Könül, “Ədəbiyyat və incəsənət”
Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə rubrikamızda ustad şair Qulu Ağsəsin təqdim etdiyi yeni şeiri yer alacaq.
Şair yenə özünəməxsusdur, yenə mükəmməldir. Vətənlə arası hərdən dəyir. Axı niyə? Bax bu sualın cavabı var şeirdə.
Xoş mütaliələr.
Canım Vətən,
səninlə
düz-əməlli kəlmə kəsməmişik
indiyətən,
kəssək, soruşardım:
yenəmi Arazla suvarılır
ədəbiyyat zəmin,
niyə süngülərin
yalın ayaqla qalxdığı
Ruh yüksəkliyinə
hazır maşınla çıxa bilmir
heç kəsin qələmi?!
Canım Vətən,
adamların başına darısı,
bircə bitkilər bilir fanidi həyat
diriykən torpağa basdırır yarısın...
Canım Vətən,
elə bilmə, görmədim,
şəhid evində
(bayraqdan başqa!)
hər şey köhnədi...
Canım Vətən,
and olsun ikinizin canına,
burdan başqa heç harda yoxdu
göz dəyməsin deyə
şikəst balasının
başına duz çevirən ana...
Səni necə qurmuşuq,
canım Vətən:
bir vətən daş altdan,
bir vətən daş üstdən!..
Hərdən aramız dəyir
“niyə”sini indi deyirəm:
sən
vətənpərvər şeir istəyirsən,
mən
şeirpərvər vətən istəyirəm,
canım Vətən...
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)