Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Həsrət ağrısını, vüsal qəmini
Ayrılıq oduna yananlar bilər.
Dənizdə qərq olan tənha gəminin
Tənha fəryadını ümmanlar bilər.
Mənə söyləməyin, az alışıb-yan,
İnanın daşı da ağladar hicran.
Dağların ahıdır o çən, o duman,
Dağların dərdini dumanlar bilər.
Məni sorğulara tutma sən əbəs,
Arzumu qəlbimdə, baxışımda gəz.
Könlümü hər naşı oxuya bilməz,
Onu dünyagörmüş insanlar bilər.
Poeziyası başdan-başa intizar notları ilə pərçimlənmiş, ömrü boyu bir gün bu intizarının bitəcəyi ümidi ilə yaşamış xalq şairi Mədinə Gülgün.
O, 17 yanvar 1926-cı ildə Bakıda əslən Cənubi Azərbaycandan olan dəmiryol işçisinin ailəsində dünyaya gəlib. 1938- ci ildə Mədinə xanım da ailəsi ilə birlikdə Ərdəbilə, daha sonra isə Təbrizə köçür.
Əmək fəaliyyətinə Təbrizdə toxuculuq karxanasında başlayan Mədinə xanım daha sonra Təbriz dram teatrında və Azərbaycan qəzetinin redaksiyasında işləyir. O, da həmkarları kimi 1945-1946-cı illərdə Cənubi Azərbaycan milli azadlıq hərəkatına qoşulur və hərəkatın ən fəal üzvlərindən birinə çevrilir. Hətta hərəkat və teatrdakı fəaliyyətinə görə o, Azərbaycan qəzetinə xüsusi müxbir kimi dəvət olunur. Şairin ilk şeirləri də məhz bu dövrlərdə çap olunur. Milli Azadlıq hərəkatı qələbə ilə nəticələndiyi zaman hərəkatın fəal iştirakçısı olaraq Mədinə Gülgün də "21Azər" medalı ilə təltif olunur. 1947-ci ildə milli hökumət devrildikdən sonra Mədinə xanım ailəsindən ayrılaraq bir qrup hərəkat iştirakçısı ilə birlikdə Bakıya gəlir. Burada o, Bakı Dövlət pedaqoji universitetinin dil və ədəbiyyat fakultəsində təhsil alır.
Qəzəbi şimşəklərdən,
Atəşi ürəklərdən,
Ətrini çiçəklərdən
Alıbdır şerim mənim
Deyən Mədinə Gülgünün 1945-1949-cu illər ərzində yazdığı şeirlərinin toplandığı "Təbrizin baharı" adlı ilk kitabı 1950-ci ildə Bakıda çap olunmuşdur. Sonralar isə şairin müxtəlif illərdə Bakıda və Moskvada Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin” , “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və s. kimi kitabları işıq üzü görmüş, əsərləri hələ sağlığında bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Sözlərinə "Sən gəlməz oldun", '"Məhəbbət olmayanda" və başqa mahnılar bəstələnmişdir.
Biz ki özgə deyilik -
Bölünək bölük-bölük.
Bir obayıq, bir elik -
Bakıdan Təbrizəcən.
Vüsal olsa, nə dərdim,
Quşlarla bəhs edərdim,
Mən piyada gedərdim -
Bakıdan Təbrizəcən...
Vətənə məhəbbət, Təbriz həsrəti Mədinə Gülgün yaradıcılığının əsas leytmotivini təşkil edir.
O, üç dəfə Azərbaycan SSRİ Ali soveti rəyasət heyyətinin fəxri fərmanına, "21Azər" və əmək veteranı medallarna, Şərəf nişanı ordenininə layiq görülmüşdür.
Şair Bakıya gəldikdən sonra Təbrizdəykən tanış olduğu və "21Azər" hərəkatında çiyin-çiyinə mübarizə apardığı, özü kimi Təbriz həsrətli xalq şairi Balaş Azəroglu ilə ailə həyatı qurur.
Bir də Təbrizə getməyi, ailəsi ilə görüşməyi çox istəsə də, şairin bu arzusu heç vaxt baş tutmur. O, ömrü boyu Təbrizə və anasına həsrət qalır. Uzun müddət ürək xəstəliyindən əziyyət çəkən Mədinə Gülgün 1991-ci il fevralın 17-də Bakıda dünyasını dəyişmiş fəxri xiyabanda dəfn olunmuşdur.
Onun yazdığı son şeir 1990-cı il dekabrın 11-də Balaş Azəroğluna xitabən yazdığı "Bir gün" şeiridir.
Bir gün ağlayacaqsan,
Yaman ağlayacaqsan,
Lap körpə uşaq kimi.
Tökdüyün göz yaşları,
İnan ki, məzarda da
Yandıracaq qəlbimi...
Çalış nə gizlində,
Nə də aşkarda ağla,
Faydasızdır göz yaşı.
Tapa bilməzsən məni,
Lap axtarsan soraqla,
Ay ömrümün yoldaşı.
Sən ağlama, ağlasan
Daşım, torpağım ağlar.
Məzarım dönər oda,
Torpaq yatağım ağlar.
Məzarda da mən gərək
Özüm ağlayım səni.
Məndən sonra, bilirəm,
Qalacaqsan tənha, tək,
Ey ömrümün yelkəni.
Sən ağlama, amandır,
And verirəm mən səni
Allaha, yerə, göyə.
Ağlasan, məzarda da
Mən bataram günaha
Sən tək qalıbsan deyə....
“Ədəbiyyat və incəsənət”
(17.01.2025)