Könül, “Ədəbiyyat və incəsənət”
Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə rubrikamızda ustad şair Musa Ələkbərlinin təqdim etdiyi yeni şeiri yer alacaq.
“Şeirim hardan gəlir” deyə sual verən şair
Şeirim hardan gəlir, nə sayaq gəlir
Sən onu bilməzsən, tək mən bilirəm.
-deyə özü də sualına cavab verir. Sonra da bu sirri oxucusuna açır.
Xoş mütaliələr.
ŞEİRİM HARDAN GƏLİR
Haqq sözdən, gur səsdən yuxun qaçmasın,
Özgə bostanına daş atma, "dostum".
Paxıllıq qapına ayaq açmasın,
Qəlbində kin, həsəd yaşatma, “dostum".
Şeirim hardan gəlir... Onu deyən kəs
Tanrıdı, mələkdi, kimdi bilmirəm.
Mənə "yaz" söyləyən bu eşq, bu həvəs
Məsləkdi, məramdı, dindi, bilmirəm.
İlham boğazıma çökdüyü dəmdə
Qələm axtarıram xilasım üçün.
Dərd elə qışqırır bəzən sinəmdə
Səsi qulağımı tutur büsbütün.
Sakit deyəmmirəm sözümü onda,
Qəm ötkəm çıxanda səs gur olurmuş.
Şeirini ürəklə dediyi anda
Şair fatehdən də məğrur olurmuş!
Nə vaxtki kəlmələr baş-ayaq gəlir
Qələmi özümə düşmən bilirəm.
Şeirim hardan gəlir, nə sayaq gəlir
Sən onu bilməzsən, tək mən bilirəm.
Gücü göydən gəlmir bəyəm şairin?!
O ki ondan-bundan misra dilənmir.
Başı daşdan-daşa dəyən şairin
Qələmi daş yarır, daşa dirənmir!
Darılma gur səsə, sərrast şeirə sən
O haqdır, nahaqdır...İçinə salma.
Ağzını xeyirə aç, ancaq xeyirə sən,
Səninçün də düşsün göydən üç alma.
Sözdən bezəcəksən yəqinki bir gün
Bulud tək kövrəlib, göy tək dolmasan.
Qırxıncı qapının açarı üçün
Canından keçməyə hazır olmasan!
Nə vaxt kəlmələrim baş-ayaq gəlir,
Qələmi özümə düşmən bilirəm.
Şeirim hardan gəlir, nə sayaq gəlir
Sən onu bilməzsən , tək mən bilirəm!!!
“Ədəbiyyat və incəsənət”
(24.12.2024)