“Dustaq həyatını yaşayan öpüş…” - MİR CAMAL HÜSEYNİ Featured

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Mir Camal Hüseyni (İncik) öz şeirlərini təqdim edəcək.

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

 

 

Mir Camal Hüseyni (İncik)

 

 

ÖZÜN VƏ ÖZÜN 

 

Bəzən həyatda özün olursan 

Bir də özün. 

Və özündən o yana bir uçurum 

Düşünəndə içindəki şah qaçılmaz mat durumunu 

Bir intiharlıq hərəkətə bağlamış

Oynamaq nəyə lazım? 

Arxada səhifənin sonu 

Yanlarda qarşısı bağlı fiqurlar! 

Və açmazın çarəsiz cəbri. 

Artıq bir özünsən 

Bir də özün

Və özündən o yana bir uçurum. 

 

 

RAKET

 

Dənizin yuxusun diskinir bir an, 

Su altı gəmidən sıçrayan raket. 

Göylərdə gecənin bağrında süzür, 

Hansısa talelər düşünür raket. 

Görəsən kimlərin ömür saatı, 

Aslanıb qorxulu partlayışından. 

Görəsən nə qədər talelər sabah, 

Çökəcək partlayış anlayışından. 

Bu gediş kimlərin bildirişidir? 

Hansı senatorun göstərişidir? 

Hər nəsə göylərdə bir ulduz axır,

Şerimin gözləri nigaram baxır. 

Sabah hansı qəzet satılacaqdır? 

Görən hansı vəzir qovulacaqdır? 

Hamı Facebookda təhlilə cumub

Bütün qruplarda təzkərə qurub 

Ala göz gözəllər səhifə arası 

Reklamlar vuracaq ürək yarası. 

Prezident xalqına təsliyyət verib

BMT bu işə təəssüf deyib, 

Sabah başlayacaq məscidlərdə yas, 

Sabah kilsələrdə “Fi südur əlnas”. 

Yeddi min insanı yad edəcəklər,

Zalımı təkbirlə ad edəcəklər. 

Kimsə də pərdənin arxa tayında 

Gülür qərq olduqca pulun sayında. 

Onun taleyinə bir təəmmül et, 

Talelər dəyişən, ay uçan raket!..

 

 

DUSTAQ ÖPÜŞ

 

Səni arzulardan ala bilmədim, 

Sən əl çatmaz duyğu, sən çətin şeir. 

Sən dilək göyündə yenilməz ulduz, 

Səni taleyimə sala bilmədim. 

Yoruldu mahnılar gəl-gəl deməkdən, 

Ağladı şerimə ümidsiz qələm. 

Dinlədim yalnızlıq döyüntüsündən

Ümidsiz ümidim aldanır hələm. 

Azdıqca o türlü xatirələrdə, 

Daha görünmədi sevginin üzü. 

Daldıqca illərdə zaman duyğusu, 

Neyləyim, özləmin yatmadı gözü. 

Azadlıq almadı dodaqlarından

Dustaq həyatını yaşayan öpüş. 

Ağardı saçımda intizar gözü, 

Gizləndi vədəndə yalançı görüş. 

 

 

PƏRDƏLİ PƏNCƏRƏMİZ

 

Gecədir, pərdəlidir pəncərəmiz, 

Və yağışdır ki, sükuta nəsə bir sözdüdeyir.

Bax yerin fırlanışından burada yoxduxəbər, 

Ah mənim sübhə qədər çatmayacaq sanki yaşım,

Odur çallaşdı başım. 

Gözümün təkcə önündə hava durmuşdu mənim 

O havadan deyil ancaq nəfəsim. 

O havanın zəhərindən qoxuyur günlərimiz, 

Bu qara bəxt bəsim. 

Daha mən arzularımdan nə qədər daldalanım?! 

Ürəyimdən utanım?! 

Bu qaranlıqda xəyaltək harasa uçmalıyam 

Diləyi tapmalıyam. 

Ona mən könlümü göstərməliyəm 

O da mən çəkdiyim ağır yükün ağır çəkisin bilməlidir

O da bilsin ki gərək könlümü az didməlidir. 

Harasa getməlidir 

Gecədir pərdəlidir pəncərəmiz 

Və yağışdır ki, sükuta nəsə bir sözdüdeyir.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.