Mənim narıncım... Müasir ədəbiyyatın yaşılı... Bir də, “İkimiz”... -MÜSAHİBƏ Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

        

Hər gün özüylə insana qorxular da gətirir.  Bu günümün qorxusu nə vaxtsa xatirələrimi itirməyimdir. İtirsəm... Özümlə sabaha nəyi apararam?  Sabaha... O yerə ki, “portağal dadında açılır səhər...” O yerə ki, “narıncı ayrılıq” bütün “ağ gün arzuları”nın başı üstündə rəqs edir.  Bir şeirimdə Gəncənin gecə işıqlarını sarı atlasa bənzətmişdim. Başqa şeirimdə isə qoca palıdın başına qara şal deyil, sarı bağladığını söyləmişdim. Və o sarı getdikcə tündləşəndə olur narıncı. Olur sabah... Olur ümidin üstünə düşən gün işığı. Sokratın özünümüdafiəsi dünyanın ilk hüquqi müdafiə nitqi sayılır. Filosof öz bilgisizliyinin isbatı üçün şairlərin fikrini almağa cəhd edir. Və şairlər öz yazdıqları haqqında sıradan bir oxucunun dediklərindən fərqli heç nə demir. 

Sokrat deyir: “O zaman anladım ki, şairlər əsərlərini bilgilərindən deyil, bir növ instinkt ilə Tanrıdan gələn bir ilhamla yazırlar”. 

Mənimçün şeiriyyəti narıncı rəngdə olandır Xanım Aydın. Üzünə baxanda da narıncı rəngi xatırlayıram. Qışın ən soyuğunda, lap elə bu gün - bu dekabr ayazında Xanımla söhbətləşmək istəyim bir az da soyuqdan qaçmaqdır bəlkə. 

Yazıçı, şair, tərcüməçi Xanım Aydın.  1984-cü ildə Bakıda anadan olub. Üç kitab müəllifi, çoxsaylı kitabların tərcüməçisi və redaktorudur. Onun ssenari müəllifi olduğu seriallar böyük maraqla qarşılanıb, xüsusi izləyici auditoriyası qazanıb.  Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2016), “Müşfiq” mükafatçısı, KİVDF və MEDİA agentliyinin keçirdiyi müxtəlif jurnalist müsabiqələrinin qalibidir. Xanım Aydın bu gün həm ədəbiyyat, həm də jurnalistika sahəsinin parlaq simalarındandır.

 

– 2024-cü il sizin üçün necə keçdi?

 

– İlim, şükür Allaha, yaxşı keçib. Tərcümə və redaktə etdiyim xeyli kitab işıq üzü gördü, ssenari müəllifi və redaktoru olduğum seriallar efirdə uğurla yayımlandı. Sevdiyim işlə məşğulam.

 

– Həyatda axtardığınız ədəbiyyatda varmı?

 

– Ədəbiyyat özü elə həyatımızdır. Həyatımızdan yazılan, həyatımızı yazan və bütün həyatımızla vahid bir orqanizm - ruh və can vəhdəti olan nəsnədir. Bunları bir-birindən ayrı görmürəm.

 

– Kitablarınızdan danışaq... "İkimiz" dəhşətdi... Dəhşətini mən açıqlayacağam sonda, siz  özünüz kitablarınızdan nə danışa bilərsiniz?

 

– İlk kitabım -“Yağış olmaq istəyirəm” adlı şeirlər kitabım 2014-cü ildə çap olunmuşdu. Uzun fasilədən sonra - 2022-ci ildə iki kitabımı ərsəyə gətirdim. “İkimiz” adlı şeirlər və “Çamadan” adlı hekayələr kitabımı oxucularıma təqdim etdim. Kitab təqdimatım gözlədiyimdən də uğurlu keçdi. O qədər əziz insanı yanımda görmək məni çox xoşbəxt etmişdi. Üstündən iki il keçməsinə baxmayaraq, hələ də o günün xatirəsi təzədir, doğmadır, əzizdir. Çünki bilirəm ki, həmin gün yanımda olanlar mənə, yazıma, yaradıclığıma dəyər verənlər idi. Və onlar az deyillərmiş. Həmin gün çap olunan kitabların 80 faizi satıldı. Hazırda kitablardan hərəsindən cəmi 10 nüsxə qalıb.

 

– Bir çox kitabı dilimizə tərcümə etmisiniz. Tərcüməçiyə həmmüəllif də deyirlər. Özünüzü tərcümə etdiyiniz əsərin ikinci müəllifi hiss edirsinizmi?

 

– Ədəbi tərcümə mənim üçün həmişə maraqlı olub. Uzun illərdir bu işlə məşğulam. Tərcüməmdə bir çox kitab işıq üzü görüb.  Hələlik sonuncu Anna Dostoyevskayanın “Mixail Dostoyevski haqqında xatirələrim”dir. Bu əsəri tərcümə edəndən sonra Dostoyevski dühasına sevgim ikiqat artıb. Dostoyevskinin şəxsi həyatı ilə bağlı dildən-dilə eşitdiklərini danışanlara bu kitabı oxumağı xüsusilə tövsiyə edirəm. Anna həyat yoldaşının sevinci, kədəri, iztirabları və əlbəttə ki, bir yerdə yaşadıqları sevgi, hiss və duyğularını olduqca sadə, səmimi və son dərəcə həssaslıqla qələmə alıb. Tərcüməyə gəlincə... Demək istərdim ki, tərcümə edəcəyin dili bilmək bədii əsər nümunəsini çevirmək üçün kifayət etmir. Həmin xalqın məişətini, tarixini, həyat tərzini bilməyəndə, tərcümə çiy, saxta alınır. Sadəcə sözləri, cümlələri dilimizə çevirmək tərcümə etmək deyil. Tərcüməçi mətnə xələl gətirməməli, müəllifin fikirlərini təhrif etməməli, olduğu kimi oxucuya çatdırmalıdır. Yəni o, oxucu və müəllif arasında, sadəcə, gözəgörünməz bir körpü olmalıdır. Qoqolun dediyi kimi: “Tərcüməçi şüşə kimi olmalıdır, o qədər şəffaf olmalıdır ki, görünməsin”. Ümumiyyətlə, bu işdən zövq almağı bacarmaq lazımdır. Zövq almırsansa, gərək məşğul olmayasan.

 

– Redaktoru olduğunuz  xeyli kitab var. Redaktə prosesindən də zövq alırsınız?

 

– Redaktəni də çox sevirəm. Tərcümə kimi, həm yaradıcı, həm də texniki işdir. Redaktor ancaq müəllifin yazdığı fikirləri cilalaya, aydınlada, belə deyək də, oxucu üçün daha doğru bir formaya gətirə bilər. Amma gərək müəllifin ortaya qoyduğu mövzu, fikir, süjet də qaydasında ola. Yəni redaktor müəllifi yaxşı yazıçı etmir. Amma yaxşı redaktor həm də müəllifin yaxşı yazmaq istəyini formalaşdırır.

 

– Əliniz uğurludur... Sınamışam. Bəs sizin necə, qəribə inanclarınız varmı?

 

– Mənim üçün bu, inanc deyil. Hər bir canlının, elə əşyanın da mənfi və ya müsbət  enerjisi var. Əgər yaxşı insansansa, əgər niyyətin xoşdursa, heç kimə pislik etmirsənsə, pislik arzulamırsansa, əgər ürəyində, ruhunda insanlara sevgi bəsləyirsənsə, mərhəmət hissin varsa, deməli, ötürdüyün enerji də müsbətdir. Dediyiniz o “əlin uğurludur”, yəqin ki, həmin o müsbət enerjidir. İnandığım ancaq yaxşılıqdır. Etdiyin mütləq özünə qayıdır: istər yaxşı, istər pis.

 

– Zaman maşını hədiyyə etsələr, hara və ya kimin yanına gedərdiniz?

 

– Dünənimlə, bu günümlə bağlı şükürlü insanam. Amma ən gözəl günlərin sabah olacağına inanıram. Çünki ürəyimdə həmişə mənimlə birgə ümidlərim də böyüyür. Sabaha inam artır. O sabahların haradasa qırılacağını bilsəm belə, günəşin sabah daha yaxşı parlayacağına inanıram.

 

– Hərdən olur... Nə?

 

– Olur da hərdən, darıxmağın havası dolaşır saçlarıma...

 

– Hər kəsin bir rəngi var. Ümumiyyətlə, rəngin insan taleyinə müəyyən təsiri var, deyirlər. Hansı rəngdir sizinki?

 

– Mənim rəngim yaşıldır. Dəqiq səbəbini bilmirəm. Amma bilirəm ki, yaşıl həyat, yenilənmə, təbiət və enerji rəngidir. O, böyüməyə ilham verir, xoşbəxt emosiyalar yaradır, qorunma və təhlükəsizlik hissinin formalaşmasına kömək edir. Mənfi emosiyaları aradan qaldırır, insana sakitlik, harmoniya və rahatlıq gətirir. Bölüşməyin, əməkdaşlığın, comərdliyin rəngidir. Həm də, əsas məsələ, inadkar adamların rəngidir. Mən də bir az inadkaram axı. Narıncı deyirsiniz mənə həmişə... Ən yaxınlarım mənə “Günəş” deyir. Bəlkə də, narıncı - isti rəng sizin gözünüzdə oradan əks olunub.

 

– Arzularınızın arxasınca gedirsiniz, yoxsa Piafla həmfikirsiniz ki, "ən böyük arzular heç vaxt gerçək olmur"?

 

– “Arzunun reallıqdan daha yaxşı tərəfi var. Reallığın da arzudan daha yaxşı tərəfi var. Tam xoşbəxtlik hər ikisinin birləşməsi olardı”. Bunu rus yazıçısı Lev Tolstoy deyib. Əlbəttə ki, arzu gözəldir, ona görə ki, onun reallaşmağını gözləyirsən. Reallaşandan sonra sevinir, yeni arzunun dalınca qaçmağa başlayırsan. Arzun olmasa, bir gözləntin, bir sevincə çatmaq niyyətin olmasa, o niyyətə doğru ümidlə addımlamasan, həyəcanla arzunun çin olmağını gözləməsən, həyatın nə mənası olar axı? Ümumiyyətlə, əlçatanlıq ucuzlaşdırır, adiləşdirir həyatı.

 

...Xanımın “İkimiz” kitabı dəhşətdir.  Orada əks olunanlar insanda özünəinam yaratdığı kimi,  var olan inamını yerlə-yeksan etməyi də bacarır.   Xanım mətnləri ilə insanın öz gözünə gözəl göründüyü güzgüləri çilik-çilik edir, amma o çiliklərin arasından narıncı işıq sızdırmağı da bacarır.

Müasir Azərbaycan ədəbiyyatının yazmaq, redaktə etmək, tərcümə etmək kimi məsuliyyətli ağırlıqlarını öz zərif  barmaqlarının ucunda daşıyanlardandır Xanım. O zərif barmaqlara ötürülən böyük, nəhəng bir düşünmək də var axı. Əzminiz daim, könlünüz sevincək olsun, Xanım! Razıyam, hə, hərdən olur gözəlliklər. Məsələn, Xanım kimi ədəbiyyat fədakarından müsahibə almaq şansı qismət olur Şəfaya...

 

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.