“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində biu gün şeir vaxtıdır, sizlərə sevilən şair Əkbər Qoşalının şeirləri təqdim edilir.
***
Dəniz üstdən ötür dolmuş buludlar,
Kim bilir, hirsini hara tökəcək…
Əlim qaşım üstə, fikrim uzaqda,
Üfüqlər xəyaldı, sahillər gerçək…
Sahil dolur-daşır insanla bəzən
Yaşlı qayğılar var, gənc əyləncələr…
Fikri dağıtsa da körpə ləpələr,
Hamı burdan evə yorğun dönəcək,
Üfüqlər xəyaldı, sahillər gerçək…
Sahillər qocalır, sular gəncləşir,
Görəsən, yorurmu sahili dəniz?..
Neçə ki sahil var, neçə ki dəniz,
Onların sevdası heç bitməyəcək.
Balıqqulağı var burda bu qədər,
Burda pıçıltı da sirr qala bilməz…
Yerin qulağı var – belə deyiblər –
Yəqin ki, buranı görüb deyiblər.
Hamı əvvəl-axır burdan keçəcək.
Üfüqlər xəyaldı, sahillər gerçək.
***
Sahil adam kimi dalıb dənizə,
Arabir qırağa çıxır yosunlar.
Qatlasa dizini sahil bir azca,
Dəniz bir qıraqda göl-göl balalar…
Hər sahilə gələn sahilmi bilir?..
Hər dənizə girən dənizçi deyil;
Göz torpaqdan doymur, dənizdən bezmir –
Bu da Nuhdan qalma bir adət olar...
Birisi ağ çadır qurub – sağ olsun,
Kimsə ocaq çatıb – günü ağ olsun!
Gündüz əlimizdə bir çırağ olsun,
Atalar sözüdü: arayan bular…
Hər su qırağına sahil deyilmir,
Dənizin, sahilin sözü bitməyir.
Odur, könül alır, ya könül verir,
Könlün qıt vaxtında,
ah,
nə xoş bazar…
Arabir qırağa çıxır yosunlar…
***
Atamın sözləri düşür yadıma:
Soyuğu yamandı, yaya aldanma…
Baxıram sıxlaşan, dolan buluda,
Yoxsa göy üzündə qurultaymı var?..
***
Nabran…
Dəniz sahili…
O başdan bu başa gəlib-gedirik
Sahildə nə olur? –
Balıqqulaqları, narın qum,
bir də
dənizin qırağa atdığı nəsə…
Nə yaşıl orman var,
nə də göy çəmən,
bəs nədi,
bizləri gətirən bura?
O yaşıl ormanlar,
göy çəmənliklər
çox gözəl olsa da,
bir gün gəlir də,
qaçmaq istəyirsən,
uzaqlaşırsan...
Bəzən özümüzdən qaçmaq istərik,
Özgədən, özündən, hər yerdən qaçan
Gəlib soluğunu sahildə alar…
Bəs dəniz olmayan ölkələr neynir?..
Dənizə, sahilə özgələr neynir?..
Ancaq biz…
Və ancaq Xəzər sahili…
Balıqqulaqları, narın qum,
bir də
Xəzərin qırağa atdığı nəsə…
Təsadüf olmayır dünyada heç nə…
Balıq tanımayır öz qulağını,
Deyirlər balığın yaddaşı olmur;
Amma insanlarçün
bu balıqqulaqlı,
bu narın qumlu
sahillər
sahilsiz xatirə yığnağı olar –
O ya yaşanıbdı, ya yaşanacaq…
Heç nə gərək deyil,
Nə yaşıl, nə göy…
Boz sahil
boyunca yeriməyimiz,
Dənizi dinlərcə kiriməyimiz
Hopacaq sabahkı xatirələrə –
Bu balıqqulaqlı, bu narın qumlu,
Heç yerə getməyən üzüboz sahil
Dünyanın ən əlvan yeri olacaq…
Ən rəngli yuxular qazanacaq o
Həsrətin əlçəkməz süsü olacaq…
Neynək, bu sahildə sadədil olaq,
Balıqqulağına tutunaq duraq;
Bu dəniz, bu sahil, bu qum nə deyir?..
Torpaqla dənizin öpüşdüyü yer
Nəsə bir hikmətə sahib olmalı…
Gəl hədiyyə verək bir-birimizə:
Bu bir cüt qızılı balıqqulağı –
Biri sənin olsun, biri də mənim,
Bizi bu sahilə gətirər yenə
Dəniz pıçıltılı balıqqulağı…
***
Dəniz qovur istini,
Öz istim yetər, deyir –
Nə günəş yox olacaq,
Nə Xəzər itər – deyir.
Sahildə nə hikmət var? –
Fikirlilər axışar
hər axşam-səhər, deyir;
Özüm də darıxıram –
Adamdan betər, deyir…
Hər sahilə gəlişim
Özümdən qaçışımdır;
Dodağımdı dalğalar –
Qara torpaq, ağ alın,
İzn ver, öpüm – deyir…
Dəniz-Torpaq sevgisi
Heç zaman bitən deyil.
Tanrı verib bu hökmü,
Qiyamət günündə də
O hökm keçər – deyir.
Bu da şair alxışı:
Dalğana təpər! – deyir.
O qədər öyrəşmişik –
Mən əl edib gedirəm,
Şahə qalxır dalğalar,
Mənə elə gəlir ki,
uzaqdan “Əkbər!..” deyir…
***
Dənizi dinləyirəm,
Nə danışır bilmirəm.
Mən dağ dili bilirəm,
Çöl dilini bilirəm.
Çəməndə gül bilirəm,
Dəniz dili bilmirəm.
Dənizi dinləyirəm,
Nə danışır bilmirəm.
İnsan bilmədiklərin
Öyrənməyə aşina.
Bəlkə, ona görə də
Dəniz öyrədən olub,
Dağlarsa dərd ortağım…
Dağlardan qopan çaylar
Dinləyib dərdimizi.
Yuxumuzu dinləyib,
Nə ki gizlinimiz var,
Sulara danışmışıq…
Dərdimiz yüngülləşib,
Necə dərdlər yüklənib.
Nə yuxular eşidib,
Dənizə qaçıb çaylar.
Bizim bütün çayların
Son ünvanı Xəzərdi...
Dədəmiz-babamız da
Hey axın eləyiblər
Dağlardan dənizlərə.
Yoxsa öz sirlərinin,
yoxsa yuxularının
ardınca at çapıblar.
Atlarının ayağı
dənizə dəyməyincə
dinməyibdi ulular.
Harda dəniz vardısa,
Bir türk at çapıb ora,
Bir çay dərd daşıyıbdır
O dənizə, əminəm.
Yuxumuzun dalınca
gəlmişik dənizlərə.
Qabarırsa dənizlər,
Yuxunu xeyrə yozub,
Sakit ləpələyirsə,
qaramatı itirir.
Dəniz ana kimidir –
Ata Dağlar sussa da,
Ana gah layla çalar,
Gah əsib-coşub susar…
Dənizi dinləyirəm,
Dinləyib öyrənirəm.
Yuxumuzun ardınca
sənə gəlmişik, dəniz!
URMU GÖLÜNÜN ÖYKÜSÜ
Adıma Urmu derlər,
Suyum göyə çəkilib…
Göllüyüm qeyb olsa da,
Yenə quru göllərin ən gözəli özüməm.
Türküstan talesizi,
Aralın bacısıyam;
O daha tez qurudu –
Məhşərə hazırlaşır
atamqızı elə bil…
Ən uzaq yaddaşımdan süzülüb gələnləri
danışım, qoy qalmasın –
Min illər öncəydi – biz ayrılanda.
Aral sağ əlini çəkdi başıma,
Başıma gələnə bax –
Min illər sonradı
indi biz ikimiz də quruyuruq,
quruyuruq...
Nə mənim Acıçayım,
nə də bacım Aralın
Ceyhun ilə Seyhunu
su daşımır dağlardan…
Xəzərə də əl çatmır…
Araz boynuburuqdu…
Aralın da mənimtək
gəmiləri pas atır…
Tanrının işinə bax –
Duzlu su çürütməyən gəmilər indi bir-bir
susuzluqdan qəhr olur…
Elə bil dil bilirlər,
Elə bil göl bilirlər…
Göl vardımı bizimtək?..
Siz, ey zalım göllərin ən zalım gəmiləri,
Sirdaşınız kim olsun?..
Kölgənizə yığışıb
əsnək vurur dəvələr
Balıqlar üzərdilər böyrünüzdə ilmüdam,
Bəlkə, mən bilməyirəm,
Balıqlar dəvə olub?
Bircə onu bilirəm,
dəvələr balıq olmaz…
Qanadsızdı dəvələr,
Dəvələr dözümlüdü,
Dözəcəklər, dözəcəklər,
Bizim
son qətrəmiz də quruyan gün –
baxarsız,
Qanad çıxaracaqdır
Kölgədəki dəvələr,
İnanın, düz sözümdü…
Xəzərə əlim çatmır…
Əlimi göyə açdım…
“Ədəbiyyat və incəsənət”
(06.02.2025)