“Daha bütün çiçəklər də ətirsiz” - Ziya Dilsuzun şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Ziya Dilsuzun şeirləri təqdim edilir. 

 

 

*

Hərdən adama elə gəlir ki,

Payızdan sonra

Hər şey yaxşı olacaq.

Dünyada bütün müharibələr

Təslim olacaq,

Daha ölümdən şeir yazmayacaqsan.

Hərdən adama elə gəlir ki,

Payızdan sonra

Xətrinə dəyənlər

Gəlib səndən üzr istəyəcəklər,

Ən uzaqdakı doğman da qayıdacaq.

Amma adama elə gəlir...

 

 

*

Sənin adını qəlbimə

Böyük hərflərlə yazdım,

Mən ona qədər

Xüsusi isimlərin böyük hərflə

Yazıldığını bilmirdim.

 

Mən "qovuşmaq" sözünün kökünü

"qov" götürürəm.

Hamını ömrümdən qovdum...

Sənə qovuşmaq üçün

Başqa nə lazımdır ki?

 

 

*

Hər şeydən, hamıdan

Çox sevdiyim biri var,

Nəyi, kimi məndən çox sevsən,

Əlindən alacağam, deyirsən,

İlahi, lap onu da?

 

Neyləyim, onu sevməklə

günaha batdım,

Deyirsən, günah sahiblərini

Cəhənnəmdə yandıracaqsan,

İlahi, lap məni də?

 

 

*

Bütün çiçəklər payıza üz tutdu,

Barı, sən onlara uyma,

Mən günəşin bir addımlığında

Gözləyirəm səni.

 

 

*

Mən güzgüyə baxarkən

Daha heç kimi görmürəm,

Sən gedəndən sonra

Sağmı qalacaqdım?!

 

 

*

Əslində, yağış

Normadan artıq yağmamışdı,

Gözlərim o aralar

Bir az tərləmişdi. 

 

 

*

Küləyə bir şans da verdim

Saçlarının ətrini gətirmək üçün...

Hardandı küləkdə o güc?!

 

 

*

Ən çətini diriləri qane etməkdir,

Ölülər bir gülə,

Bir şam işığına,

Bir duaya da razılaşırlar.

 

Dərd sevə bilməyənlərindir,

Heç nə ilə xoşbəxt deyillər,

Nə ev,

Nə pul,

Nə maşın.

Sevə bilənlər

Səhraya da razılaşırlar.

 

Şair olmayanlara nə var ki?

Ancaq öz ağrılarını tanıyırlar,

Müharibələrdən sağ çıxa bilirlər,

Onlar

bu dünyaya da razılaşırlar.

 

 

Gözlə məni

 

Bəlkə, bu yerlərə bir də gəlmədim, 

Duman, salamat qal, dağ, salamat qal. 

 

M.Araz

 

Bəlkə, bu yerlərə bir də qayıtdım,

Duman, gözlə məni, çən, gözlə məni.

Yorulub yollarda gecikmək olar,

Düşsə də saçıma dən, gözlə məni.

 

Gözəl, öz qəlbini oxlamaq nədi?

Ölməz eşqin yasın saxlamaq nədi?

Əgər dönmək varsa, ağlamaq nədi?

Xəyal qur, arzu tut, şən gözlə məni.

 

Bəzən sığınarsan dar qəfəsə də,

Ömür ötüb keçər hey vəsvəsədə.

Allah, məni heç kim gözləməsə də,

Mən mütləq gələrəm, Sən gözlə məni.

 

 

Öyrəşir adam

 

Bircə dua qəbul olur,

Tez göyə öyrəşir adam.

Uzaq-uzaq adamlara

Bəs niyə öyrəşir adam?

 

Oynayacaq min oyunu,

Çatar hər oyunun sonu.

Pozub ömrün sükutunu,

Səs-küyə öyrəşir adam.

 

Soyuq qəlbi qəlb isidir,

Susmaq elə Haqq səsidir.

Düzdür, zaman itkisidir,

Hər şeyə öyrəşir adam.

 

 

Başım bu payıza 

elə qarışıb... 

 

Yağışlar torpağa taleyin yazır,

Küləklər danışır sözdən xəbərsiz.

Kim atdı pərişan, məyus payızı

Fəsillər içinə bizdən xəbərsiz?!

 

Üşüyür Vətənin hər bir qarışı,

Bir doğman ağrıyır yarpaq adında.

Başım bu payıza elə qarışıb...

Bütün uzaqlıqlar çıxıb yadımdan.

 

İlahi, bitdimi ömrü bu eşqin?

Düşüb səhralara aza bilmirəm.

Başım bu payıza elə qarışıb...

O qızçün şeir də yaza bilmirəm.

 

 

Qayıdaq

 

Ay gözəlim, getdiyimiz bu yolu

Yorğun-yorğun, ağır-ağır qayıdaq.

İllərdi ki, bu sevdanın başında

İldırımlar möhkəm çaxır, qayıdaq.

 

Çətin nəsə məlhəm ola yaraya,

Kimlər girdi, nələr girdi araya?

Kim çatar ki belə vaxtda haraya?

Ya sus, ya da qışqır, bağır, qayıdaq.

 

Oldu bizi bu yollarda güdən də,

Ağrıları gizlətdik bir bədəndə.

Həyasızca getmişdikmi gedəndə?

Qayıdanda fağır-fağır qayıdaq.

 

Belə gediş, belə dönüş olmayıb,

Açdığımız izlər geniş olmayıb.

Görsən əgər güc-taqətin qalmayıb,

Lazım gəlsə, kömək çağır, qayıdaq.

 

Bizi vurar silahımız, bilirik,

Necə olar sabahımız, bilirik.

Az olmadı günahımız, bilirik,

Allah bizə tərs-tərs baxır, qayıdaq.

 

Daha bütün uzaqlar da xətirsiz,

Daha bütün çiçəklər də ətirsiz.

Eşqin payız fəslindəyik, çətirsiz,

Dayanmadan yağış yağır, qayıdaq.

 

Addımlaya bilərikmi bərabər?

Gəl geriyə dönək indi birtəhər.

Yorulmuşuq, təkid etmə bu qədər,

Qayıdarıq əvvəl-axır, qayıdaq.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.