Rəngli kağız gəmilər- PRİTÇA Featured

Конец формы

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

 

 

İki reyhan şitilinin arasındakı boşluqda yağışdan sonra bir ovucluq gölməçə yaranmışdı.   Günortadan sonra ağacların əhvalını soruşmağa gəlmiş meh gölməçəni dalğalandırmağa ürək eləmirdi.  Çoxdan bilirdi ki, bəzi  düşüncələr təkadamlıqdır... 

Meh bir az zoğal ağacının başına dolandı, yeni-yeni  özünü göstərən  sarı çiçəklərə öz aləmində məsləhət də verdi: 

-Tələsməyin tökülməyə! Etdiyiniz fədakarlığı həyatın qanunu bilir insanlar. 

Sonra  gilas ağacına baş çəkmişdi: 

` -Tumurcuqlarını yarpaqların altında gizlətmə. Əksinə, onların bolluğunu insanlara göstər ki, səni lazımsız bilib kəsməsinlər. 

Yönünü əncir ağacına çevirən meh reyhanların arasındakı balaca gölməçədə əlvanlıq gördü. Yaxınlaşdı. Barmaq boyda üç kağız gəmi  baş-başa vermişdi gölməçənin üzündə; sarı, yaşıl və qırmızı rəngdə idilər. Meh dayandı, onların burada nə gəzdiyini anlamaq istədi. Ha dilləndirsə də, kağız gəmilərdən səs çıxmadı. Handan-hana  gölməçə peşman-peşman  pıçıldadı: 

-Dəymə onlara... Öz dünyasını rəngləndirməyə çalışan bir qadın düzəldib onları.  

-Bəs sən niyə üzgünsən? –meh soruşdu.

-Qadının məni göl bilib kağız gəmilərini qoynuma itələməyi öldürür məni... 

Meh tələsik özünü əncir ağacına çatdırdı, onun iri yarpaqlarının arasında gizləndi.  Yarpaqlar onu eyninə almadı, amma iki yarpağın arasındakı hörümçək toru titrədi. Bu dəfə ölmək sırası mehdə idi-hörümçək toru onu külək bilib qorxmuşdu... 

(2024)

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.