BİRİ İKİSİNDƏ – Qəndab Əliyevanın şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Qəndab Əliyevanın şeirləri təqdim edilir,

 

 

***

Pəncərənin o üzündə

günəş.

Barmaqlarımın kölgəsi

uzanar divarlarda.

Tanış xətlər,

əyri cizgilər.

Yarımçıq adam.

Ağzı əyilmiş gülməkdən.

Günün

Gün ortası

Qırıq güzgü.

Bir uşaq, bir ana,

əlində dondurma.

Çarpaz kəsim donun

üst cibində

iki-üç çəyirdək.

Qırıq səslərin

yerüstü dalğada axması

günortanın ensiz dərinliyinə.

İki masa,

təqvim,

İyirminin qırmızı haləsi.

Yeraltından çıxan

marşrutların

sonuncu dayanacaq nöqtəsi.

 

***

Adam balası kimi

darıxmaq necə olur?

Qucaqlayıb yastığı

Ağlamırsan

hönkür-hönkür.

Əllərinin arxası ilə

silib göz yaşını

örtmürsən pəncərəni.

İki ev o tərəfdə

ağlayan körpənin

səs-küyünə

üşüyürsən.

Yığılmırsan

asta-asta içinə.

Adam balası kimi

darıxmaq necə olur?

Üç-beş sısqa ümiddən

gizildəmir qulaqların.

Üzü qışdan bəri

əzizlədiyin

tənha günlərinin

dizlərinə

başını qoyub

irəli-geri

saymırsan.

Adam balası kimi

darıxmaq necə olur?

 

***

Damaqdakı tamın

qoxusuna çökmək.

Yaşıl ot olmaq

başlanmayan sevdaların

qəhredici süqutundan.

 

Toxuna bilmək

buludların

çəhrayı köynəyinə.

Bir hava çalmaq –

olsun

“Uzundərə”

 

Heç vaxt olmayan

Evlərin

Pəncərələrindən

Atılmaq ölümə.

 

***

Sükutun dibində

İtən küçənin,

boydan-boya,

səsdən-səsə

keçən küçənin

üç-beş kəlmədən

qalan nə varsa,

əridi ruhunda,

söndü ruhunda.

Bir cüt mavi işıq

çəkildi bətnə.

Su tək cilvələnən

qırıq güzgüdə

 yad işıqlar doldu

yad könüllərə.

Qonşular

bağladı qapılarını.

Bir daha, bir daha

keçmərəm ordan,

Bax bu yer haqqı,

Bu Allah haqqı...

 

***

Bir gün mütləq

gizlində qalmış arzuların

cibə sığışmayan əlləri

açılacaq zəncirdən.

Bir gün mütləq

qapı kandarları

xoşbəxt olmaq boyda

başqa dərdləri olmayan

adamların ayaq izlərini

daşıyacaq.

Bir gün mütləq

günəş gözlü uşaqlar doğulacaq.

Bir gün mütləq

yetməyəcək ovuc içi boyda

xoşbəxtlik

dahası varkən.

 

***

Qaranlığın o üzündə

Yandı işıqlar,

Sarı işıqlar.

Diksindi təklik.

Zol-zol

Yayıldı tənəklərə.

Eyvanın məhəccərini,

Güldandakı gülü

Böldü ikiyə.

Qadının

Şalında oynadı.

İtlər hürdü,

Ulduzlar parladı.

Qəriblik axdı

Eyvandan.

Qadın

Şalına daha bərk sarıldı.

Üzündə-gözündə

Oynayan işıqları

Sıxdı barmaqları.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2025)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.