Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Günay Müzəffər üçün
Günlərin bir günü uğur böcəyi çobanyastığına qonaq gəlir. Çobanyastığı başını əyib onu salamlayır və deyir:
-O düzdür ki, kimin barmağına qonsan, uğur gətirirsən?
Uğur böcəyi qanadlarını yığır və ağır-ağır dillənir:
-Sənin sonuncu ləçəyin “sevir” çıxanda sevənlər qovuşurmu?
Çobanyastığı susur, dərindən “ah” çəkir və deyir:
-Axı sonuncu ləçəkdən sonra insanlar məni unudur... Heç vaxt gəlib hekayənin sonunu danışan olmur...
Uğur böcəyi gülümsəyir:
-Hə... Elə mən də qonduğum barmaqdan uzaqlaşan kimi unuduluram... Sonunu bilmədiyimiz hekayələrdir həyat... Bəlkə də sonları bilsək, bir anlamımız qalmazdı...
(2019)
“Ədəbiyyat və incəsənət”
(24.01.2025)