POETİK QİRAƏTdə Əlizadə Nurinin “Eşq də şərab kimi çıxar başına...” şeiri Featured

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə qısa fasilədən sonra sizlərlə yenidən Əlizadə Nuridir. 

“Bu bəxt yola getmir niyə ağ ilə?” deyə şikayətlənir şair.

Həqiqətən, zəmanəmizdə çox adamın dilinin gileyidir bu. 

Xoş mütaliələr!

 

Eşq də şərab kimi çıxar başına...

 

Dağda bir çobana göz eyləyəsən-

Çobanın qoynundan bir tütək çıxa.

Göyün ətəyindən elə tutasan

Nə əlin üzülə, nə ətək çıxa.

 

Bu bəxt yola getmir niyə ağ ilə?

O bərki sındırram bu yumşaq ilə..

Qaçıb oynasan bir uşaq ilə

Yoluna hardansa çərpələng çıxa.

 

Güneyin əriyən qarı kimiyəm...

Payızın çatlayan narı kimiyəm.

Qəm- çiçək, mən də  ki arı kimiyəm-

Bir azdan bu eşqdən bir pətək çıxar.

 

Elə sirr qalırsan nə sirsənsə sən.

Dərdin də pas atmaz əsilsənsə sən.

İşıqdan yapışıb gəzirsənsə sən,

Qorxma-  qabağına lap fələk çıxa.

 

...Eşq də şərab kimi çıxar başına...

Qələmi güllətək sıxar başına.

...Gecə ulduzları yığar başına-

Ay da ürək etməz çölə tək çıxa...

 

“Ədəbiyyat və incəsənət”

(05.12. 2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.