“Ədəbiyyat və incəsənət” portalı yazıçı Meyxoş Abdullahın “Enişə icazə verilmir...” adlı yeni hekayəsini təqdim edir. Hekayə məlum təyyarə qəzasında həlak olanların əziz xatirəsinə ithaf edilib.
“Diqqət!.. Diqqət!.. Hörmətli sərnişinlər, Bakı-Qroznı reysi ilə uçan “Embraer 190” tipli sərnişin təyyarəsi havaya qalxır. Xahiş olunur, kəmərlərinizi bağlayasınız!..”
Təyyarə havaya qalxdı. “Embraer 190” tipli sərnişin təyyarəsini kapitan Kşnyakin İqor İvanoviç və köməkçi pilot Kalyaninov Aleksandr Georgiyeviç idarə edirdilər.
Ekipaj üzvləri, təyyarə bələdçisi Zülfüqar Əsədov, stüardessalar Hökumə Əliyeva və Aydan Rəhimli idilər.
Təyyarə Bakı kəndləri üzərindən uçaraq, Qrozni istiqamətinə yön aldı. Təyyarədə altımış iki sərnişin və beş ekipaj üzvü olmaqla, altımış yeddi nəfər uçurdu. Hər kəs öz arzularının arxasınca uçsa da, hamının ürəyində bir istək vardı, sağ və salamat mənzil başına çatmaq.
Bakı-Qrozni istiqamətində uçan təyyarələrin bir saata yaxın uçuş məsafəsi vardı. Bu məsafə digər şəhərlərə nisbətən çox qısa bir məsafə idi.
Soyuq dekabr ayı olsa da hələ ki, qar yağmırdı. Amma ətraf qatı duman örtüyünə bürünmüşdü. Belə qatı duman örtüyü təyyarələrin uçuşu üçün əlverişsiz hava şəraiti kimi qiymətləndirilirdi. Amma buna baxmayaraq, Bakı-Qroznı reysi ilə uçan “Embraer 190” tipli təyyarədə hələ ki, hər şey öz qaydasınca gedirdi.
Təyyarə Qroznı şəhərinə yaxınlaşırdı. Bir neçə dəqiqədən sonra Qroznı hava limanına eniş edəcəkdi. Bu barədə stüardessalar sərnişinlərə məlumat da vermişdilər.
Kapitan İqor İvanoviç təyyarəni endirmək üçün istiqamətləri müəyyənləşdirdi. Təyyarə yavaş-yavaş aşağı enməyə başladı. Hava qati dumana büründüyündən, uçuş-enmə zolaqlarını görmək çətinliklər yaradırdı.
Kapitan enmənin çətin olduğunu görüb, təyarəni yenidən havaya qaldırdı və şəhər üzərində dövrə vuraraq, yenidən enmə zolağına yaxınlaşdı.
Bu dəfə də təyyarəni endirmək mümkün olmadı. Təkrar bir də təyyarə yenidən səmaya qaldırıldı. Elə bu zaman təyyarənin quyruq hissəsinə qəfil zərbə dəydi. Ekipaj üzvləri və sərnişinlər bu ani zərbədən diksindilər.
İlk anda ağıla gələn fikir, havada uçan quş dəstəsinin təyyarə ilə toqquşması fikri oldu. Uçuş zamanı belə hallar tez-tez baş verirdi. Az keçməmiş bayaqkı zərbə yenidən təkrar olundu. Bu dəfəki zərbə əvvəlkindən daha güclü idi. Zərbə o qədər güclü idi ki, hətta, təyyarədəki oksigen balonları da açıldı. Bu adi bir iş deyildi. Təyyarədəki osgen balonları bir qayda olaraq, kənar zərbələr zamanı, sərnişinlər üçün ciddi təhlükə yaranan anlarda açılırdı.
Təyyarə bələdçisi Zülfüqar və stüardessa Aydan təcili olaraq təyyarənin salonuna keçərək, təşviş içində olan sərnişinləri sakitləşdirməyə çalışdılar. Sərnişinlər qorxu hissi keçirərək, yerlərindən qalxıb ora-bura vurxunurdular. Elə bu vaxt yenidən bərk gurultu səsi eşidildi. Bu zaman təyyarəni deşərək salona girən kiçik metal parçası bələdçinin qolunu parçaladı. Elə bil kimsə bələdçi Zülfüqarın sol qoluna balta çaldı. Möhkəmcə yaralanan təyyarə bələdçisi əlini yarasının üzərinə basaraq diz üstə çökərək ufuldadı.
Təyyarədəkilər bərk təşviş içərisində idilər. Nələrin baş verdiyini anlamayan sərnişinlər qorxu içində bir-birlərinin üzünə baxırdılar.
Təyyarənin havada quş dəstəsi ilə toqquşduğunu zənn edən təcrübəli pilot İqor Kşnyakin bu dəfəki zərbədən sonra, artıq məsələnin çox ciddi olduğunu anlayaraq, bütün diqqətini toplayıb, təyyarəni yüksəkliyə doğru qaldırdı.
Təyyarə sürət tarazlığını itirmək üzrə idi. Belə hallarda təyyarəni idarə etmək olduqca çətin idi. Kapitan İqor köməkçisi ikinci pilot Aleksandra ani nəzər saldı. Gənc pilot qorxmuş halda nəzərlərini kapitanın üzünə dikmişdi. Kapitan onu bu vəziyyətdən çıxarmaq üçün dedi:
- Özünü ələ al. Qrozni hava limanı ilə əlaqə saxlayın, təcili eniş etmək lazımdır.
Qrozni hava limanı ilə təcili əlaqə yaradıldı. Amma oradan alınan xəbər ekipaj üzvlərini məyyus etdi: - Qrozni hava limanı təyyarənin eniş etməsinə icazə vermir!..
Kapitan əsəbi halda:
- Necə yəni icazə vermir?! Lənətə gələsiniz sizi. Bu ki cinayətdir.
Sonra o, bir qədər özünü ələ alıb: - Onda, təcili olaraq Minvod hava limanı ilə əlaqə qurun! – deyə əmr etdi.
Ani fasilədən sonra kapitana məlumat verildi:
- Minvod hava limanı da təyyarənin enişinə icazə vermir. Onlar bizə Qazaxıstanın Aktau hava limanına tərəf istiqamət götürməyimizi məsləhət edirlər.
- Tufu... sizə!.. – deyə İqor İvanoviç əsəblərinə hakim ola bilməyərək, onların qarasınca söydü.
- Başqa çarəmiz yoxdur, onda Bakıyla əlaqə saxlayın. Deyin ki, təyyarəmiz vurulubdur, biz geri uçuruq!.. - deyə kapitan yenidən tapşırıq verdi.
Elə bil, bu dəfə hər şey bədbəxtliyə nizamlanmışdı. Bütün xəbərlər qanqaraldıcı idi.
- Bakı ilə əlaqə saxlamaq mümkün deyil!.. - deyə ikinci pilot dilləndi.
- Necə yəni, əlaqə saxlamaq mümkün deyil? Sən nə danışırsan? Təcili, yenidən əlaqə saxlayın!.. – deyə kapitan köməkçisinə hirsləndi.
- Bakı cavab vermir! Bütün əlaqə sistemləri sıradan çıxarılıbdır, – deyə köməkçi həyəcanla dilləndi.
Kapitan təəccüb dolu baxışlarla köməkçisinin üzünə baxdı.
Təyyarəni idarə etmək olduqca çətinləşmişdi, tarazlığı qoruyub saxlamaq olmurdu. Sanki hava gəmisi, uşaqların kağızdan hazırladığı oyuncaq təyyarəyə bənzəyirdi, küləyin təsirindən ora-bura uçurdu. Təyyarənin əlaqə sistemləri də radarlardan itmişdi. İndi heç bir vəclə yerlə əlaqə saxlamaq mümkün deyildi.
Təcrübəli kapitan vəziyyətin həddən artıq ağır olduğunu, sanki indi-indi anlayırmış kimi öz-özünə pıçıldadı: – Deyəsən, vəziyyətimiz çox ciddidir. Belə vəziyyətdən necə xilas olmalı?! Sən illərin kapitanısan, İqor. Bacaracaqsan, mütləq bacaracaqsan!.. Bir az soyuqqanlı ol, hər şey yaxşı olacaq!.. – deyə o, öz-özünə təskinlik verməyə çalışdı.
Kapitan yanında oturan ikinci pilot Aleksandrın ehmalca çiyninə toxunaraq gülümsədi:
- Özünü necə hiss edirsən, dostum?!
Aleksandrın baxışlarında bir qorxu hissi vardı. O, təcrübəli kapitanın gözlərinin içinə baxaraq: - Sizə güvənirəm, İqor İvanoviç, - söylədi.
- Mənəmi?!
- Bəli, sizə, cənab kapitan.
Kapitan azca gülümsədi, sonra ciddi görkəm alaraq dedi:
- Aleksandr, oğlum, məsələ çox ciddidir. Təyyarəmiz vurulubdur. Təyyarənin quyruq hissəsi zədəlidir. Görürsən ki, idarəetmə mümkünsüzləşir. Sənə tapşırığım budur ki, təmkinli ol, özünü ələ al. İnsanların taleyi bu dəqiqə yalnız bizdən aslıdır. Biz öz vəzifəmizi şərəflə yerinə yetirməliyik, bunu unutma. Sən mənə güvəndiyin kimi, mən də sənə güvənirəm. Eşidirsən, özünü möhkəm tut. İndi biz ciddi sınaq qarşısındayıq. Hər şey gözləmək olar. Biz buna hazır olmalıyıq.
Aleksandr kapitanın bu sözlərindən sonra dərindən nəfəs aldı. İllərin sınağından çıxmış bu təcrübəli pilotun sözləri, sanki ona güc verdi. Bir anlıq da olsa canından qorxu-hürkü azaldı. O, İqor Kşnyakinin üzünə baxaraq gülümsədi.
- Bax, belə, oğlum!.. – deyə kapitan ona göz vurdu və sonra: - İndi isəstüardessa Hökumə xanımı bura çağırın! – deyə əlavə etdi.
Hökumə xanım pilot kabinəsinə daxil olanda, o, çox təşviş içərisində idi. Qızın bədəni qorxudan əsim-əsim əsirdi. O, bir qədər özünü ələ alıb soruşdu:
- İqor əmi, təyyarəmizdə nə baş verib?!
İqor İvanoviç qızı sakitləşdirmək üçün dedi:
- Sakit ol, qızım, özünü ələ al. Bilmək istəyirsənsə, təyyarəmiz Qroznı ətrafında vurulubdur. Onlar bizi yaxınlıqdakı hava limanlarına da enməyə icazə vermədilər. Bizə dənizin üstündən Qazaxıstanın Aktau hava limanına tərəf uçmağı məsləhət görürlər. Məsələ isə aydındır. Hər şey onlar tərəfindən yaxşıca hesablanıbdır. Onlar təyyarənin dənizə düşüb batmasını və hər şeyin ört-basdır edilməsini istəyirlər. Biz bu halımızla dənizin üzərindən uçub keçməliyik. Biz var gücümüzlə çalışmalıyıq ki, insanları xilas edək. Sizin mənə köməyiniz lazımdır. Birinci növbədə, sərnişinləri sakitləşdirin. Uçuşun öz qaydasınca getdiyini onlara başa salmağa çalışın. Özünüzü itirməyin. Hər biriniz diqqətli və təmkinli olun. Başqa çarəmiz yoxdur!
Bunu deyib kapitan stüardessaya baxaraq zorla da olsa gülümsəməyə çalışdı.
Kapitan təyyarəni Xəzər dənizi üzərindən Qazaxıstana tərəf yönəltdi. Hələ də təyyarənin yerlə əlaqə qurma cihazları işləmirdi. Pilotlar nə Bakıyla, nə də başqa hava limanları ilə əlaqə yarada bilirdilər.
İqor İvanoviç bu günədək 15159 saat uçuş həyata keçirmişdi. Çox təhlükəli məqamlarla üzləşmişdi. Amma indiyədək belə çətin vəziyyətə düşməmişdi. Vəziyyət olduqca ağır idi. Təyyarə hər an yerə çırpıla bilərdi. Bu da hər şeyin məhv olması və sonu demək idi.
Kapitan üzünü köməkçisinə tutub dedi:
- Dostum, yanacağımız çoxmu qalıb?
Əslində, İqor İvanoviç hər şeyi özü yaxı bilirdi. Sadəcə olaraq, köməkçisinin qəlbindən qorxu hissini yox etmək üçün onu vəziyyətdən çıxarırdı.
- Kifayət qədər çoxdur, cənab kapitan, - deyə köməkçisi bir az ürəklə dedi.
- Hə, bu o qədər də yaxşı xəbər deyil, cavan oğlan, - deyə kapitan köks ötürdü.
İkinci pilot Aleksandr kapitanın bu müəmmalı sözlərindən bir şey başa düşmədiyindən sual dolu baxışlarını onun üzünə dikdi.
İqor İvanoviç onu başa salmağa çalışdı:
- Hə, dostum, mən səni başa düşürəm. Sən məni arxayın etmək istəyirsən ki, bu yanacaqla bir xeyli uça bilərik. Amma unutma ki, indiki halımızda təyyarədəki yanacağın çox olması bizim üçün təhlükə yaradır. Bacardıqca yanacaq sərfiyyatını çox edib, onu bitirmək lazımdır. Şər deməsən xeyir gəlməz, bu qədər yanacaqla yerə çırpılmaq hamımızın məhv olması deməkdir.
- Bəlkə dənizə enək, kapitan? - deyə Aleksandr məsləhət etdi.
- Mən də o fikirdəyəm. Hökümə xanıma deyin ki, bütün sərnişinlər təhlükəsizlik jiletlərini geyinsinlər. Amma jiletləri hələ açmasınlar. Jiletlər açılanda şişirlər. Təsəvvür elə ki, bir açılmış jilet iki üç adamın yerini tutur. Bu da suya düşən zaman sərnişinlərin təyyarənin qapısından bayıra çıxıb xilas olmalarına mane olacaqdır.
Bir qədər keçdikdən sonra kapitan nə düşündüsə təyyarəni dənizə endirmək fikrindən vaz keçdi. Təyyarəni bu vəziyyətdə dənizə endirsəydi, qırx tondan artıq çəkisi olan təyyarə paramparça olacaqdı. Çünki suya çırpılmaq, quruya çırpılmaqdan daha təhlükəli idi. Bir nəfər də olsun təyyarədən sağ çıxan olmayacaqdı.
Kapitanın məqsədi, bacardıqca təyyarəni səmada çox saxlayıb, onun yanacağının kifayət qədər azalmasına nail olmaq idı.
Sərnişinlər nələrin baş verdiyindən, artıq xəbərdar idilər. Onların çoxu təyyarənin vurulmasından danışırdılar. Sağ qalacaqlarına ümid etməyən sərnişinlərdən bəziləri qorxu içərisində öz kəlmeyi-şəhadətlərini pıçıldayırdılar. Təyyarənin salonunda qışqırıq, ağlaşma, inilti səsləri ətrafı bürümüşdü. İnsanlar dərin təşviş içərisindəydilər. Qorxu hissi bir kabus kimi təyyarədəkilərin hər birinin canına, qanına hopmuşdu. Azyaşlı bir oğlan oturacaqdan bərk-bərk yapışaraq: - “ana”... “ana” – deyərək qışqırırdı. Qorxudan ürəyi partlamaq həddinə çatan bu uşağın dəhşətli baxışları, onsuz da vəziyyətləri ağır olan insanları bir az da vahimələndirirdi.
Sərnişinləri düşdükləri bu ağır vəziyyətdən çıxarmaq üçün stüardessa Hökümə xanım salona keçərək bacardıqca onları sakitləşdirməyə çalışırdı. - “Kəmərlərinizi bağlayın... Ayaq üstə qalmayın... Xahiş edirəm, yerlərinizdə oturun... Sakitləşin... Hər şey yaxşı olacaq!.. - deyirdi.
Qızın kövrək səslə dediyi bu sözlər sərnişinlərin qəlbində azacıq da olsa bir ümid işığı yandırırdı. Amma qızın öz vəziyyətinin də həddən artıq ağır olması, baxışlarından açıq-aydın hiss olunurdu.
Təyyarənin idarə olunması olduqca çətinləşmişdi. Hava gəmisi idarə olunmaz vəziyyətdə idi. Zədələnmiş quyruq hissəsi təyyarəni yerə dartaraq, onun ön hissəsini səmaya tərəf qaldırırdı. Bu da təyyarənin yerə çırpılmaq risqini artırırdı. Kapitandan yeni əmr gəldi; - “İyirmi nəfərə yaxın sərnişini təcili olaraq təyyarənin ön hissəsinə tərəf yönəldin!..”
Kapitanın bu qərarı təyyarənin uçuş tarazlığını tənzimləmək üçün edilirdi.
Təyyarə Qazaxıstanın Aktau hava limanı ətrafında dövrə vururdu. Yerlə əlaqə, artıq, bərpa olunduğundan Aktau hava limanı ilə rabitə əlaqəsi yaradılaraq təyyarəni uçuş-enmə zolağına endirmək üçün razılıq da alınmışdı. Amma təyyarə hava tarazlığını itirmişdi. Belə vəziyyətdə onu hava limanına endirmək qeyri-mümkün idi. Təyyarə səmada sonsuzluq işarəsi cızaraq vəziyyətin olduqca çətin olduğunu işarə edirdi.
Bir neçə dəqiqədən sonra təyyarə, artıq yüksəklikdən aşağı doğru enməyə başladı. İkinci pilot Aleksandr qəzanın real olduğunu görərək kapitandan soruşdu:
- İqor İvanoviç, indi biz nə edək?!
Kapitan sakit və titrək səslə cavab verdi:
- Oğlum, mən də sən düşündüklərini düşünürəm. Amma bir az fərqli. Bu dəqiqə məni təyyarədə olan altımış beş nəfər insanın taleyi narahat edir. Axı, onların taleyi indi bizim əlimizdədir. Doğrudur, biz bacardığımız hər şeyi edirik, bəlkə bir az da artığını. Amma nə edək ki, onların taleyinə bu dəqiqə biz cavabdehik. Əgər onları xilas edə bilməsək, bizi heç kəs bağışlamayacaqdır.
Aleksandr çox gənc idi, belə təhlükələrlə az-az üzləşmişdi. O, yaşamaq istəyirdi, onun həyatı hələ qabaqdaydı. Amma o, təcrübəli kapitanın bu sözlərindən sonra başını aşağı saldı və kövrəldi. Onun kirpiklərindən göz yaşları süzülərək çənəsində yumurcuqlandı.
Kapitan İqor Kşnyakin gənc pilotun kövrəldiyini görüb, əlinin arxasıyla onun göz yaşlarını silərək: - Oğlum, yaşamaq gözəl şeydir, - dedi. - Hamı yaşamaq istəyir. Bu salondakı insanlar da, bax, elə mən özüm də yaşamaq istəyirəm. Hamımızın arzusu var, yaşamaq və arzularımıza çatmaq. Mən indi həyat yoldaşım və sevimli qızlarım Anastasiya və Darya haqqında düşünürəm. Onlar mənim yolumu gözləyirlər. Bilirəm, sənin də, buradakıların hamıısının ürəyində böyük arzuları vardır. Ancaq nə edək? Biz bacardığımız qədər çalışaq ki, salamat qalaq...
Kapitan bu sözləri deyərkən səsi titrədi və o da kövrəldi...
Təyyarə sürətlə yerə enirdi. Kapitanın qarşısında indi bir ciddi məsələ dururdu. İdarə olunmayan təyyarəni yerə çırpılmaqdan mümkün qədər qorumaq. Bu olduqca çətin bir iş idi. Tonlarla ağırlığında olan və idarə olunmayan bir təyyarəni yerə çırpılmaqdan necə xilas etmək olardı? Kapitan bilirdi ki, sərnişinləri və ekipaj üzvlərini xətasız yerə endirmək, belə vəziyyətdə mümkünsüzdür. Əgər, belə olsaydı bu bir möcüzə olardı. Amma o, bunu da bilirdi ki, qazandığı illərin təcrübəsi sayəsində bu itkilərin sayını heç olmasa bir qədər azalda bilərdi. Onun son çarəsi mühərrikin dartı qüvvəsindən istifadə edərək, təyyarəni sağa, sola döndərməklə, bacardıqca onun müvazinətini saxlamaq və mümkün qədər yer səthinə çırpılmaqdan xilas olmaq idi.
Aktau hava limanı üç kilometr məsafədə olsa da, ora enmək çox təhlükəli idi. Çünki idarə olunmayan təyyarəni bu vəziyyətdə enmə-uçuş zolağına çatdırmaq və onu orada yerə endirmək olduqca təhlükəli idi. Təyyarə hava limanındakı sərnişin təyyarələrinə xətər yetirə bilərdi.
Yerlə təyyarə arsındakı məsafə get-gedə daralırdı. Yer səthi bir neçə metrlik məsafədə idi. Kapitanın gözünə səma yox, ucsuz-bucaqsız torpaq örtüyü görünürdü. O, son gücünü toplayaraq, təyyarəni torpaq səthinə endirdi. Əvvəlcə təyyarənin ön təkərləri yerə çırpıldı. Zərbə o qədər güclü idi ki, bu zərbədən təyyarənin ön hissəsi yerə toxunan kimi gövdəsindən ayrılaraq, bir xeyli kənara düşdü...
... Bir anın içində hər tərəf alqırmızı alov kürəsinə büründü. Günəşə bənzər bu böyük alov kürəsinin içərisindən çıxan, üç parlaq alov şırımı, yerdən səmaya doğru yüksəlirdi. Bu alov dilimləri Kşnyakin İqorun, Kalyaninov Aleksandrın və Hökumə Əliyevanın canlarından ayrılan ruhları idi...
Mələklər kimi sonsuz və əbədi olan səmayə doğru uçurdular...
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)