“Təkcə şeir oldu onun sevinci…” - İLYAS TAPDIĞIN XATİRƏSİNƏ Featured

 

Dekabr ayı şair İlyas Tapdığın haqq dünyasına qovuşduğu aydır. Dostları, sevənləri 8 ildir ki onun yoxluğunun acısını yaşayırlar. Şair Musa Ələkbərli də həmçinin.

Bu şeirini Musa Ələkbərli İlyas Tapdığın xatorəsinə ərməğan edib. 

 

UÇDU

 

İLYAS TAPDIĞIN xatirəsinə

 

Körpə çağlarından yetim xəyalı

Gah ulduza qondu,gah ay uçdu.

İçində sərhədsiz bir dərd böyütdü

Çox çəpər söküldü,çox paya uçdu.

 

Uşaq şairiydi öncül,birinci,

Yazdığı sətirlər,kəlmələr-inci.

Təkcə şeir oldu onun sevinci,

Nə şöhrətə uydu,nə paya uçdu.

 

Hayıf haqq etdiyi haqqı almadı,

Unudan unutdu haqqı,almadı.

O, bu istəyində haqdı,almadı,

Uçanda çox sadə,çox saya uçdu.

 

Qəmli anadil tək ötürdü ,getdi,

Ruhunu Tanrıya yetirdi,getdi.

Bir quru canını götürdü getdi,

Nə qazanc pozuldu,nə maya uçdu.

 

Qələmi ustaydı cavan çağından,

Çoxuna köz qıydı öz ocağından...

Vaqif zirvəsindən,Vurğun dağından

İlyas Tapdıq adlı bir qaya uçdu.

 

Ay Musa,gəl saxla dilini,olmur,

Cilovla o qəzəb selini, olmur.

O cür sənətkarın ölümü olmur,

Dünyadan başqa bir dünyaya uçdu.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.