Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə qısa fasilədən sonra sizlərlə yenidən Nazim Əhmədlidir.
mən nə bilim suçumu,
üzüm-gözüm acımı;
payız qara saçımı,
ağca yarpağa bükür;
deyə lirik lövhə yaradır şair.
Həqiqətən, gözəl yaradır.
Xoş mütaliələr!
BALLADA
Gecənin yaxasını,
bir bəyaz ulduz sökür;
bir səhər də açılır,
elə buna da şükür;
buludlar lələk-lələk,
göy üzündə bir mələk;
dodağında çiyələk,
məni çarmıxa çəkir;
mən nə bilim suçumu,
üzüm-gözüm acımı;
payız qara saçımı,
ağca yarpağa bükür;
bilmirəm, nədi bu səs,
içim boşca bir qəfəs;
min ildi nəfəs-nəfəs,
canımı bir dərd sökür;
göyün düz qırağında,
tanrının çırağında;
bir kağız varağında,
fələyin evi çökür;
payızın yağışları,
yuyur yor-yoxuşları;
göy üzünün quşları,
buludda bostan əkir;
yazım qışımın üstə,
üzüm daşımın üstə;
süzür başımın üstən,
ruhum hayana səkir;
hərə bir dərd hayında,
mələklər bal ayında;
tanrı öz sarayında,
ağlayır hönkür-hönkür.
“Ədəbiyyat və incəsənət”
(06.12. 2024)