SAMƏT ƏLİZADƏ – “Füzulinin sehri” Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsinin növbəti buraxılışı böyük Füzuliyə həsr edilib.

 

Ədəbiyyat və mədəniyyət tariximizin iftixarı olan Füzuli dünya ədəbiyyatı tarixində də böyük hadisədir. Hökm kimi səslənən bu fikri aşağıdakı danılmaz faktlar doğruldur: hələ heç kim Şərqin üç möhtəşəm dilində (türk, fars və ərəb) divanlar bağlayaraq Füzuli kimi mükəmməl əsərlər yarada bilməmişdir; heç kimin qələmi mənsub olduğu dövrün ədəbi aləmindəki bütün əlvan forma və janrların sınağına məruz qalarkən Füzuli qələmi kimi gözəl və cilalı nümunələr yaratmamışdır; “qəlb şairi” kimi tanınan şairimiz qədər heç kim oxucu ürəyinə hakim kəsilməmişdir; ikinci elə bir şair tapmaq çətindir ki, onun yaratdığı ədəbi məktəb qədər sirayətedici olsun və öz davamçılarını çıxılmaz təsir dairəsində saxlamaq iqtidarında olsun; orijinal və təkrarsız üslub sahibi olan Füzuli kimi heç kəs ədəbi yaradıcılıq qarşısında müxtəlif dövrlərin (ictimai quruluşların) və zamanların sınağından uğurla çıxa bilmək keyfiyyətini elmi-tarixi və mənəvi dəyər şərti kimi irəli sürməmiş və öz yaratdığı əsərlərlə bu şərti dolğun şəkildə doğrultmaq mümkün olduğunu sübuta yetirməmişdir: fars və ərəb dillərində də yazmaqla və bu dillərdən bəhrələnməklə yanaşı, ədəbi dilimizi tarixən heç kəs Füzuli kimi həmin dillərin hegemonluğundan xilas edə bilməmişdir; nəhayət, çox az şairə müyəssər olar ki, mənəviyyatı, qəlbi və ruhu hər misrasından görünsün və əzəli məhəbbətdən, səmimilikdən yoğrulmuş ədəbi şəxsiyyəti yaradıcılığında və üslubunda Füzulidəki qədər bütün əzəməti və aydınlığı ilə həkk olunsun!..

 

***

 

Füzuli təkcə Azərbaycan ədəbiyyatında deyil, bütün Şərq ədəbiyyatında əsərləri dönə-dönə köçürülən, yaxud nəşr olunan, çox sevilən və çox oxunan ən tanınmış sənətkarlardandır. XX yüzillikdə Türkiyədə, Azərbaycanda, eləcə də başqa ölkələrdə Füzulinin həyat və yaradıcılığı, dili və üslubu haqqında onlarca tədqiqat əsəri yazılmışdır. M.F.Köprülü, Ə.Qaraxan, Ə.Tərlan, H.Araslı, Y.Bertels, Ə.Gölpınarlı, Mir Cəlal, M.Quluzadə, M.C.Cəfərov, Ə.Cəfər, V.M.Qocatürk, H.Mazıoğılu, Ə.Dəmirçizadə, H.Mirzəzadə, Ə.Mirəhmədov, F.Qasımzadə, M.Adilov, T.Hacıyev, A.Vəfalı, Ə.Səfərli, S.Əliyev, A.Rüstəmova, V.Feyzullayeva və başqalarının kitabları, məqalələri bu gün də elmi dəyərini saxlamaqdadır.

...Füzuli klassik şeir dilində özündən əvvəlki ədəbi irsə, Şərq poetikasının zəngin və mürəkkəb qayda-qanunlarına sadiq qalmağı, farsca divanının müqəddiməsində özünün dediyi kimi, “əslinin səliqəsinə (yəni türk şeiri ənənələrinə) uyğun” yazmağı bacaran, sənətdə sələflərinin keçmədiyi, xələflərinin keçə bilmədiyi aşırımlardan adlayan bir ustaddır. Onun zərif üslubu təkrarolunmazdır. Poeziyasındakı xariqüladə qüdrət və əzəməti bədii söz qarşısında qoyduğu misilsiz tələbkarlıq doğurmuşdur.

...Füzuli sehrkar deyildi və öz ürəyinin qanı, dərin zəkası, nuru, fitri istedadı hesabına yaratdığı sənət incilərini layiqincə, ədalətlə qiymətləndirə bilməyən, çarəsizlikdən “sehr” adlandıran, onun özünü isə “əcaib üslublu” təbiri ilə səciyyələndirən müasirlərindən, – adi oxuculardan tutmuş, təzkirəçilərə qədər bir çoxlarından narazı idi. Lakin qəribədir, bu günün qədirbilən oxucuları da bəzən ona sehrkar kimi baxır, onun ucaltdığı möhtəşəm söz binasında hər bir daşın ülvi mükəmməlliklə cilalandığını görüb heyran qalırlar.

Füzuli misra-misra, beyt-beyt böyükdür. Onun beytlərində qəfil bir şimşəyin parıltısı, əlçatmaz zirvələrin qüdsiyyəti var. Onun beytləri xəyyamanə rübailər kimi sənətdə həqiqi gözəlliyin, məna dolğunluğunun məhəki sayıla bilər: hər beytin öz musiqi dili, – həmcins səslərdən, gözlənilməz qafiyələrdən bəstələnmiş melodiyası, özünəməxsus obrazları, aydın fikir istiqaməti və aforistik məzmunu vardır!..

...Füzuli şeirini şərhlərlə birlikdə qavramaq istərkən oxucu şairin məşhur kəlamını bir məram kimi yadda saxlamalıdır: “Elmsiz şeir əsası yox divar olur və əsassız divar ğayətdə bietibar olur”. Beləliklə, elm şeirin əsası, özülü kimi qiymətləndirilir. Lakin burada “elm” sözünü düzgün və geniş mənada anlamaq lazımdır. “Elmsiz şeir” ifadəsi ilə daha çox qəzəl janrından olan şeiri düşünən şair ən azı aşağıdakıları nəzərdə tutmuşdur: 1. Bədii fikir məntiqi mühakimə, tezis – antitezis üsulu ilə ifadə edilməli. 2. Həyat həqiqəti nə qədər obrazlı şəkildə olsa da, inandırıcı, ağlabatan tərzdə əks olunmalı. 3. Elmi (dini və dünyəvi) biliklərə, təsbit olunmuş əqli nəticələrə istinad edilməli. 4. Xalq təfəkkürü və xəyalının inciləri olan müdrik ifadələrə, qanadlı sözlərə, atalar sözü və zərbi-məsəllərə əsaslanmalı. Bu şərtlərin heç olmazsa, birini gözləməyən şeir “etibarsızdır”, başqa sözlə, zəriflik və kamillikdən, imandan uzaqdır, – müxtəlif zövqlərin və idraki ölçülərin sınağına dözmək gücündə deyildir. Füzuli isə deyilənlərin nəinki birini, əksər hallarda hamısını qabarıq şüşədə toplanan işıq kimi öz şeirində cəmləşdirə bilir.

Füzulinin bir çox beytləri Quran ayələri, peyğəmbərin hədisləri və klassik şeirdə geniş yayılmış sufilik anlayışlarının köməyilə izah edilə bilər. Lakin bu, şairin hər beytinə dini-mistik don geydirməyə, yaxud hər sözündə sufizm mətləbi axtarmağa əsas vermir...

Füzulini din şairi saymaq, sənətindəki əzəməti, dərin bədii təsiri ancaq “mübhəm” və “zərif” dini-mövhumi anlayışlarda görmək onu başa düşməməyə bərabərdir.

“Füzulini şərh etmək?!” Bu sözlər çox qəribə səslənir. Bu ona bənzəyir ki, kiməsə günəş bağışlamaq istəyirsən, ancaq əliboş gedirsən: hərarəti öz qəlbində qalır, nuru gözlərində...

Füzuli dəryadır!

 

***

 

Füzulinin Azərbaycan klassik şeirini yüksək zirvəyə qaldırması orta əsrlərdə təkcə bədii fikrimizin deyil, həm də ədəbi dilimizin böyük nailiyyəti sayılmalıdır. Bu, ədəbi-mədəni və ictimai-fəlsəfi aspektdə o mərhələnin başlanğıcıdır ki, hazırda dilimiz çatmış və öz vəzifəsini yüksək səviyyədə yerinə yetirən üslublara şaxələnmişdir.

Füzulinin şeir dilini və yaradıcılıq üslubunu yaxşı mənimsəyən hər kəs onda fikrin və xəyalın əlaqəli dərinliyinə, geniş mənada, bədii məzmunun dolğunluğuna və estetik füsunkarlığına heyran olmaya bilməz. Füzulinin fərdi üslubunun bünövrəsində metaforik təfəkkür durur. Məcazi düşüncə tərzi özlüyündə təzə hadisə deyildi. Bu cəhət Füzuliyə qədərki islam Şərqinin üç dilli poeziyasının bütün ruhunu sarmışdı. Lakin onun kökü, rişələri canlı danışıq dilində idi. Füzuli bu üsula ona görə sığınmışdı ki, onda bitib-tükənməyən işıq və enerji görürdü...

Qətiyyətlə demək olar ki, bədii dilin məcazilik məsələsində Füzuli ancaq ənənə ardınca getməmişdir. O düşünüb-aramış, nəhayət, tapmışdır... Füzuli “məcaz” sözünə də məcazi yanaşmış, məcazi fikirləşmək, duymaq yolu ilə bir-birindən yeni, təravətli ifadələrlə maddi və mənəvi aləmin həyati və parlaq obrazlarını yaratmışdır. Əbəs deyil ki, şair məcazı “həqiqət günəşinin şöləsi, nuru” adlandırır...

Aristotel yazırdı: “Yalanı necə məharətlə işlətmək üsulunu başqa şairlərə ən çox öyrədən Homerdir”. “Aldanma ki, şair sözü, əlbəttə, yalandır” söyləyən Füzuli də Azərbaycan poeziyasında şairlərə bədii yalanı ən çox öyrədən sənətkardır. İlk baxışda dil və üslubca yekrəng və yekcins təsir bağşlayan divan ədəbiyyatında Füzulini bütün əsrdaşlarından, sonradan onun məktəbinə daxil olan sənətkarlardan yüksəyə qaldıran əsas təqlidedilməz cəhətlərdən biri budur. Bu mənada, şairin yaradıcılığını layiqincə tədqiq etmiş H.Mazıoğılunun “Füzulinin şeirlərində xəyal cəbhəsinin zəif olduğunu görürük” fikri ilə razılaşmaq mümkün deyil.

Təzkirəçilər Füzulini dil və üslubuna görə daha çox Ə.Nəvai ilə müqayisə etmişlər ki, onu Nəvaiyə yaxınlaşdırsınlar. Bu səbəbdən iki böyük sənətkarın şeir dilindən bəzi paralel nümunələrə nəzər salmaq əhəmiyyətlidir. Qətiyyən Füzulinin böyüklüyünü sübut etmək məqsədilə yox, hətta nəzirələrində də orijinal olduğunu bir daha göstərmək üçün. Çünki dövrünün görkəmli ictimai xadimi olan Nəvai, həqiqətən, dahi şairdir, əsl elm və sənət cəngavəridir. Ona görə də Füzuli Nəvaini sevmişdir; onun dilində (üslubunda) Nəvaiyə bənzərlik də vardır. Amma bu sevgi və bənzəyiş Nəvainin Nəsimiyə sevgisindən, bənzəyişindən artıq deyildir... Dil və üslubunun zənginliyi, sənətkarlığının mükəmməlliyi xüsusilə bədii abstraksiyanın inkişaf səviyyəsi cəhətindən Füzulini kiminsə məktəbinə aid etmək, kiminsə təsiri altına salmaq doğru deyildir.

 

***

 

...Ədəbi dildə söz yaradıcılığına az qala biganə qalmağı üstün tutan Füzuli ifadə yaradıcılığı sahəsində ciddi fəaliyyət göstərmiş, Azərbaycan şeir dilinin müdrik, qanadlı və ibarəli poeziya dili pilləsinə yüksəlməsi üçün çox böyük tarixi iş görmüşdür. Füzulinin metaforik təfəkkürü söz ustalarının idrakına və təxəyyülünə işıq seli kimi axmış, qiymətli bəhrələr vermişdir. Ona görə də çağdaş ədəbi dilimizdə C.Cabbarlı və S.Vurğun kimi nəhəng sənətkarların dilində romantik üslubla əlaqələndirilən onlarca gözəl obrazlı ifadənin mənşəyi tarixən Nəsimidən, möhkəm və mötəbər özülü isə Füzulinin şeir dilindən başlanır.

 

***

 

Yüz illər, min illər keçəcək, dünyaya gələn yeni nəsillər Füzuli şeirlərini təkrar-təkrar oxuyub şərh edəcək, lakin şərhlər bitib-tükənmək bilməyəcək. Şairin qədim dünyaya və gələcəyə doğru gərilmiş xəyal şəhpəri sənət göylərində inamla süzəcək. Onun ölməz əsərləri əbədi olaraq insanlığın xidmətindədir.

Nə yaxşı ki, tarixlər yaşamış bu keşməkeşli dünyaya ara-sıra Füzuli kimi insanlar gəlir: müdrik və həssas, hər cür tamahdan, təkəbbürdən uzaq, məğrur olduğu qədər də sadə və təvazökar, ləyaqətsiz bir mühitdə ləyaqət və şərəfini qorumağı bacaran, tükü tükdən seçən, sözdən söz çəkən, yer üzündə ülvi sevgini, sədaqəti, gözəlliyi və gözəllik duyğusunu, haqqı, ədaləti, azadlıq və əməksevərliyi, səbir və təmkini, yaxşılığı, dostluq və mərdliyi, neçə-neçə bəşəri məziyyət və fəziləti təbliğ və təlqin edən zərif ruhlu şair-insanlar!

Tarixdə Füzuli kimi şəxsiyyətlər yaşamasaydı, təbii ki, bəşəriyyət mənəvi iflasa uğrayar, qəbahətlər dolu həyat üçün ancaq xəcalət çəkərdi.

Füzuli paklıq mücəssəməsidir, – bu gün də öz bədii sözü ilə ürəklərə məhəbbət və xeyirxahlıq körpüsü salmaqdadır.

Füzuli sənəti xalqın dilindən və zəkasından od alıb şölə saçan, insan qəlbində min illər boy atan ali və müqəddəs duyğuların hərarəti ilə zaman-zaman daha gur yanan bir ocaqdır. Bu ocağın odunda yanmaq səadətdir...

Füzuli “Divan”ından, – bu dərin zəka və parlaq istedad mücrüsündən hələ oxucular çox şey öyrənəcək, çox qəlblər riqqətə və ehtizaza gələcəkdir. Bu dirilik suyundan içən hər bir adam canlanacaq, həyatın mənası haqqında sonsuz düşüncələrə – xəyallara dalacaq, bu dünyaya gəldiyinə sevinəcək.

Nə qədər ki dünya və məhəbbət var, Füzuli də olacaq. Bir millətin və dilin nəyə qadir olduğunu göstərmək üçün Füzuli kimi bir şairin varlığı kifayətdir... Türk xalqları və türk dili durduqca Füzuli yaşayacaq.

Füzuli tarix içində mənəvi mənliyimizdir, – dilimizin, mənəviyyatımızın əbədi və canlı heykəlidir!

1995

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.