Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bir neçə gündür ki, şair İbrahim İlyaslının müəllifi olduğu və ölkədə kifayət qədər populyar olan, bədii qiraətçilərin həvəslə səsləndirdiyi “Necəsən” şeirinin başı cəncəldədir. Belə ki, sovetlər dönəmində tanınan, amma günümüzdə əsla gözə dəyməyən şair Bəhlul Ataxallı şeirin ondan oğurlandığını iddia edərək İbrahim İlyaslını plagiatlıqda günahlandırır.
Şair Bəhlul Ataxallı özünün “Facebook” səhifəsindəki paylaşımda yazır: “2005-ci ildə dərc edilən “Məhəbbətin söz heykəli” kitabımda “Necəsən” adlı şeirim işıq üzü gördü. Həmin şeir “İncəsənət” jurnalının 5-ci nömrəsində də dərc edildi və bundan sonra müxtəlif mətbu orqanlarda və poeziyasevərlər tərəfindən kifayət qədər yayıldı. Şair, Əli Kərim adına Sumqayıt Poeziya Evinin rəhbərli İbrahim İlyaslının 2011-ci ildə çap olunmuş “Yuxuma söykənmiş adam” kitabında eyni mövzulu, eyni rədifli, eyni qafiyəli, hətta mənim şeirimlə eyni adı, eyni ovqatı əks etdirən şeirini oxudum. Şeir tamamilə mənim şeirimin variantı idi. Bu məsələylə bağlı təxminən iki il əvvəl İbrahim İlyaslının “Facebook” sosial şəbəkəsindəki səhifəsinə yazsam da mənə cavab vermədi və hətta yazdığımı sildi. Az zaman içərisində əsli mənə aid olan “Necəsən” şeiri İbrahim İlyaslı adına kütləvi şəkildə yayınlandı. 29 yanvar 2025-ci ildə İbrahim İlyaslıya telefon açdım, “Necəsən” şeirini ilk dəfə nə vaxt çap etdirdiyini soruşdum və bu şeirin mənə məxsus olduğunu bildirdim. O isə məni böyük aqressiya ilə qarşıladı, hətta adına, imzasına, statusuna yaraşmayan tərzdə, küçə söyüşləri ilə mənə cavab qaytardı”.
Bəhlul Ataxallı videoçıxışında məsələnin araşdırılması, hüquqi qiymət alması və özünün müəllif hüququnun, şərəf və ləyaqətinin müdafiəsi üçün aidiyyatı orqanlara müraciət etdiyini də qeyd edir.
İnid isə gəlin hər iki müəllifin şeirlərinə nəzər yetirək:
NECƏSƏN, Bəhlul Ataxallı
Soran varmı əhvalını
Ay müşkül halım, necəsən?
Ay gözümdən daşan qəmim,
Artan məlalım, necəsən?
Bu eşq səni yora-yora,
Öz səbrimdən çəkdi dara.
Ay dəymişi dura-dura,
Tökülən kalım, necəsən?
Ayaz oldu qara düşdün,
İsti gəldi, qora düşdün!
Səkə-səkə tora düşdün
Kəklik amalım, necəsən?
Şırım köksüm bənzər şuma,
Söz mənzilim uçuq koma.
Ay məni döndərən muma
Pətəyim, balım necəsən?
Püskürərdin odlu-odlu,
Dillənərdin dadlı-dadlı.
Sinəm altda ilham adlı,
Olub-qalanım necəsən?
Ağayana ola-ola,
Eşq önündə döndü qula.
Hamıdan doğma Bəhlula
Hamıdan zalim, necəsən?
NECƏSƏN, İbrahim İlyaslı
Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?
Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?
Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?
Zər-zibam, ləlim, gövhərim,
Yaqut-yəmən, simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım, necəsən?
Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?
İndi isə qələm əhlinin bu konfliktə münasibətini diqqətinizə çatdırmaq istəyirəm.
Ədalət Bədirxanov:
“Mən indi şeirin hər ikisin oxudum. Ən azından özüm üçün aydınlaşdırdim. Düşünürəm ki, şeirlər fərqlidir. Hər kəs öz şeirinin müəllifidir.
1961-ci ildə (mənim 8 yaşım olanda) rəhmətlik Aşıq Hüseyn Cavan Laçın rayonunun Kamallı kəndinə kolxozçulara konsert verməyə gəlmişdi. İki saz aşığı və bir balabançı. İlk açılışda balabançıya dedilər sən hansı aşığın tərəfindəsən. O isə iki aşığın arasında dayanmışdı. Qollarını sağa və sola açaraq dedi: Sən tərəf. Tamaşaçılar bir az da gülüşdü.
İndi əzizlərim, şeirin başlığı balabançı kimi eynidir və təkdir.
Yazan şairlər isə saz aşıqları kimi iki hörmətli şairlərimizdir.
Mən sözümü dedim... qalanını siz düzəldin. Burada qəbahət görmürəm. Sağ olun. Müzakirə eyləmək ədəb və əxlaqdan irəli gəlir.”
Şərafəddin İlkin:
“Fərqli şeirlərdi. Burda qeyri-adi heç nə yoxdur. Tarix boyu belə oxşar şeirlər yazılıb. Molla Pənah Vaqiflə Qasım bəy Zakirin "Durnalar" şeiri bir-birindən demək olar ki, fərqlənmir. Belə çıxır ki, onlardan biri oğru olub?
Eyni rədifli şeirdi. Amma "oğruluqdan" söhbət belə gedə bilməz. Sadəcə, İbrahim müəllimin "bazarı" yaxşı olub. Şeiri geniş oxucu kütləsi qarşısına çıxara bilib.
Hər iki müəllifə uğurlar arzulayıram.”
Qurban Bayramov:
“Hər iki şeiri oxudum... İkisi də eyni rədifdə yazılmış yaxşı şeirlərdir... Burada dava lazım deyil... Klassik poeziyada, aşıq şeirlərində onlarla eyni rədifli şeirlər var... Poeziyada bu qəbul olunmuş örnəkdir...”
Faiq Hüseynbəyli:
“Mən "Necəsən?" rədifli şeiri 2002 ci ildə yazmışam, 2004 cü ildə kitabımda nəşr etdirmişəm. İbrahim İlyaslı üstünü toz basmış onlarla, bəlkə də yüzlərlə bu rədifdə olan şeirlərə nəfəsiylə üfürüb, tozdan xilas edib, ruh verib. Şeir kimin imzasında oxucuya yetişirsə, vasitəçi odur. Ibrahim sadəcə "Necəsən?" sualına öz cavabını ortaya qoyub, oxucu görüb, eşidib, duyub, bəyənib. Plagiatı mən də sevmirəm. Oxşarlığı isə qəbul edirəm. Bu şeirlərdə sadəcə oxşarlıq var. Oxşarlıq elm sahələrində də var. Ədəbiyyatda isə daha çoxdur. "Necəsən?" rədifinin ilkin mənbəsini bilmədən İbrahimi plagiatda suçlamaq olmaz. Bəlkə də, bilmədiyimiz elə bir ilkin mənbə var ki, ondan sonra gələnlər hamısı oxşardır, qərəzli formada desək, "plagiatdır". Bu mövzuda çox nümunələr gətirib, müqayislər aparmaq olar. İndiki müasir ədəbiyyatın, xüsusilə orta yaşlı və gənclərin yaradıcılığı demək olar ki, Türkiyə türkcəsində olan mahnı sözlərini xatırladır. Sözümün qısası, möhür kimdədirsə, söz haqqı onundur. İbrahim hələ ki, möhür vurub. Vurulan möhürlər yeni qanuna, sərəncama qədər qüvvədədir. "Necəsən?" rədifli, daha gözəl ifadələrlə zəngin olan bir şeir oxumaq diləyi ilə bu kiçik rəyə nöqtə qoyuram.”
Yazıçı Varis isə incə yumorla mübahisəyə bu cür şərh verir:
“Eyni addan başqa bu iki şeiri heç nə birləşdirmir. “Necəsən” sözünü məgər Bəhlul Ataxallı patentləşdirib ki, indi İbrahim İlyaslını plagiatlıqda ittiham edir? Tam absurd bir ittihamdlr.
Ona qalanda Aşıq Alı da 19-cu əsrdə bir “Necəsən” yazıb. Bəhlul Ataxallı da Aşıq Alıdan plagiat edib?
Bu mövzuda debat açmaq tam yersizir.
Yeri gəlmişkən, şeirdə təkrar olunan yeganə ifadə “pətəyim-balım” ifadəsidir. Bu isə, Bəhlul Ataxallının deyil, Ümumdünya Arıçılıq və Balçılıq Təşkilatının kompitensiyasındadır.”
Və nəhayət, İbrahim İlyaslının özünün münasibətinə toxunaq. Şair “Necəsən” adında daha bir şeir ortaya çıxararaq bu mübahisənin necə də əsassız olduğunu isbatlayır:
“Ruhun şad olsun, Sənəm xanım! Mənim yazdığım "Necəsən" gəraylısı sənin qələmindən "Mən barışdım taleyimlə zor ilə" deyə bir ah kimi qopan bu qoşmanın yanında xeyli sönük görsənir!
NECƏSƏN, Sənəm Səbayıl
Öz evimdə ürəyimi üşüdən,
Özgə evdə odum, qorum, necəsən?
Qəlb evimin qapısını açmağa,
Yad əlində tək açarım, necəsən?
Xoşbəxtsənmi indi özgə yar ilə,
Mən barışdım taleyimlə zor ilə,
Hərdən məni ara , axtar, sor elə,
Güvənc yerim, iftixarım, necəsən?
Özün yoxsan, intizarın mənimdi,
Xatirələr dincliyimə qənimdi,
Öz evimin qonağıyam mən indi,
Haradasan, yoxum, varım, necəsən?
Köçüm gedir duyğuların köçündə,
Dünya olub sən boyda, sən biçimdə,
Kəcavəyəm - dərd oturub içimdə,
Əldən gedən ixtiyarım, necəsən?
Könlüm quşu yad budağa qonmadı,
Dilbilməzi ha qandırdım, qanmadı,
Əldən düşdüm, daha tabım qalmadı,
Əl çatmayan arzularım, necəsən?
Qəmim səni qəmxar seçdi, bilmədin,
Qəmdən mənə paltar biçdi, bilmədin,
Ayım, ilim necə keçdi, bilmədin,
Unutqanım, biilqarım, necəsən?
Niyə yada salmırsan heç Sənəmi?
Azmı bildin mənə olan sitəmi?
Yoxsa mənə qənim çıxdın səndəmi?
Ay zülümüm, zülümkarım, necəsən?
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)