İnsanın əbədi cəhdi Tanrını gülümsədirmi?- BƏLƏDÇİMİZ ŞEİR Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

        

Biri vardı, biri də vardı. Biri  İnsan idi, biri Ümid idi. Yan-yana gedirdilər. Qəfil qarşılarına bir döngə çıxdı... Ondan sonra başladı hər şey... Ondan sonra...

...İnsanın gedərkən qapını çırpmağı ümiddir-bəlkə qalan bu səsdən diksinə, ona deyə: “Getmə...”  Pillələri qaça-qaça düşmək də, yolu qaçaraq keçmək də, pəncərədən görünən yolla getmək də-hamısı ümiddir.

 

         ...Döngənin başında dayanmışdılar. İnsan görürdü ki, iki yoldan yalnız biri abaddır.  Şüur, məntiq ona deyirdi: “Abad yolu seç! Abad yolla get!”  Ümidin üzü  digər yola-çala çuxur, gölməçələrlə dolu yola tərəf idi. İnsan başladı fikirləşməyə: “Bəlkə Ümid mənim görmədiyim nəyisə görür? Bəlkə Ümid hər iki yolun sonunun hara çıxdığından xəbərdardır?”

“Bəlkə”lər  beləcə yaraşdı ümidin adının əvvəlinə.  Beləcə, insan ümidə adət etdi. Adət ümumiliyə aid olanda yaxşı, xüsusiliyə aid ediləndə yaman pis qarşılanır insan cəmiyyətində. Günahkar axtarışına çıxmasaq, yaxşıdır. Sonda barmağımızı güzgüdəkinə tuşlamaq ehtimalı daha yüksəkdir axı...

...İnsan Ümidin qolundan yapışıb özüylə abad yolla aparmaq istəyirdi.  Onu naçar qoyan yolun sonu haqqındakı bilgisizliyi idi. Ümid onun tərəddüdünü duymuş olacaqdı ki, geriyə bircə baxış atdı və kinayə ilə pıçıldadı: “Getmək istəyirsənsə,  mənsiz get. Və unutma, mən yaxşı adətəm, mənsizlik pis adətdir...” İnsan diksindi.

Alber Kamyu “Taun”da yazırdı: “...ümidsizlik adəti ümidsizliyin özündən də pisdir”.  Şeirdən küsürəm, dostum mesaj yazır: “Ümidsizliyə qapılma...” Yol göstərdiklərim yola düşən kimi,  mənə qoyub getdiklərinin düyün olduğunu görürəm,  danışmaqdan küsürəm, bütün dinlər səs-səsə verir: “Ümidsiz olma!” Qayıdıb tapıram ümidi dolaşıq duyğuların içindən...

...Ümid düz deyirdi. Onsuzluqda məna yox idi-ha o yol abad olsun, ha o başı Xoşbəxtlik ölkəsinə çıxsın.  İnsan bunu anlamaqda gecikmədiyinə sevindi. Ümid bir addım atdı abad olmayan yola. İnsan onun izinə qoydu ayağını... Çala-çuxurlardan keçdilər, gölməçələrdə ayaqları islandı, hər dəfə ayaqları gölməçə kənarlarında sürüşəndə “birdən yıxılaram” qorxusu bürüdü onları, amma dayanmadılar... Getdilər, getdilər... İnsan hər addımda  onu anladı ki, Ümid olmasaydı, bu yolu gedə bilməyəcəkdi.

“Grantchester” serialında sevdiyi oğlana deyil, atasının seçimiylə varlı sahibkara ərə gedən Amanda ikinci uşağının dünyaya gəlməsinə az qalmış yenidən geri dönür və sevdiyinə deyir: “Ümid olmasaydı biz nə edərdik?”

 ...İnsan gedirdi. Ümidi manşırlayıb gedirdi. Yavaş-yavaş anladı ki, Ümid ondann daha sürətlidir.  Adladıqları gölməçələrin sayını itirmişdi İnsan. Saymağa başladığı da yadında deyildi.  “Kaş sayaydım...” “Kaş” ilə başlanan cümlələrin hərdən peşmanlığı anlatdığının da fərqinə onda vardı İnsan. Gülümsəməyə imkan tapmadı... Gördü ki,  daha Ümidin arxasınca getmir, Ümidin özündən uzun kölgəsinin arxasınca gedir.

“Babil kitablığı”nda  oxumuşdum Lu Sin`in “Vətən” hekayəsini. Hekayə bu cümlələrlə bitir: “Ümid o deyil ki, artıq o mövcuddur və ya mövcud deyil. Ümid yol kimidir-realda yoxdur, amma keçib-gedən insanlar onu yaradırlar”.

         ...Biri vardı, biri də.... Vardımı? Yoxsa o, İnsanın  gözəgörünməzi görünən etməkçün  əbədi cəhdi idi?  Və “insanların ürəyinə ölümsüzlük arzusunu qoyan” Tanrı bu cəhdi seyr edərkən gülümsədi... Gülümsədimi? Yəqin...  Yoxsa, Gülay Tahirli yazmazdı ki:

 

 

Daş olub eləcə yağır başıma

Sənə uzatdığım güllər, çiçəklər.

Tanrının da hər gün çıxır yadından

Bu sevən ürəklər, yanan ürəklər.

 

Öpdüyün yerlərdən dərdlər boy atır,

İndi həsrət gəlib oxşayır məni.

Nə zaman qolumu açsam yoluna,

Sanki qolların da ox sayır məni.

 

Daha qanadların quşları yoxdur,

Ağacsız qalıbdır indi budaqlar.

Məndən yaranmışdı, məni öldürdü,

Sinəmdə yurdsuzdur indi bu dağlar.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.