Aynur İsmayılova, BSU-nun məzunu, “Ədəbiyyat və incəsənət” üçün
Hər şey bir səyahət zamanı təyyarədə baş verdi. Gənc oğlan biletdə göstərilən yerini axtarmağa başladı. Təyyarənin qalxmasına az qalmışdı. Sərnişinlər demək olar ki yerini almışdı. Hələ də ortalıqda gəzişən adamlar vardı.
Əli çətinliklə də olsa sonunda öz oturacağını taparaq yerinə əyləşdi. Onun yanında yaşlı bir şəxs əyləşmişdi. Əli qocaya salam verdi, lakin deyəsən, qoca esitmədi. Sanki dərin düşüncələrə dalmışdı. Əli düşündü ki, qoca ya özündən razıdır, ya da ağır eşidir. Qocaya fikir vermədən öz işiylə məşğul olmağa başladı. Bu yolculuğun sıxıcı keçəcəyini düşünərək yol boyu hansı musiqiləri dinləyəcəyini düşündü. Bir yandan da qocanın bu səssizliyi onda qəribə hisslər oyadırdı. Elə bil hansısa qüvvə onu qocayla danışmağa, söhbət etməyə cəzb edirdi.
Yenə də bunun mənasız olacağını düşünərək musiqi dinləməyə qərar verdi. Təyyarə yavaş-yavaş qalxmağa başladı. Səkkiz saatlıq uçuş Əli üçün çox darıxdırıcı gəlirdi. Bu müddət onun üçün mahnı dinləmək, ətrafa göz gəzdirmək və yanında oturduğu yoldaşla söhbət etməkdən başqa heç nə ifadə etmirdi. Bu dəfə şansı gətirməmişdi. Yanında oturan qocayla nə söhbət edə bilərdi? Gördüyü anda itici gəlmişdi qocanın səssizliyi. Ətrafda da baxılacaq bir şey yox idi.
Yan oturacaqdan ağlayan uşaq səsləri eşidilirdi. Bu, Əlini daha da səbirsizləşdirirdi. Musiqi dinləməkdən başqa şansı yox idi. Təyyarə qalxandan ancaq musiqiyə qulaq asırdı.
Bir az keçəndən sonra Əli mahnı dinləməkdən də sıxıldı. Yan oturacağına baxdıqda qocanın hələ də nə isə düşündüyünü gördü. Öz-özünü fikirləşdi: “Bu yaşlılar çox qəribədirlər. Bir buna bax. Bu qədər vaxtda nə danışır, nə dinir. Görəsən, nə düşünür? Bir insan da bu qədər düşünər? Sanki dünyanın dərdini çəkmək bu qocaya qalıb. Yaşlılıq əlamətidir hər halda.”
Qocanın səssizliyi Əlini daha da qıcıqlandırırdı. Bir tərəfdən də bu hal onda qəribə bir maraq oyadırdı. Əli səssizliyi pozmaq qərarına gəldi.
-Çox dərin düşünürsüz, cənab.
Qoca duruşunu pozmadan sualın ona verildiyini hiss edərək dilləndi:
-Zamanında çox yalnız qalmışlığım var, ondan olsa gərək.
Bu cavab Əli üçün gözlənilməz oldu. Demək, bu qoca ömrünü yalnız qalmaqla yaşayıb? Söhbətə davam etmək istədi.
-Yalnızlıq nə qazandırdı sizə?
-Düşünməyi.
-Maraqlıdır. Bəs nə düşünürsüz?
-Özümü.
-Çox qapalı danışırsız. Özümü deyəndə tam olaraq nə demək istədiz? Düşünürəm ki, bu sözün mənası dərindir.
-Düşüncələrinizə qatılıram. İnsan dərya kimidir. Mənəvi dünyası arzuları, xəyalları, düşüncələri ən önəmlisi qəlbinin dərinliklərindəki həyatının əsl mənasıdır. Özümü deyəndə nə demək istədiyimi yəqin ki, başa düşdüz. Yalnız qalaraq düşünməyi öyrəndim. Düşünməyi bacarmaq həyatını, özünü tanımağı bacarmaq deməkdir. Hər düşüncə bir həyatdır. Yer üzündə nə qədər insan varsa o qədər düşüncə, o qədər həyat var deməkdir.
-Maraqlıdır. Bu zamana qədər belə düşündüyüm heç olmamışdı.
-Bu təəccüblü deyil axı, bu mənim düşüncəmdi. Dediyim kimi, hər düşüncə bir həyatdır. Kimi qurur, kimi yıxır.
Qocanın danışığında sirli bir aləm vardı və bu, Əli üçün yad idi. İlk dəfə idi belə sözlər eşidirdi. Əli bu söhbətdən zövq almağa başladı. Artıq qoca haqqında əvvəlki düşüncələrini unutmuşdu. İndi sadəcə yanında əyləşən bu qocayla söhbət etmək istəyirdi.
-Doğru deyirsiz, ancaq mən bir şeyə diqqət etdim. Siz insanı təsvir edərkən yalnız mənəvi dünyasını həyatın əsl mənası adlandırdız. Bəs yaşadığımız həyat? Sizcə bu dünyada yaşadıqlarımız həyatı əks etdirmir?
-Bəli. Yaşadığımız həyat seçmişlərin seçimidir. Mənəvi həyat isə seçdiyin həyatdır. Seçimin ya qarşına çıxan, ya da qarşına çıxardılandır. Seçdiyin isə yaratdığın və seçməyə çox az şansın olduğudur.
-Demək istəyirsiz ki, insanın mənəvi dünyası etmək istəyib də edə bilmədiyi və ya çox azını etməyi bacardığı bir həyatmı?
-Demək istədiyim əsl həqiqət səni sən edən, sən edəcək qəlbinin dərinliklərində yaşatdıqlarındır. Qurumasın deyə dibini suladığın, ancaq çiçək açmağa imkan vermədiyin həqiqətlərindir.
-Aydındır, cənab. Artıq nə demək istədiyinizi çox yaxşı başa düşürəm.
-Çox gözəl. Hər insan düşünməyi öyrənərsə həyatında fərqli pəncərələr açılacaq. Fərqli pəncərələrdən baxmaq lazım həyata. İnsan düşünən varlıqdır. Çox təəssüf kı, bunu indi çox az insan dərk edir. İnsan elektriklə işləyən hər hansı bir qurğu və ya robot deyil. Gənclik indi fərqli yaşanır. Texnologiyanın düşüncənizi əlinizdən almasına imkan verməyin.
-Ümid edirəm ki, sizi tanımaq mənə çox şey qazandıracaq. Düşüncələriniz təsirlidir. Hər gəncin qarşısına sizin kimi insanlar çıxarsa bəlkə də dünyamız çox daha gözəl olar.
-Bir insanın həyata fərqli baxmasına təsir edə bilmək sevindirici haldır mənim üçün.
-İnsan düşüncələrini ifadə edərək yaşarsa nə baş verər?
-İnsan heç zaman düşündüklərini olduğu kimi söyləməz. Düşündüyünü ya dəyişdirər, ya ona bənzərini söylər, ya da ki susar.
-Düşüncələr yaşadığımız ötəsindədirmi?
-Düşüncələr dünyanın əsiridir. Çox azı bir hissəsi bu əsirlikdən qaça bilir. Bəlkə bir gün bu əsirlikdən çox düşüncələr azad olarsa, dünyamız çox gözəl bir hala gələr. Hər şeyin təməli düşüncədir. Düşüncəni dəyiş, dünyan dəyişsin!
-Düşüncəmizi necə dəyişək? Məsləhət görəcəyiniz bir şeylər olmalı deyə düşünürəm.
-Heç bir məsləhət yoxdur. Sadəcə məhv olmağa qoymadığın iç dünyanın çiçək açmasına icazə ver. Səni sən kimi tanıyan sadəcə sənsən! Özünü kəşf et.
-Çox doğru deyirsiz, cənab! Bu tanışlıq mənə çox şey qazandıracaq. İlk öncə düşünməyi, özümü tanımağı, həyata fərqli pəcərələrdən baxaraq öz pəncərəmi tapmağı, ən önəmlisi, qəlbimin dərinliklərindəki həqiqətləri kəşf etməyi.
-Ümid edirəm ki, bunu bacaracaqsan, gənc oğlan! Həyat hələ qabaqdadır. Məsafələr uzun, xəyallar böyük, ümidlər sonsuz... İndi isə bir az yatmaq vaxtıdır. Təyyarə bir neçə saata enəcək. Qocalıq dincəlmədən hərəkət etməyə imkan vermir artıq. Gənclik enerjisi bir başqadır. Dəyərini bil.
-Sizinlə tanış olduğuma çox məmnun oldum, cənab! Dəyərli zamanınızı mənə ayırdığnız üçün minnətdaram. Gecəniz xeyrə.
Gənc oğlan təyyarədən enəndə artıq hara gedəcəyini, nə etməli olduğunu çox yaxşı bilirdi...
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)