Güldərən Vəli, “Ədəbiyyat və incəsənət” üçün
Səhərdən başlamışdı çiskin. Fariz bir pəncərənin o üzündə torpağa olan həsrətini bitirən çiskinə, bir də oğluna baxırdı. 8 yaşlı oğlan dünəndən bu gün üçün özünə planlar qurmuşdu. Atasıyla şəhərə çıxacaq, idman paltarı alacaq, ordan da Xan bağına gedib gül sulayacaqdı.
Suçu İqbal kişi son 5 ildir ki, uşağı görən kimi, suçiləyəni yarıyacan doldurur, hazır qoyurdu. Sonra da gülümsəyirdi:
-Güllər səni gözləyir, qəşəng oğlan!
Bu, oğlanın ən sevimli məşğuliyyəti idi. Fariz həkimlərlə dəfələrlə məsləhətləşmiş, bu vərdişin uşağın psixikasına təsirini öyrənməyə çalışmışdı. Mütəxəssislərin yekdil qənaəti bu idi ki, uşaq harada rahat olursa, orada vaxt keçirməlidir. Və indi, çiskinin altında parka getmək də, gül sulamaq da namümkün idi. Bunu uşağa başa salmaq olacaqdımı? Ən böyük narahatlıq isə uşağın bunu özünün başa düşüb-düşməyəcəyi idi. Həmyaşıdları bunu özləri anlayar, ya da böyüklərin izahatından sonra vəziyyəti dərk edərdilər. Amma onun oğlu fərqli idi. Çox fərqli...
*
...Fərqli doğulmamışdı uşaq. Dünyadakı ən adi uşaqlardan biriydi. Sonra oldu olanlar. 4 il bir-birini sevən, gənclik romantikasını bütün künc-bucaqlarınadək yaşayan Fariz-Elnarə cütlüyünün oğul övladları dünyaya gələndə iki nəsil də bayram eləmişdi. Babalar hərəsi bir qurban kəsmiş, kasıb-kusuba paylamış, nəvələri üçün könül ziyarətinə tələsmişdilər. Uşağın iki yaşınadək də ömürləri gözəl idi. Amma bir gün qəfildən hər şey dəyişdi. Fariz dostlarıyla birgə Qazaxa-Damcılı mağarasına getmişdi o gün. Aşağı düşəndə yolüstü kafelərdən birində əyləşib yeyib-içirdilər. Fariz “evimin dostu” dediyi İlkinin yanında oturmuşdu. İlkinin tez-tez telefona baxdığını görüb zarafat eləmişdi:
-Nədi, şirkətin batır?
İlkin boş nəzərlərlə ona baxmış, qara bulud kimi tutulmuşdu. Cavab vermədən ayağa qalxıb stoldan uzaqlaşmışdı. Fariz qayğılanmışdı; şəhərdəki restoranlardan birində gecə növbəsində ofisiant işləyən İlkin niyə elə fikirliydi, baxışlarındakı o dərin boşluq nədən idi? Bir neçə dəqiqə sonra ayağa qalxıb onun ardınca eşiyə çıxmışdı. İlkini avtomobilin yanında, yerdə uzanıqlı halda tapmışdı. Telefonu özündən bir-iki addım aralıya düşmüşdü. Ekranı yanıb-keçirdi. Hövlnak İlkini qaldırmağa çalışan Fariz bir yandan da bağırmışdı:
-Köməyə gəlin! Uşaqlar!
Saniyələr içində kafedən 20-dən çox adam çıxmış, başlarına toplanmışdı. Kimsə irəli atılmışdı:
-Maşına qoyub tez xəstəxanaya çatdıraq!
Fariz zamanın donan yerində qalmışdı sanki. Adamlar İlkini maşına qoyub oradan uzaqlaşmışdılar. Farizin gözü bir-birinə nə olduğu haqda sual verən, İlkinlə bağlı ağlagələn və ağlagəlməyən versiyalar danışan insanların üzlərində dolandı, dolandı, sonra yerə dikildi. İlkinin telefonun ekranı hələ yanıb-sönürdü. Telefonu götürdü. Zəng edənin adı “Gündə iki doz” yazılmışdı. Başqa vaxt olsaydı, bu adın qeyri-adiliyi, nə anlama gəldiyi haqda düşünərdi. Amma indi donuq hərəkətlərlə zəngi açdı və qulağına tutdu. Sevdiyi, uğrunda dağları dələ biləcəyini güman etdiyi, oğlunun anası Elnarənin səsini eşitdi:
-Ay əclaf, sən ki şəhərdən çıxacaqdın, mənim dozumu axşamdan verəydin də! Yataqda sürdüyün keyf yaxşıdı, günə iki dozu verəndə canın çıxır? Əclaf!
Farizin telefonu tutan əli boşalmış, telefon əlindən sürüşüb çıxmışdı. Farizin bədəni də telefonla eyni anda yerə çırpılmışdı... Gözünü açanda xəstəxanada idi. Mehriban, gülərüz tibb bacısının: “Hamı sizin ayılmağınızı gözləyir. Qorxmayın, özünüzdən getmisiniz. Azacıq da ürəyinizə yük düşüb. Bilsəniz, nə qədər adam var dəhlizdə sizi görmək istəyən, sizinlə danışmaq istəyən! Birinci kimi görmək istəyərdiniz?”-sözlərinin qarşısında çox fikirləşməmişdi:
-Atamı!
Atasına dediyi ilk sözlər bunlar idi:
-Elnarəni bir daha görmək istəmirəm! O pozğun narkomanı evdən çıxar, sonra məni evə apar!
...Bu qərarının səhv olduğunu, “Elnarəni evdən çıxar, uşağımı vermə!” deməli olduğunu sonra anlamışdı. Çünki evdən çıxan Elnarə uşağı da özüylə aparmışdı. O isə uşağının bir narkomanın əlində böyüməsini istəmirdi. Oğluna həm ata, həm ana olmağı bacaracağından əmin idi. 1 ili sərasər məhkəmələrdə, ekspertiza rəylərinin açıqlanması proseduralarında keçmişdi. Əli-ayağı işdən soyumuş, əməkdaşı olduğu bankın direktoruna 3 dəfə istefa ərizəsi göndərmişdi. Amma direktor hər dəfə ona şəxsən zəng etmişdi:
-Fariz, narahat olma! Sən rahatlanana, beynini toplayana qədər məzuniyyətdəsən. Sənin kimi kredit mütəxəssisini itirmək bizim avantajımız olmaz.
Nəhayət, uşağın 3 yaşı tamam olanda məhkəmə ədalətli qərarı vermişdi: oğlunu Fariz böyüdəcəkdi. Həyatın öz axarına qayıtdığını düşünən Fariz oğlu üçün hər şeyin ən yaxşı olmasını istəyirdi. Əvvəlcə, ona dayə tutdu. Lakin 1 həftə keçmədi ki, təcrübəli dayə ehtiyatla dedi:
-Fariz bəy, uşağınız xəstədir. Məncə, onu peşəkar həkimlərə göstərməlisiniz.
-Niyə? Harası ağrıyır?
-Ağrımır... Psixikası pozulub uşağın. Hər şeydən qorxur, çəkinir. Yemək qaşığını uzadanda belə, diksinir, qorxur, titrəyir.
Fariz yenidən qayıtdığı iş yerindən icazə almağa utandığından dayədən xahiş etdi:
-Həftəsonunadək idarə edin. Həftəsonu 2 gün özüm vəziyyəti müşahidə edəcəyəm.
O iki gündə Fariz yüz dəfə ölüb-dirilmişdi. Oğlunun balaca canındakı qorxunun, dəhşətin ölçüsünü təyin edə bilməsə də, anlamışdı: oğlunu xilas etməkdə gecikmişdi... Çox gecikmişdi... 1 il, düz 1 il bu balaca bəşər narkoman ananın əlində olmuşdu. O 1 ildə yaşadıqlarını ruhundan silib atmağa, yerinə yaxşılıqlar, xoşbəxtliklər, təbəssümlər əkməyə bir ömür yetəcəkdimi?
...Beş il idi ki, Fariz oğlunu yanına salıb ölkənin, hətta qonşu ölkələrin belə, ən yaxşı psixiatrlarını gəzmişdi. Az-az sıyrılıb çıxırdı oğlu qorxu quyusundan, dəhşət sarmaşıqlarının arasından. Ancaq hələ də həyatın onun qurduğu planlara uymaya biləcəyini dərk edəmmirdi. Farizin əlindən yalnız o gəldi ki, ürəyində dua etsin: “Tanrım, bilirsən axı, bilirsən özün. Bu çiskini kəs, nə olur. Mən oğlumla eşiyə çıxanadək kəs bu çiskini, nə olur.”
Deyəsən, Tanrı çox məşğul idi. Çiskin getdikcə sürətlənir, payız leysanına çevrilirdi. Amma o, oğluna “Bu gün evdən çıxmayaq” demək istəmirdi. Demədi də... Çətirlərini götürüb evdən çıxdılar.
Maşından düşüb Xan bağıyla üzbəüz “İdman geyimləri” mağazasına girənədək şalvarları dizdən aşağı yaş olmuşdu. Mağazanın ağ kafeldən olan döşəməsinə şalvarlarından daman su ovuc boyda gölməçələr əmələ gətirdi. Fariz utanmış halda aşağı əyilib gölməçələrə baxdı. Bu vaxt məlahətli bir səs duyuldu:
-Yağışı bizə gətirdiniz! Nə gözəl!
Başını qaldırıb səsin sahibinə baxanadək oğlunun gülüşünü eşitdi:
-Hə. Biz yağışla danışdıq, yağış da ayaqlarımızla sənəmesaj göndərdi.
Gənc qadın gülə-gülə onlara yaxınlaşdı. Başını o yan-bu yana əydikcə sarı saçları yellənir, havada günəş şüalarının rəsmini çəkirdi elə bil. İri, ala gözləri, yumru sifəti isə uşaq kitablarında buludlarla danışan günəş rəsmini xatırladırdı. Bəstəboy idi, Fariz qeyri-ixtiyari onun boyunun çiyninə güclə çatacağını hesabladı. Heç bilmədi ki, bu, haradan ağlına gəldi. Özünü toparlayıb nəsə demək istədi, amma oğlu dil-boğaza qoymadan danışırdı:
-Bu gün Xan bağında gülləri sulamaq istəyirdim. Özümə idman paltarı alacağam. Tanrı baba indicə mənə pıçıldadı ki, tələsmə, mağazada çoxluca gəz. “Yağış yağdırdım, gülləri suladım”-dedi. Mən indi mağazada çoxluca gəzəcəyəm. Bütün xoşuma gələn paltarları geyinib-soyunacağam. Amma bircə dənəsini alacağam ha! Bax, bircə dənəsini!
Qadın əllərini dizinə qoyub aşağı əyildi, təbəssümlə uşağa cavab verdi:
-Sən hansı paltarı xoşlayıb geyinsən, soyunmadan öncə mən də sənin şəklini çəkərəm. Bütün xoşladığın paltarlarda şəklin olar.
-Ay nə gözəl! –Uşaq sevinclə yerində hoppanıb-düşdü, sonra atasına tərəf dönüb göz vurdu: -Atam da öz nömrəsini verər sənə, şəkilləri ona göndərərsən!
-Baş üstə! –Qadın dikəldi, əlini irəli uzatdı: -Xoş gəlmisiniz! Mən Gülçin! Bu mağazanın müdiriyəm. Bu gün satıcılara icazə vermişəm. Yağışlı gündə müştəri gələcəyinə heç inanmırdım. Yaxşı ki gəldiniz! İşə yarayaram barı. Yoxsa boş oturmuşdum.
Fariz ona uzadılmış əli ehmalca sıxdı:
-Fariz.
Başqa nəsə deməyə cəsarəti çatmadı... Onu sehirləyən bu günəş çöhrəli qadın idi, yoxsa oğlunun anlayışlı davranmağı, anlayammırdı. Oğlunun bu anlayışı, bu şənliyi, hələ-hələ, ilk dəfə gördüyü birinə qarşı belə səmimiyyəti onu əməlli-başlı çaşdırmışdı.
-Gəlin, bu yanda divanda oturun, sizə çay süzüm. Sonra biz də,-qadın başıyla uşağa işarə etdi:-mağazanı gəzərik.
-Mənə də çay süz, soyusun, gəlib içərəm.-Uşaq ərklə dedi.
Fariz adi valideynlər kimi uşağına təpinmək istədi, amma buna da ürək eləmədi. Susdu. Divanda oturdu. Qız yandakı masanın siyirməsini açdı, oradan üç fincan çıxardı, elektrikli çaydandan çay süzdü, paket qaraçaylardan birini növbə ilə hər üç fincana saldı, sonra zibil qutusuna atdı. İkinci siyirmədən bir qutu peçenye çıxardı. Qutunun üst tərəfini cırıb jurnal masasının ortasına qoydu, fincanları ətrafına düzdü:
-Siz için, biz gələcəyik!-deyib hündürdə asılan göy idman dəstinə baxan uşağın yanına yollandı.
Az sonra Fariz onları gözdən itirdi. Amma səsləri geniş mağazanı doldururdu:
-Əlini yuxarı qaldır, çempionlar kimi! –Qadın deyirdi.
Oğlunun şən qəhqəhəsi bəmbəyaz divarlarda əks-səda verirdi:
-Mən çempion olanda, uzaq ölkələrə gedəndə, səni də özümlə aparacağam!
Bu dəfə qadının gülüşü cingildəyirdi Farizin qulaqlarında...
Mağazada, təxminən, saat yarım vaxt keçirtdilər ata-bala. Bu vaxta buludlar hikkəsindən azad olmuş, yağış dayanmış, payız günəşi səmada nazlanmağa başlamışdı. Oğlu söz verdiyi kimi, 1 dəst idman geyimi aldırmışdı atasına. Qadınla sağollaşıb eşiyə çıxanda oğlu pilləkənin başında dayandı. Xan bağındakı ağaclara baxdı. Köks ötürdü. Farizin ürəyi üzüldü-oğlunun yenə nəyisə dərd edəcəyini, günlərlə özünə qapanacağaını düşünürdü. Psixiatr seansı həftədə 3 gün olmasına baxmayaraq, bəzən oğlu getmək istəmirdi. Psixiatrın da məsləhətinə əməl edərək, Fariz onu məcburən dartıb klinikaya aparmaq fikrindən çoxdan daşınmışdı. Lakin oğlunun özünə qapanmasını, o bəd xatirələrin əsarətinə keçməsini də istəmirdi. İstəməkdən çox, qorxurdu... Oğlunun yenidən ruhən dibsiz quyulara məhkum olması onun ən böyük qorxusuna çevrilmişdi. Və bu iç çəkişi xeyirə yoza bilmirdi. Əlacı çatandan yapışdı:
-Oğlum, istəyirsən gedək gülləri sulayaq, hə?
Oğlu başını qaldırdı, qəribə nəzərlərlə onu süzdü:
-Yağışdan sonra gül sulanmaz ki ata! Onlar dahasudan doyublar.
Bir neçə saniyə ikisi də susdular. Sonra uşaq geriyə boylanıb mağazanın şüşə qapısına baxdı. Əliylə atasına əyilməsini işarə etdi. Fariz qulağını oğlunun ağzına yaxınlaşdırdı. Oğlu pıçıldadı:
-Bu içəridəki qız bilirsən kimdir, ata? Keçən il mən xəstəxanadaydım ha, Bakıda. Onda balaca bir qız vardı ey, atasıyla məktəbdən gələndə ikisini də maşın vurmuşdu. Atası da öldü, balaca qız da öldü. Bu, o balaca qızın anasıdır. Orada da dost olmuşduq bu qızla.
-Nə?
Farizin gözləri böyüdü, necə olmuşdu ki, oğlunun həyatında iz buraxan bir insan haqqında məlumatsız qalmışdı. Halbuki, özünü ən diqqətli ata sayırdı... Demək, uşağın elə sərhədləri vardı ki, oraya daxil ola biləcək qayğının müəllifi qadın olmalıydı...
-Hə, hə!-Oğlu tələsə-tələsə danışırdı:-Orada da mən onu güldürmüşdüm. İstəməmişdim qızı öldü deyə ağlasın. Bir də... –Uşaq çəkincənliklə gözlərini yerə endirdi:-Bir də, o bilir ki, mənim anam yoxdur. Var ey, bilir var, amma mənim anam deyil axı o. Amma... Mən bayaq içəridə ona bir söz dedim. Desəm, acığın tutmaz?
-Yo...Yox, acığım tutmaz, oğlum. Heç mən sənə hirslənərəm, mənim ağıllı balam?
Fariz oğlunun nə vaxt belə böyüdüyünü, belə anlayışlı, düşüncəli olduğunu anlayammırdı. O çəlimsiz, hər şeydən qorxan, həyata, dünyaya, təbiətə içində özündən böyük nifrətlə gün keçirən uşaq harasa çıxıb getmiş, yerinə bu dünyanın ən adi uşaqlarından biri gəlmişdi. Adi? Yox... 8 yaşında öz dərdini tanıyan, başqasının dərdinə yanan uşaq adi uşaq deyildi axı... Bir pillə üstün idi sanki adi uşaqlardan. Ya da... “Bəlkə, bütün atalar üçün oğulları başqalarından üstündür?”-Fariz bu düşüncəsinə gülümsəmək istədi, özünü saxladı. Deyəcəyini deməsi üçün oğlunu ürəkləndirdi:
-Sən hər şeyi yaxşı düşünürsən, balam. Sənin gözəl düşüncələrin məni heç vaxt əsəbiləşdirməz, bilirsən.
Uşaq ürəkləndi, işıqlı gözlərini atasının bəbəklərinə dikdi:
-Mən içəridə o qıza dedim ki, istəsə, onun oğlu ola bilərəm.
Fariz dikəldi. Nəsə deməyə macal tapmamış mağazanın şüşə qapısı taqqıltıyla açıldı, o məlahətli səs eşidildi:
-A... Cetlmenlər məni gözləyir? Çox nəzakətlisiniz, bəylər! Hara gedirik?
-Kitab mağazasına!-Uşaq əllərini havaya qaldırdı.
-Nizami küçəsindəki mağazaya getsək necə olar? –Qadın qapını bağladı, açarları çantasına qoydu, geri çevrilib Farizlə göz-gözə gəldi: -Orada qəşəng ilıq çay verirlər! Ha-ha-ha...
Fariz bir oğluna, bir bəstəboy qadına baxdı, başını təsdiq mənasında yellədi. Uşaq pillələri qaçaraq enməyə başladı. Fariz azacıq ləngidi ki, qadın ondan bir addım önə düşsün. Pilləkənlərin sonuna çatanda özünü saxlaya bilmədi:
-Narkoman anasının uşağımı məhkum etdiyi bədbəxtliyi gülüşünüzlə sildiyiniz üçün sizə mütəşəkkirəm.
Qadın geri çevrilmədən asta səslə cavab verdi:
-Məni həyata qaytaran, “hələ yaşamağa dəyər” dedirdən bir uşaq yetişdirdiyiniz üçün mən sizə mütəşəkkirəm.
-Və bundan sonra bizi bir-birimizə bağlayacaq olan uşaq...
Qadın bir anlıq dayandı, sonra geri boylandı, altdan-yuxarı Farizi süzdü. O anlarda dünyanın ən xoşbəxt uşağının səsi ikisini də diksindirdi:
-Olar, mən o mağazada deyim ki, atamla anam mənə “Balaca şahzadə” kitabını almağa gəliblər?
Ani tərəddüddən sonra Fariz də, qadın da eyni anda ucadan səsləndilər:
-Hə!
“Ədəbiyyat və incəsənət”
(25.12.2024)