“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsi bu dəfə dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilib.
On altıncı əsrdə ərəb İraqında dərin bir nalə qopurdu, o nalə bir Azərbaycan şairinin naləsi idi.
On altıncı əsrdə ərəb İraqında böyük bir ürək çırpınırdı, o ürək bir Azərbaycan şairinin ürəyi idi.
O nalənin sədası bizə bütün mənasilə hələ indi çatır. O ürəyin çırpıntısını bütün mənasilə biz hələ indi eşidirik.
On altıncı əsrdə bir daha Azərbaycan şairi “Oyadar xəlqi əfqanım” deyə bizə xitab edirdi. O əfqan bütün mənasilə bizi hələ indi oyatmağa başlamışdır.
O nalənin böyük mənasını, o qəlbin dərin hisslərini, o əfqanın xalqına xitabını layiqincə, Füzuli mərifətilə biz əsl indi duyuruq, indi anlayırıq. Füzulinin dilini, sənətini, onların sonsuz gözəlliklərini biz əsl indi mənimsəməyə başlayırıq.
Dili və ədəbiyyatı qaranlıq əsrlər içində İsfaraindən Sivasa qədər işıq saçan, Şirvandan İraqa qədər gurlayan Azərbaycan xalqının o böyük şairini biz indi daha yüksək qiymətləndirməliyik. Füzuli öz dühasının qiymətini bizdən əsl indi almalıdır. Onun ölməz sənətində hələ minlərcə çözülməmiş düyünlər, minlərcə açılmamış mənalar, minlərcə anlaşılmamış obrazlar bizi gözləyir.
Qəlbim mənə deyir ki, tarixçilərimiz bizə Füzuli İraqının, on altıncı əsr Bağdad vilayətinin, oradakı azəri dili sahəsinin tarixini daha aydın işıqlandırmalıdırlar.
Qəlbim mənə deyir ki, ədəbiyyatşünaslarımız Füzuli dühasının o qədər mürəkkəb, o qədər rəngarəng sənətini, o sənətin tükənməz bədii sərvətlərini, hər sözü ürək xəzinəsinin bir gövhəri olan Füzuli misralarının sirlərini, Füzuli beytlərindəki təqlidolunmaz obrazları, təkraredilməz istiarələri, xəyalasığmaz təşbehləri, bir-birini izləyən və bir-birinə sarmaşan ağlagəlməz məcazları açıb xalqa daha ətraflı göstərməlidirlər.
Qəlbim mənə deyir ki, dilçilərimiz Füzuli dilinin o qədər zəngin lüğətini, sözlərindəki qövsi-qüzeh kimi parıldayan rəngarəng mənaları, o qədər zəngin qrammatikasını, onun fonetikasındakı səslərin müxtəlif ahənglərini, müxtəlif dərəcəli saitlərini, uzanıb-qısalan, enib-qalxan, büllur bulaq kimi axan söz musiqisinin incəliklərini daha dərindən öyrənməlidirlər.
Qəlbim mənə deyir ki, bəstəkarlarımız, musiqişünaslarımız Füzuli şeirinin dənizindəki füsunkar dalğaların simfoniyasını, onun duyan ruhları heyran edən sənətindəki pərdələri hələ layiqincə açıb xalqa çatdırmamışlar. Onun sözləri saz, sazları söz edən və başdan-başa ruhun qidası olan qəzəllərini daha Füzuliyanə bəstələməlidirlər.
Qəlbim mənə deyir ki, müğənnilərimiz, artistlərimiz, xanəndələrimiz, deklamatorlarımız Füzuli şeirlərini necə inşad etməyi, onlardakı incə, bədii duyğuları, hissləri, gözlə görünməz, əllə tutulmaz gözəllikləri öz səslərində xalqa, dinləyicilərə necə çatdırmağı, qəzəllərin vəzn növlərini onların mənaları ilə necə bağlamağı, müxtəlif tipli vurğuları hansı qəzəllərin hansı misrasına və hansı misranın hansı sözünə, hətta hansı sözün hansı hecasına, hansı səsinə qoymağı daha dəqiq öyrənməlidirlər.
Qəlbim mənə deyir ki, rəssamlarımız Füzulinin əsərlərindəki əlvan-əlvan surətləri xəyallarında daha gözəl canlandırmalı, onlardakı Fərhadlı dağları, Məcnunlu səhraları, ürəklərin aynalarından baxan Leylivəş gözəlləri, hicran gecələrində şam kimi yanan qəlbləri, məşuqənin al yanaqları qarşısında aşiqin qanlı görünən göz yaşlarını, qəfəs küncündə gülzar istəyən nalan bülbülləri, Füzulinin baharı təsvirini, qış qəsidəsini, onlardakı saysız boyalı mənzərələri təsəvvürlərinin karxanasına daha Füzuliyanə salmalıdırlar...
Qəlbim deyir ki, alimlərimiz, sənətkarlarımız, şairlərimiz özlərini böyük Füzuliyə hələ çox borclu bilməlidirlər.
Füzuli öz xalqının, Azərbaycan xalqının başını dünya qarşısında dikəldən, onu dünyanın ən mədəni, ən məğrur xalqları sırasına qaldıran dahi şairimizdir. Şərqin və Qərbin xalqları Füzulini tanıyırlar və ona Azərbaycan şairi deyirlər. Qoy o xalqlar görsünlər ki, Azərbaycan xalqı da ölməz şairini qəlbinin bütün həyəcanıyla sevir, beyninin bütün girinti-çıxıntıları ilə anlayır və qiymətləndirir...
1957
“Əkrəm Cəfər. Yandım avazeyi-eşqinlə sənin” (Bakı, 2010) kitabından
“Ədəbiyyat və incəsənət”
(12.12.2024)