BƏLƏDÇİMİZ ŞEİRdə “Sonsuzadək eyni...” Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

 

...Bomboz küçə...  Tində dayanan uşaq fikirli.  Pəncərədən boylanan qoca gülür. İşıq dirəyinin üstünə yazılıb: “Eyni idik...”  Altına bir tarix də qoyulub. Yazıçı o tarixi  oxumaq istəmir. Nəyinsə sirli qalmasını arzulayır. Hamı kimi...

        

Səkidə vurnuxan pişik.  Uşaq onu görür. Eyni açılmır... Qoca pəncərədən eşiyə bir alma atır. Alma işıq dirəyinə dəyir, sonra yerə düşür.  Yazıçı xatırlayır: “Nağıllarda şahzadələr eyvandan könlü tutduqlarına alma atardı... Sonra...” Sonrasını xatırlamaq istəmir. Hamı kimi... 

Küçədən bir yaşıl maşın keçir. Uşağın qaş-qabağı açılmır.  Qoca fincandakı çayı üfürə-üfürə içir. Pəncərənin kənarında - divarda bəyaz şərab reklamı var. Reklamda yazılıb: “Eşqi dad!” Yazıçı şərab markasının adını yadda saxlamaq istəmir... Hamı kimi...

-Nağıllar da,  dastanlar da toyun təsviriylə bitir. Sonrası danışılmır...  -Tarix kinayə edir.

-İnsan biləndə susur, bilməyəndə səsi bərk çıxır. -Zəmanə əmindir.

-Pişiksevərlər heyvan haqlarından danışmaqçün quzu kababıyla məşhur restorana yığışdılar. -Təbiətin səsi qupqurudur.

-Ən dadlı yeməyi insanlara mən verirəm, üstünə də “Xatirə” etiketi yapışdırıram.-Tale öyünür.

-Unutduğunu sandıqlarıyla sınanmaqdadır insan... -Həyat gülümsəyir.

...Yazıçının zehnindəki  söhbət yekunlaşır. Uşaq qocaya baxır. Qoca əliylə “nolub?” işarəsi edir. Uşaq başıyla yazıçını işarə edir. Qoca ağzını əyişdirir: “Başını burax...” Uşaq çiynini çəkir: “Necə başını buraxım e? Məndən də yazacaq...”

Qoca gözlərini yumub-açır, qolunu yelləyir: “Çoxdan yazıb...”

Uşaq əvvəl təəccüblənir, sonra dodaqlarını büzüb yazıçıya baxır. Ona tərəf qaçır. Pişik uşağın qaçdığını görüb hürkür, dəmir barmaqlıqların arasından özünü bağçaya təpir. Uşaq yazıçının yanından keçib növbəti tini dönür. Qoca dərindən nəfəs alır, pəncərədən çəkilir.

Qalır bomboz küçə, yaddaşına ayaq izi yazmayan səki, işıq dirəyi və yazıçı... Şəhərarası mikroavtobus gəlir. Yazıçı mikroavtobusa minir. Kirli şüşələrin arxasından görünən şəhəri süzür. Hər küçədə yaddaş rəfindən bir nəfəslik toz üfürülür...”İşıq dirəyindəki tarix sonsuzluq idi:”.  “Şahzadələrin almasını tutan əllərin umacağı sevmək yox, sevilmək idi”. “Bəyaz şəraba qoyulan ad “Ən şirin-Aldad”   idi”.

Düşəcəyi dayanacağı geridə qoymuşdu. Mikroavtobus bir də keçdiyi yollardan keçəcək, onu ən tezi, saat yarımdan sonra həmin dayanacağa qaytaracaqdı. Yazıçı başını kirli pəncərəyə söykəyib gözlərini yumdu. Qulaqlarında Pərvin Əliyevanın səsi vardı... O, şeir deyirdi:

 

Bu nəhəng qələbəlikdə

şəhərlər,

yollar,

küçələr

adamla dolu.

Qəribə hərarət,

həsrət,

həsəd,

ağrı...

Yaşamaq ümidi ilə

müdhiş çırpınışda

bir yığın adamın

eyni hekayəsi var...

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.