“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsi bu dəfə dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunub.
Şərqin böyük və həssas şairi Füzuli İslam mədəniyyətinin beşiyi olan Bağdadda yaşamışdır. Fitrətən şair olan Füzuli zamanında məşhur elmləri böyük maraq ilə öyrənərək həm alim, həm şair olmuşdur...
Məhəmməd Füzuli qovğalı və yoxsul əsrdə vücuda gələn bütün vəqə və hadisələrə qismən şahid olmuş, onu bütün ruhi ilə, qəlbi ilə yaşamış və o acı və sıxıcı təsirlərlə öz sənət abidəsini ucaltmışdır. O, həyatın acı həqiqətlərindən, hissin rəqiq şəfəqlərindən yüksəlmiş elə canlı bir abidədir ki, 4 əsrdən bəri yaşayır və yaşayacaq. Onu yaşadan mühitini həqiqi və doğru olaraq göstərə bilməsi və onu həyati hisslərlə tərənnüm edə bilməsidir.
Pərişanlığa, fəqr və yoxsulluğa olan meyli, cəmiyyətdən uzaqlaşmaq fikri o qaba mühitin onun mənəvi qüvvələri və fitri istedadı üzərinə vurduğu damğanın təsiridir. Yoxsa Füzuli, əsasən, nə bədbin, nə də həyat və cəmiyyətə qarşı yabançı qalmaq istəyən şəxsiyyətdir.
O, mühitinə deyil, mühiti ona yabançı qalmışdır. Əsrinin yeganəsi olan Füzulini o şaşqın, əsəbi və düşkün mühit təqdir etməmiş və etməzdi də. Ölüm üzlü əsrin boğucu ehtiyac və zərurəti qarşısında o dəxi hər adi şair kimi sultan Süleyman Qanuninin Bağdada daxil olduğu zaman onun ətrafında bulunan paşalara və daha sonralar onların vasitəsilə Sultan Süleymana qəsidələr təqdim etmişdi. Nə yapsın!
Əsrin və maddi ehtiyacların qarşısında o da istedadından Şərq şairinin tiranlara vermək məcburiyyətində olduğu vergini ödəmişdir.
O, qəsidəçilik üçün yaranmamışdı. Qəsidə nə olduğunu çox gözəl bilirdi. Məmləkəti, xalqı yıxan, yandıran iqtisadi və ictimai həyatı kökündən qurudan qüvvələrə qarşı onun qəlbi hörmətlə deyil, nifrətlə çarpırdı. Şahların və sultanların fütuhatına:
...Ey Füzuli, odlara yansın bisati-səltənət!
Yegdir ondan, Həq bilir, bir guşeyi-gülxən bana
– deyən Füzuli saraya girmək, saray şairi olaraq bu həyatı yaşamaq arzusunda bulunmamışdır.
O zülmət səltənətində, yalnız qüvvətin hakim olduğu dövrdə nə söz, nə əql, nə də zəka və istedadın heç bir qiymət və əhəmiyyəti olmadığını bildiyi halda Füzuli susmadı. Duyduğunu, gördüyünü söylədi. Qaba və cahil cəmiyyəti incə-incə iynələdi. Çirkinliklərini, qabalıqlarını üzlərinə oxudu... Mühitini xarakterizə edən və ana səciyyələrini doğru və açıq göstərən “Şikayətnamə”si başdan-başa acı qəhqəhələr, kin və nifrətlə atılmış oxlarla doludur. Hələ “salam verdim, rüşvət deyil deyə almadılar” sözləri o cəmiyyəti, o mühiti canlı olaraq göstərən bir bədiədir.
Füzuli həyata dərindən nüfuz etdikcə onun iç və bayır üzünü görür, həyat və mühitə olan öz əlaqə və nəzərini təyin edir və aldığı təcrübələri maddi bir şəkildə anlatmağa çalışır.
Füzuli Bağdadda yaşamış olduğuna görə şəhərin əldən-ələ keçməsini, bütün bu çalxantılarını görmüş, əhalinin ağır məişətini hiss etmiş, daimi yağmalar sayəsində sərvət və samanın da xeyir gətirmədiyini əməli olaraq anlamışdır.
Bəladır şəhrlərdə mən kimi rüsvayi-xəlq olmaq,
Nə xoş, Fərhadü Məcnun mənzil etmiş kühü səhrani
– beyti ilə dağların asudə həyatını arzu edərkən o yalnız Fərhad və Məcnun kimi birər aşiq deyildir, onda eyni zamanda bu didişmələrdən, vuruşmalardan doğan hay-huydan qurtulmaq arzu edən şikayətedici bir ələm də vardır.
...Bütün Şərq xalqlarının sevimli şairi olan Füzuli Azərbaycan ədəbiyyatına bu səmimiliyi verməmiş olsa idi, uzun bir müddət ədəbiyyatımız o nemətdən məhrum qalacaqdı. Bu münasibət ilə də Azərbaycan ədəbiyyatı Füzuliyə minnətdar olduğu kimi, şeir çiçəklərindən başına əbədi bir çələng hördüyü sevgilisinə, o canlı çiçəyə də bir o qədər minnətdardır.
Həqiqətən, dünyada ən böyük məktəb həyatdır. İnsanlar həyata atılaraq qarşısına çıxan maneələrlə çarpışmaq, onun dadlı və acı cəhətlərini dadmaqla böyük təcrübə sahibi olur. Həyatda müztərib olmayan, onun acılıqlarını dadmayan, mübarizədəki zövqdən binəsib olan insanlar nə həyatın zövqünü, nə də onun qayəsini anlamış olurlar. İztirab insanları islah edir, çalışmağa, çarpışmağa sinə gərərək, mətanət və istiqamətlə irəliləmək yollarını aydınlaşdırır. Hər şeydən ziyadə insanları həyatiləşdirir və onlarda əsrin tələb etdiyi yeni bir görüş və məfkurə doğurur.
...Füzulinin ruhunda qüvvət, qənaət, alicənablıq və mətanəti doğuran, onu həyata bağlayan iztirablarıdır.
1928-ci il
“Ədəbiyyat və incəsənət”
(09.12.2024)