“Azdı, çoxdu, mükafatdı bu ömür” – ƏKBƏR QOŞALI MUSA URUD BARƏDƏ Featured

“Ədəbiyyat və incəsənət” portalı şair, publisit Əkbər Qoşalının şair, millət vəkili Musa Urudun yaradıcılığı barədə qeydlərini təqdim edir.

 

Şair, Millət vəkili Musa Urudla tanışlığımızdan 30 il ötür.

O illərdə “Nuh, gəminə götür bizi” ricəti və “Tanrı şam yandırıb” poetik yəqinliyi ilə tanıdığım şairi, çox sonralar başqa bir şeiri, daha doğrusu, Tanrıdan və Peyğəmbərdən, habelə dindən, dini təsəvvürlərdən, uzaq tarix və coğrafiyalardan çox-çox yaxına və dosdoğma yurd gerçəklərinə gəlib çıxmış dördlüyü ilə bir yaz günü bir köynək daha yaxından tanımış oldum:

 

Alma çiçəklədi, nar çiçəklədi,

Laçının qaşında qar çiçəklədi,

Tumurcuq qızlardan yar çiçəklədi.

İlahi, nə gözəl başlayıb bu yaz!.. –

 

Bax, bu, poetik kəşf idi! – Deyəsən, şairin ilk şeirlərindəndir bu, lakin mən çox gec eşitmişəm – sanki Laçın işğal olunub, Zəngəzurdan ayağımız kəsilincə, Günbatar Zəngəzurdan üzü Gündoğar Zəngəzura doğru ismarlanan o şeir də, elə oralarda sərgərdan qalıbmış… Nə itən kimi itib, nə bitən kimi bitibmiş… Sanki, bir də, 2016-cı ilin Aprel Döyüşlərindən sonra üzə çıxdı, güncəlləşdi o şeir... Və şair dili yüyrək olar, vaxt keçdi vədə dolandı, Laçının başına bayraq sancan şanlı Ordumuz qarı da, sonra qar çiçəyini də, orada itən-bitən hər şeyi də gördü, buldu, bildi… Sonra Müzəffər Ali Baş Komandan respublikamızın yeni iqtisadi rayonlaşma xəritəsinə imza atdı: onlardan biri Gündoğar Zəngəzur adlanır – Gündoğar Zəngəzur varsa, demək, bunun Günbatarı da var, əlbəttə! Əlbəttə, Zəngəzuru heç vaxt unutmayan, unutdurmayan Dövlət Ağlı, Dövlət babamız vardır.

Onu da vurğulamadan keçməyək ki, torpağı işğal altında olan xalqın yazı da qış kimiydisə, şanlı Zəfər qazanmış xalqın qışı da yaz kimi cilvəlidir, gözəldir...

 

Bəli, Zəngəzur ordadır – yerindədir, yalnız Zəngəzurda yerlilər deyil, yadellilər məskunlaşıb və biz uzun illər Zəngəzurun günbatarı qalsın bir yana, gündoğarına da həsrət qalmışdıq... Amma hərbi, siyasi, iqtisadi və daha necə kateqoriyanın toxtaqlıq göstərdiyi məsələlərə poeziya, ədəbiyyat toxtaqlıq göstərə bilmir...

Qardaş Türkiyənin şeiri özündən ünlü şairi Əhməd Qüdsi Tecər (04.09.1901, Qüdüs – 23.07.1967, İstanbul) necə deyirdi? –

 

Orda bir köy var, uzaqda

O köy bizim köyümüzdür.

Gəzməsək də, tozmasaq da

O köy bizim köyümüzdür.

 

Orda bir ev var, uzaqda

O ev bizim evimizdir.

Yatmasaq da, qalxmasaq da

O ev bizim evimizdir”... – bax, belə bir ruha sahib ümumtürk poeziyasına candan-könüldən bağlı Azərbaycan ədəbiyyatının 80-cilər ədəbi nəslinin tanınmış nümayəndələrindən olan Musa Urud, Azərbaycanla Türkiyəni yenidən və əbədi birləşdirəcək Zəngəzurun şeirini də, üstəlik, kitabını da yazdı. Şair Zəngəzuru hər üzünə, bütün əməli çalışma sahələri üzrə araşdırıb – keçmişin dərinliklərindən – bu günün gerçəklərinə, bu gündən – gələcəyin üfüqlərinə, soldan – sağa, günbatardan – gündoğara...

Bu yazıda biz Zəngəzur doğumlu, Zəngəzur sevdalı, Zəngəzur umudlu Musa Urudun poetik yaradıcılığına toxunacağıq.

 

Musa Urudun şair kimliyi

 

Musa Urudun poetik dünyası milli dəyərlərə, bəşəri düşüncəyə və bunlarla yanaşı, özünəxas üsluba malikdir. Şair-Millət vəkilinin yaradıcılığı oxucunu həm düşünməyə, həm də, necə deyərlər, hiss etməyə sövq edir, toplumdakı mənəvi-əxlaqi qayğılara çəkir.

 

Atasız-anasız keçinmək olur,

Qardaşsız-bacısız keçinmək olur;

Vətənsiz keçinmək olmur, İlahi!

Adam niyə yurddan didərgin düşür,

Adam niyə yurdda ölmür, İlahi”?!. – Şair vətənlə ruh bağlılığını çox təsirli ifadə edir – bununla belə, həmin ifadəlilikdə həm keçmişə, həm də gələcəyə ümidlə baxan milli bir baxış görünür. – Çünki İlahiyə sual edilirsə, hər hansı beynəlxalq qurum-quruluş deyil, Haqqa və Xalqa arxalanmaq poetik qərarı üzə çıxmış olur... Haqqın incəlsə də, üzülmədiyi isə tapındığımız həqiqətdir... –

Yolum Zəngəzuradı,

Kəbəm, qibləm oradı.

Hər qayası bir ayə,

Hər dağı bir surədi”...

 

Musa Urudun şeiriyyəti üç əsas özəlliyi ilə seçilir:

1.     Milli kimlik və tarixi yaddaş: Şairin şeirlərində xalqımızın taleyi, tarixi və mübarizəsi canyağılı öz və özəl bir xətlə keçir. Qarabağ, Zəngəzur, ümumən işğal görmüş torpaqlarımız şairin şeirlərinə mövzu olub. Musa Urudun doğma yurda, el-obaya, vətənə həsrəti və qəhrəman şəhidlərimizə ad etdiyi şeirlər milli ruhun səciyyəsi, təssümüdür.

 

Vaxtilə

Yaş artdıqca çoxalar

çin olmayan yuxular.

Yatar qaraçuxalar,

zor hər başa çıxarar,

ağıl hər başa gəlməz”... yazan şair Zəfər Yolu ilə Şuşaya gedərkən, öz içini-dışını Zəfərin işığına və yaratdığı yeni umuda bələyərək, bu bayatını pıçıldayırdı:

Mən aşiq Zəfər yolu,

İgid yolu, ər yolu.

Zəngəzura gedənin

Qədəminə sər, yolu”.

 

2.     Bəşəri ismarıclar: Musa Urud bir şair olaraq, yalnız milli mövzularla məhdudlaşmır və zatən şairin milliliyi hər hansı məhdudluq daşımır da... Onun şeirlərində humanizm, sülh və ədalət ideyaları geniş yer tutur. Fərdi hissləri, duyğu-düşüncələri universal anlam ilə üzvi surətdə birləşən şairin şeirlərinin hər kəsə doğma görünməsi təsadüfi deyil.

 

“...Batmaqdı, dənizdə batım,

Yosunları tacım olsun.

Yarı balıq, yarı adam,

Su qızları bacım olsun,

Apar məni dənizlərə”... –

Şair insanın təbiətlə olan bağlılığını və ruhi-mənəvi birlik ideyasını poetik dillə təsvir edir.

 

3.     Duyğu və forma harmoniyası: Onun şeirlərində forma ilə məzmun arasında özəl bir dəngə mövcuddur və bu dəngə, necə deyərlər, riyazi yox, riyazidən ötə təbiidir. Şair fikirlərini ədəbi texnikalar, metaforalar, ahəng, ritm (və alqoritm) üzərindən dərinmi-dərin, qanadlımı-qanadlı ifadə edir...

Gözümün ağından keçdi,

Sinəmin dağından keçdi;

Solumdan-sağımdan keçdi,

Sevgilər görmədi məni”... –

Göründüyü kimi, şair həm şəxsi acını, həm də ümumbəşəri duyğunu – ayrılıq və qəm hissini duyğuların dərinliyi və səmimiyyəti ilə bir bənddə ehtiva edir.

 

Üslub və koloriti ilə zamanötəsini ismarlanan şeirlər

 

Musa Urudun poetik dili həm sadədir, həm də, bu sadəlik içində bir ruh gücü var və o ruh gücü təsir gücünə malikdir. Onun şeirlərində xalq deyimləri və ədəbi sənətkarlıq örnəkləri üzvi şəkildə birləşir. Bu da oxucunun duyğularına da, intellektinə də xitab edir, təsir edir...

 

Şair öz dövrünün ictimai-siyasi hadisələrinə biganə qalmayıb, poeziyasında həm ədalətsizliklərə, həm də insanların güc və mərhəmətinə toxunub. O, bir tərəfdən xalqın dərdini ifadə edib, digər tərəfdən ümumbəşəri ümid ismarıcları ilə çıxış edib. Bu, xaosdan kosmosa, Yer üzündə nizama çalışmış, bu işi özünün İlahi görəvi sanmış əcdadın irsindən süzülüb gəlir...

 

Beləliklə, Musa Urudun şair kimliyi özündən öncəkilərin – ustadlarının, eləcə də, nəsildaşlarının və yeni ədəbi nəslin bir çox təmsilçisində də göründüyü kimi, milli və bəşəri ruhun üzvi birliyinin poetik təntənəsini nümayiş etdirir. “Milli olmayan bəşəri ola bilməz” (Asif Ata). Onun şeirləri Azərbaycan poeziyasının zəngin gələnəklərini qorumaqla yanaşı, çağdaş dövrün qayğılarını, çağırışlarını də əhatə edir. Uzun illərdir Millət vəkili, Milli Məclisin Komitə sədri, olan şair, xalqın düşüncə və hiss dünyasına yaxından bələddir. Və belə özkeçmişə malik olması onun yaradıcılığına özünəxas impulslar verir, belə demək olarsa, ictimai və informativ zənginlik qatır.

 

Yazının başlığına çıxardığım misra Musa Urudun “Deməyin” qoşmasındandır. Davamında şair nə deyir? – onu burda yazaq, özümüz gələn yazılarda görüşək:

Xırmanında saman qalıb, a yellər,

Ocağında közün yoxsa, ha yellə...

Ömür yolu, dəvə yolu deyirlər,

Kim qazandı, kim uduzdu deməyin”...

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.