BİRİ İKİSİNDƏ – Füzuliyə ithaf edilmiş şeirlər Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsi böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilib. Bu dəfə sizlərə Füzuliyə ithaf edilmiş şeirləri təqdim edirik.

 

Əlağa VAHİD

 

FÜZULİDƏN TƏXMİS

 

Diyari-eşqə sultanəm, bəlalər çox çəkib başım,

Cəlali-şövkətim qəmdir, hücumi-dərd fərraşım,

Ömürlərdir axar kuyində yarın qanlı göz yaşım,

“Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,

Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım”.

 

Xəyal eylər görən, bir bülbüləm gülzari-eşq içrə,

Yaxar gülzari naləm ahi-atəşzari-eşq içrə,

Məni sevdayi-həsrətdür yıxan azari-eşq içrə,

“Tərazuyi-əyari-möhnətəm bazari-eşq içrə,

Dolub hər dəm gözüm, min daşə hər saat dəyər başım”.

 

Görüb rüsvalığım eşqində yarın, tən edər hər kim,

Bəlalər çəkməyə guya məni çərx eyləmiş təhkim,

Fələkdən başıma daşlar yağır, qılmaq dilər tərkim.

“Sirişkim al, bağrım parə, bir kuhi-bəlayəm kim,

Fləmişə laləvü ləl ilə rəngindir içim, taşım”.

 

Həyatı aşiqin eşq olmasa, əfsanə bir röya,

Məhəbbətdir fəqət pəjmürdələr qəlbin edən əhya,

Məni aşiq doğub, qoynunda yalnız bəsləmiş dünya,

“Mənə manənd bir divanəsurət bağlamaz guya,

Qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım”.

 

Sevinci könlümün yar etdiyi qəhri-qəzəbdəndir,

Vəfadə sabit olmaq aşiqə əslü-nəsəbdəndir,

Cəfayə dözməmək, Vahid, demə, rəsmi-ədəbdəndir.

“Füzuli, xazini-gənci-vəfayəm, ol səbəbdəndir,

Cühərlər tökdü israf ilə bu çeşmi-gühərpaşim”.

 

 Rəsul RZA

 

FÜZULİ

İlk sətirlər

 

Şeirinlə, fikrinlə doluyam, ustad!

Elə bil ürəyim baharla dolub.

Gecə-gündüz yazıb-pozduğum sözlər

Sanki gül-çiçəkdir, bir uşaq yolub.

 

Dəstə bağlamağı bacarmır ancaq,

gah bunu, gah onu götürür, baxır.

Müşkülə düşmüşəm, qınama, ustad,

adına bağlanır bu dəstə axı!

 

Səni axtarıram sözlər içində.

Yox, adına layiq söz axtarıram.

Dərdini, naləni duyan bir ürək,

möhnətini görən göz axtarıram.

 

Bilirəm, el dərdi, vətən həsrəti

quru sazaq kimi səni kəsibdir.

Hər vətən deyəndə yaşarıb gözün,

dodağın titrəyib, dilin əsibdir.

 

Vətən bəzən dərdli, bəzən nəşəli,

düşünən, yaradan insan deməkdir.

Yüz çayı, yüz çölü, yüz dağı olsun,

insansız bir torpaq nəyə gərəkdir?!

 

Torpaqsız insan da yuvasız quşdur,

ömrün boranından necə qorunsun?

Qanadlı bir quş da, nə qədər uçsa,

axırda gərəkdir bir yerə qonsun.

 

Dağlar da görmüşəm, qayalar da mən,

başı buludlarda şəlalələr də.

Budaqları pıtraq bəhərli bağlar,

çölə yanğın salan tər lalələr də.

 

Bəs neçin yurdumun daşı, torpağı

hər çöldən, çəməndən mənə əzizdir?

Nədəndir Arazın bulanıq suyu

duru göz yaşından mənə təmizdir?

 

Deyirlər, İraqdan ayrılmamısan,

ömrün Kərbəlada, Bağdadda keçib.

Əgər doğma idi sənə o yerlər,

niyə bütün ömrün fəryadda keçib?

 

Bir daş ürəkliyə könül vermisən,

yandırıb qəlbini külə döndərib,

Bəs necə hikmətdir yanan ürəkdən

çıxan hər sözünü gülə döndərib!

 

Yanıq nəğmələrin yayıldı elə,

ümidin gözündə bir çənə döndü.

Bircə muradınla dönmədi dövran,

muradına qarşı döndü, nə döndü!

 

Ürəyim şerinlə doludur, ustad!

yazıb-pozduqlarım varaq-varaqdır.

Bu çətin yollarda mənzil başına

məni məhəbbətin aparacaqdır.

 

 

                                

                              Bəxtiyar VAHABZADƏ

 

ONUN PƏRİŞANLIĞI

 

(Füzuli heykəlinin açılışı münasibətilə)

Heykəlin müəlliflərinə

Sağ olun,

Çox sağ olun,

Gözəldir heykəliniz.

Qoy var olsun əliniz!

Füzulini deyil, siz

Bu günü duymuşsunuz.

Sənətin bizim əsrə

Sözünü duymuşsunuz.

Öz əsrində Füzuli

Axı nəyə ağlamış?

Kim deyir ki, Məcnuna,

Ya Leyliyə ağlamış?

Mən anlaya bilmirəm,

Şah İsmayıl əsrini

Yamanlaya bilmirəm.

O, öz zərrə dərdinə

Ümman dedi, dağ dedi.

O, öz “yalan”larıyla

Əsri də silkələdi.

Bizsə ağ yalanları

Daddıq həqiqət kimi –

Bədbəxtliyi səadət,

Zəhəri şərbət kimi.

Heykəliniz gözəldir!

Onun o əyri beli

Sanki mənim əsrimin

Dərdilə yüklənibdir.

Şeirinin hər nidası,

Nəğməsinin hər xalı

Əsrinə köklənməyib,

Əsrimə köklənibdir.

Onun pərişanlığı

Köksündə od qalanmış,

Ana yurdu talanmış

Elin pərişanlığı...

Yüz yerə parçalanmış

Dilin pərişanlığı.

O, sakit görkəmiylə

Qaya kimi dayanıb,

Dərya kimi çağlayır.

Öz doğma millətinin

Dünəninə güvənir,

Bu gününə ağlayır.

 

 iyul 1962

 

 

                              Əli KƏRİM

FÜZULİ

 

Dünya səni qocaltdı, yaşıdın olsun deyə

Gömüldü dərdin yerə, ucaldı ahın göyə.

Dərdə şərik – dərd özü, sükut – suala cavab.

Qranit dağlar belə gətirməzdi buna tab.

 

Füzuli, o nə dövran!..

Görsələr yanır insan,

Yanana od verdilər.

 

Füzuli, o nə kədər!

Görsələr donur insan,

Donana buz verdilər...

 

Füzuli, o nə qədər? –

Görsələr batır insan,

Batana dəryaları

birdən bəxş elədilər.

 

Dünya səni qocaltdı,

Qocaldın dünya kimi,

Könlün kədərlə dolu –

çalxanan dərya kimi.

 

Gəldi kəsdi qapının ağzını şöhrətlə ad.

Ey böyük ustad,  heyhat.

Ürəyində o ada, şöhrətə yer vardımı?

Min bir kədər əlindən

orda yer qalardımı?

Gəldi cavan bir qızın

vədəsiz məhəbbəti,

Könlündə dərd əlindən

bu eşqə yer vardımı?

Bəzən də xanəndənin

cilvələndi sənəti,

Qəzəllərindən ayrı

qəzəl oxunardımı?

Doğma sözlərinə də

qəlbində yer vardımı?

Dünya səni qocaltdı –

cavan görünsün deyə.

 

Yanğınlar tüstüsütək

ahın ucaldı göyə.

Sən od tutub alışdın.

Bu odu qoca Şərqin

hər yerindən gördülər –

gördü bu doğma yerin.

 

Bütün bu gen dünyanın

gözləri göydə qaldı.

Göy də şəfəqlər saçan

ahına baxdı, daldı.

 

Dedilər ki, fələklər

yaratmışdır bu odu,

Fəqət bu oda yanan

fələklər özü oldu.

 

Baxıram ucalardan

gəlir Füzuli səsi.

Görünür ucalarda

onun nurlu izləri.

O ulduzlar

Füzuli yanğısının közləri,

O günəşdə Füzuli odunun nişanəsi.

 

                                                         1958

 

 

 

                             Zəlimxan YAQUB

 

GÖRÜŞ–AYRILIQ

 

Səndən xatircəməm, Füzuli babam,

Qəbrinin daşından öpüb gedirəm.

Gözümün yaşını çiçəklər kimi

Məzarın üstünə səpib gedirəm.

 

Kim deyir məzarın dağılıb sənin,

Kim deyir torpağın külə çevrilib.

Ən yaxın həmdəmsən İmam Hüseynə,

Nəfəsin çiçəyə, gülə çevrilib.

 

Milyonlar doğulur, milyonlar gedir,

Hamı belə yerdə uyumur, babam!

Düz beş yüz ildir ki, xalqın, millətin

Sənə məhəbbəti soyumur, babam!

 

Kərbəla taleli, Kərkük haraylı,

Nəcəf xatirəli ustadım mənim.

Min dağı qoparıb bir dırnağilə

Söz dağı ucaldan Fərhadım mənim.

 

Süzülə-süzülə sözə çevrilib,

Əriyə-əriyə qəlbin şəm oldu.

Səhrada Məcnuna qurduğun saray

Bütün saraylardan möhtəşəm oldu!

 

Dünyaya gələndən dünya şeirinin

Ağrı damarısan, ah damarısan.

Bir qəlbin içində yerləşir bəşər,

O qəlbin, ürəyin şah damarısan!

 

Ömür bağışladın, ölməz elədin,

Leyli də, Məcnun da yaşar sinəndə.

Zamandan zamana axar, dayanmaz,

Dəclə də, Fərat da daşar sinəndə!

 

Gəzdiyin yerləri gəzdim, dolandım,

Yatdığın torpaqda yata bilmədim.

Şöhrətin o qədər yüksəklərdədir,

Bircə pilləsinə çata bilmədim!

 

Təzə pöhrəsiyəm Azərbaycanın,

Sözün sünbülündə dənəm, ay ustad!

Vidadi xəstədən Bağdad elinə

Nişanə yetirən mənəm, ay ustad!

 

...Mən indi bildim ki, Bakıyla Bağdad,

Onda bir-birinə həsrət deyilmiş.

İndi bizim üçün qürbətə dönüb,

O zaman bu yerlər qürbət deyilmiş!

 

Təbrizə, Hələbə, Bağdada, Şama,

Nə qədər köç gedib, axın olubdu.

İndi yaxınları uzaq salmışıq,

O zaman uzaqlar yaxın olubdu!

 

Sevgini ən dadlı bir şərbət kimi

Bütün nəsillərə içirən babam.

Ərəbin dərdini türkün dilində

Dünyanın qəlbinə köçürən babam!

 

Baş əyib ölümsüz misralarına,

Qəbrinin daşından öpüb gedirəm!

Gözümün yaşını çiçəklər kimi,

Məzarın üstünə səpib gedirəm!!!

 

Kərbəla, sentyabr 1994

 

 “Ədəbiyyat və incəsənət”

(16.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.