız şeirləri, sinəndəki təpələrdə gizlətdik
Gündüzlər səsində yazdığımız romanları, göbəyindəki qayalıqlarda.
Ey Şuşa...
Ey xanın ərköyün qızı
Gözlərindəki yaşıl muncuqlarını mənə verərsənmi?
Yanaqlarındakı qızıl almalarını necə?
Dodaqlarını aç, şərqin havası təmizlənsin
Saçlarındakı bəyaz qartallarını uçurt
Göylər darıxır boşluqdan.
Ey Şuşa...
Qollarını boynuma sal - yalqızam
Saçlarını çiynimə sər - darıxıram
Əllərimi bağrına bas- üşüyürəm
Oooooy! Bilmədim
Bağışla Şuşa.
Yaralarına əlim dəydi
"Anan ölsün Şuşa
Nə dırmaşıbsan daşa
Bacın qurban olaydı
Gözündən axan yaşa".
Ey Şuşa...
Ey pərişanlığın simvolu
Ey Şuşa...
Ey şeirin stressi
Ey Şuşa...
Ey şairlərin paytaxtı,
Hələ şair dedim yadıma düşdü
Oturun Molla Pənah Vaqifu çağırım gəlsin.
"Çoxdandı həsrətəm yaşıl gözünə,
Gəl otur qarşımda göz-gözə Şuşa.
Nə gözəl saatdı, möhtəşəm andı,
Mən sizə qonağam sən bizə Şuşa.
Boğazın büllurdan, ətəyi ağ qar,
Sinəndən aslanır bir cüt qızıl nar,
Gözlərində bir cüt yaşıl zeytun var,
Dəhanın bənzəyir dənizə Şuşa.
Əyir ağ güzəmi, uzad hananı,
Sağ ala inəyi, bağla dananı,
Yüklə ağ mayanı, boz arvananı,
Yolla bu qatarı Təbrizə, Şuşa."
Atam illər öncə ağlardı
İllər sonra, mən güldüm.
Qarabağ ,siz görən Qarabağdan çox uca boydur
Ağdam...
Ağdamda bir gəlin ağlardı qatar səsiylə.
Gövərçinin ayağına məktub bağlayır bir gəlin
Və mən...
Qara damda otursam da
Ağdama vurulduğum gündən
Özümdən çox məmnunam.
Baş ağrıların toxtayandan sonra
Yol qırağındakı çinar ağaclarına baxarsan.
Dağların ətəyindəki göz yaşlarına diqqətli ol
Sənin bulutlarla nə işin var?
Uzaqdan görünən o savadlı şəhərin adı Laçındır.
O dirsəyə söykənən şairin, adı Sücaət.
"Fotoçu şəklini çək,
Hörüyünün, saçının.
Şəkildə gözəl düşür,
Qəmi, dərdi Laçının.
Ayazlı bir axşamda,
O qəlbidə yastamda,
Anam o uçuq damda,
Saçın hördü Laçının.
Gözlərimdə yuxular,
Sözülür xumar-xumar,
Nağılda üç alma var,
Onun dördü Laçının."
Əlimi alnıma qoyub kəlbəcərin qəlbisindən baxıram
Yer-kürəsinin yuvarlaq olduğunu kim söyləmişdi?
Milyonlar açılar və qollar gizləniblər kölgələrinin dərinliklərində.
Və dərələr, çadır kimi qatlanmış göstərir yer-kürəsini
Əlimi alnımdan götürüb.
Aşağıdakı kəndə sarı yeriyirəm haala,
Bu kənd də bir qız var adı Qızqayıt.
Qızqayıtın sağ çiynini، sol çiyinindən uca olsa da
Yeriyəndə sol ombasını bassa da Qızqayıt.
Yerişini sevirəm -
Qızqayıtın dodaqları kənd qoxusu versə də.
Dişləri kömür rəngində olsa da Qızqayıtın
Gülüşünü sevirəm.
Danışanda topuq vurur Qızqayıtın dili,
ÇaçaçaçaÇalğın sənə çaçaçaçay dəmləmişəm gəgəgəl iç
Ooooooooy!..
Sənin şeir dadında çayını çox sevirəm Qızqayıt.
Qızqayıtın barmağına anamın üzüyünü nişan taxıram
Və Kəlbəcə gələn yaza tapşırıram.
Cənubdayam haala
Zəngəzurun sağ döşündə uzanmışam.
Beynimdə Atillanın yaratdığı xəritə
Böyrümdə bir sürü quzu mələşir.
Köpəklər yalqızlığımı hürüşürlər kiçik bir təpənin üstündə
Və bir çoban,
Tütəyində oxşayır:
"Anan ölsün Zəngəzur,
Nə yatıbsan? Yatma dur,
Qollarını aç uzad;
Yenidən bir Turan qur."
“Ədəbiyyat və incəsənət”
(13.02.2025)