Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində fəaliyyət göstərən “Qabal İnkişaf Mərkəzi” görkəmli yazıçı, şair, publisist və ictimai xadim İlya Çavçavadzeyə həsr olunmuş dəyirmi masa keçirib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Gürcüstanın Laqodexi rayonunun “Qabal Ədliyyə Evi”ndə baş tutan tədbirdə azərbaycanlı və gürcü ziyalılar, gənclər və məktəblilər iştirak edib.
Mərkəzin direktoru Yavər Məmmədov çıxışında bu cür tədbirlərin azərbaycanlılar və gürcülər arasında mədəni əlaqələrin möhkəmlənməsinə, dialoqun təşviqinə töhfə verdiyini deyib. İlya Çavçavadzenin azərbaycanlılara böyük rəğbət bəslədiyindən və onların milli xüsusiyyətlərinə dair bir sıra məqalələr dərc etdirməsindən danışıb.
Mərkəzin gürcü dili müəllimi Telli Qiyasova tədbir iştirakçılarına böyük gürcü mütəfəkkirinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.
Rayonun gürcü ziyalıları çıxışlarında azərbaycanlı gənclərin İlya Çavçavadzenin həyat və yaradıcılığına göstərdikləri böyük maraqdan fərəh duyduqlarını, onların Gürcüstan və Azərbaycan arasında gələcək münasibətləri inkişaf etdirərək daha da möhkəmləndirəcəyinə ümid bəslədiklərini bildiriblər.
“Ədəbiyyat və incəsənət”
(09.12.2024)