“İçimdə bir zindan var” - GÜNEYDƏN ƏKBƏR QALANIN ŞEİRLƏRİ Featured

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Əkbər Qalanın   şeirləri təqdim ediləcək. 

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

 

I.  

 

İçimdə bir zindan var

İçində mən

Mənlik qandalları, ayaqlarımda

Məncillikdən məncilliyə qoşdururam, xəyallarımda ;

İçimdə bir dustaq var

Sağır birisi

Dinləməz, duymaz, görməz

Çiyinlərində kibir

Ağır birisi;

İçimdə bir məhkum var

İçimdə əsir

Günəşə doğru,

Hər zaman yolumu kəsir...

 

II.

 

Arabaların sinir pozan siqnalları

Sərt heykəllər

İsti, tüstü məncilli göydələnlər

Qaraqabaq ağaclar, soyuq baxışlar

Kor olmuş pinarlar

Daşlaşmış könüllər

Robot adamlar;

Sanki!

Cənnətdən qovulan kimi

Sona varmış bir dünyanın

Cəhənnəmində gömülmüşəm...

 

III.

 

Bakının havası üşüdür məni

Təbrizə döndükdə donub qalıram.

İstirəm gözlərində qızışım biraz,

Sevgi damosunda yanıb qalıram.

 

Arxanda köksündə dərin yaralar,

Hələ də görünür, silinməz bu dərd.

Baxma ki, ayığam gözlərim baxır,

Elə yatmışam ki, bilinməz bu dərd.

 

O tayda sənsizəm qala bilmirəm,

Keçirəm bu taya gözləyir məni.

Bakıda bir cüt kömürü gözlər,

Bilirəm hər zaman özləyir məni.

 

Bu yanda onsuzam, oyanda sənsiz,

Sən tək ayrılığa dözə bilmirəm.

İllərdir çəkirsən ayrılıq qəmin,

Mən nədən bu dərdi çözə bilmirəm?! 

 

Bakıda yaşamaq, Təbrizdə ölmək,

Yetər ki, vətəndən ayrı qalmayım.

Bu torpaq mənimdir, mənim qalacaq,

Yetər ayrılıqdan sarı qalmayım.

 

IV. 

 

İçimdə bir arzu var

Dar ayağında
Həsrətim

ipini çəkmək istəyir


Səbrim tükənib, ümidlərim də.

Birbəbir,
intihar etmək istəyir


Gözlərin!


Nədən məni sürgün edib ki?

Xəyal dünyasında
gözləyim səni


Yurdumda sənsiz qürbət yaşayım

Təbriz qapısında özləyim səni?

 

V.

 

Xəyalımın

Uzun-uzun yollarında

Sevdanı, düşündüyüm zaman

Həsrətlə 

Darısqal küçələrdə 

Arxanca süründüyüm zaman

Nə biləydim

Buraxdığım çağlar 

Talan imiş?!

Bütün sevgilər

Yalan imiş?!

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.