Bu il XX əsr Azərbaycan poeziyaının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Xalq şairi Hüseyn Arifin anadan olmasının 100 illiyi tamam olur.
Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq şairi Hüseyn Arifin zəngin ədəbi irsini və onun haqqında olan çoxsaylı materialları geniş oxucu kütləsinə çatdırmaq məqsədilə “Hüseyn Arifin biblioqrafiyası”nı hazırlamışdır.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, biblioqrafik göstəricidə “Hüseyn Arifin həyat və yaradıcılığı”, “Hüseyn Arifin həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Hüseyn Arif haqqında”, “Hüseyn Arif qələm dostları haqqında”, Xalq yazıçısı İsmayıl Şıxlının “Elə bağlı sənətkar”, akademik Nizami Cəfərovun “Hüseyn Arif dünyası”, Əməkdar incəsənət xadimi, AYB Qazax bölməsinin sədri Barat Vüsalın “Qağamın “Aman evi”” adlı məqalələri, həmçinin Hüseyn Arifin öz əsərləri, kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, məqalə və çıxışları, tərcümələri, şairin həyat və yaradıclığını, ədəbi fəaliyyətini əks etdirən 1946-2024-cü illərdə dərc olunan materiallar öz əksini tapmışdır.
Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılmış, xronologiya daxilində isə əlifba ardıcıllığı gözlənilmişdir. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə sonda köməkçi göstəricilər tərtib edilmişdir.
Vəsait tərtib edilərkən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının, M. F. Axundov adına Milli Kitabxananın, AMEA Mərkəzi Elmi Kitabxanasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, BDU-nun, ADPU-nun kitabxanalarının fondlarından, ənənəvi və elektron kataloqlarından, internet resurslarından, Azərbaycan Aşıqlar Birliyində saxlanılan materiallardan, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədlərindən istifadə edilmişdir.
Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)