“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsi böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilib. Bu gün sizlərə Mirzə Cəlilin “Füzuli” məqaləsi təqdim ediləcək.
Füzulinin ədəbi fəaliyyətindən dörd yüz il keçmək münasibətilə lazım gəlir ki, onun etdiyi xidmətlərindən və onun güzəranının necə keçdiyindən bir az yazılsın.
Bunu “Molla Nəsrəddin” daha artıq yazmalıdır. Çünki rəhmətlik Füzuli “Molla Nəsrəddin”in birinci nömrəsindən başlayıb, bu günə qədər məcmuəmizdə iştirak etmiş və şeirlər yazmışdır. İndi çox adam deyəcək ki, Molla səfehləmişdir.
Füzuli bir Hilləli olub, Bağdadda böyüyüb, özü də kitabında and içir, qəsəm edir ki, vallah-billah mən doğulduğum yerdən heç yerə getməmişəm. Buradaca ölüb basdırılmışam. Özüm də 970-ci ildən sonra heç dünyada olmamışam.
İndi “Molla Nəsrəddin” başlayıb ki, xeyr, Füzuli səhv edib yazıb.
Füzuli bizim məcmuədə işləyir. Yenə də işləyəcəkdir. İnanmırsınız, götürün “Molla Nəsrəddin” məcmuələrinin 20 illiyini tökünüz qabağınıza. Hansı şeirə baxsanız, görəcəksiniz ki, onda Füzulidən bir duz vardır. Şairlərimiz burda deyəcəklər ki, “Molla Nəsrəddin” bizi bihörmət elədi. Bizə iqtibasçı dedi. Əstəğfürulla, “Molla Nəsrəddin” bu sözü heç vaxt deməz. Amma nə çarə eləyək? Keçmiş əsrlərdə gələn Sədilər, Füzulilər o qədər xalqın həyatını əhatə edə bilən bir şair olmuşlar ki, birisi türkcə, birisi də farsca deməmiş bir söz qoymayıblar.
Bu gün Arifin və başqa İran şairlərinin əsərlərini götürüb axtaranda görərsən ki, yenə şeiri yazanda Sədini yadına salmışlar. Onun kimi bizim türk əruz şairlərimiz də şeiri yazanda Füzuli gəlib durur gözünün qabağında. Deyir ki, öləsən də, mənim təsirimdən çıxa bilməyəcəksən. Molladan yazmaq istəsən, yazmışam, varlıdan yazmışam, rüşvətxordan yazmışam. Bu gün get, sabah gəldən, yəni zavtra-zavtradan yazmışam. Bütün işini-gücünü, dərsini buraxıb şeir yazanlardan yazmışam.
Müxtəsər, hər şeyi əhatə eləmişəm. Nə qədər bu üsul varsa, mən də varam...
Biz vətən cəhətinə yox, ancaq bu kimi cəhətlərə görə deyirdik:
– Füzuli azərbaycanlıdır. Çünki dili Azərbaycan dilidir. Onun məktəbi-ədibəsi bizim şairlərin başına girib, bütün əsərlərində bir Füzuli ruhu görülməkdədir.
... “Molla Nəsrəddin” sözünü qurtarıb deyir ki, Füzuli diridir. Füzuli ... sarsılmaz bir qüvvədir.
“Molla Nəsrəddin”, 23 may, 1925-ci il, №21
(Mənbə: Cəlil Məmmədquluzadə. Əsərləri.
Dörd cilddə. IV cild, Bakı, 2004, s.247–248)
“Ədəbiyyat və incəsənət”
(06.12.2024)