“Ədəbiyyat və incəsənət” portalı bu gün sizlərə Vasif Əlihüseynin şeirlərini təqdim edir.
DƏRD ELƏMƏ, ƏZİZİM
Küçədə yağış yağır,
sel götürüb hər yanı.
Yuyur günahlarını,
təmizləyir dünyanı.
Sənin də günahın var,
düzün deyim, bağışla.
İndi fürsətdi sənə,
çıx küçəyə yağışda.
Qoy saçların islansın,
gözlərinə yaş dolsun.
Ürəyinə “heyif”lər,
ürəyinə “kaş” dolsun.
Dərd eləmə, əzizim,
günahsız insan yoxdu.
İndi nə çıxdın-çıxdın,
sabaha leysan yoxdu.
KİNO ÇƏKİRSƏN
Eh! İndi bələnmiş xına əllərin,
Əsirdi kiminsə baş hərfinə.
Özün öz könlünlə çıxıb gedirsən,
Mənim hisslərimin bircə səhvinə.
Hələ sızıldamır o daş ürəyin,
Qoy hava qaralsın, bir gecə olsun.
Ən yaxşı günümüz toy günündüsə,
Bəs ən pis günümüz, de, necə olsun?
Bəlkə də, oturub ötən günündən
Yanıb dəqiqəsinə külün əkirsən.
Səndən yeddi oğul, qız istədilər,
Olmaya-olmaya kino çəkirsən.
KÖRPƏLƏRİN ŞƏKLİ
Bütün müharibələrə
körpələrin yatdığı yerdə
şəklini göstərin,
onda anlayacaqlar
dünyanın nə qədər mənasız olduğunu
anaların qolları
saat kəfkiri kimi
yelləyir bu ağlağan uşağın beşiyini,
yellədikcə zaman ötür,
körpələr böyüyür,
əsgər olur.
SİNƏSİNƏ MİNA BASDIRILMIŞ TORPAQDI ÖMÜR
Sinəsinə mina basdırılmış
torpaqdı ömür,
Yaşayırıq, Allaha təvəkkül.
Gəl, istehkamı çağır,
irəlidə getsin,
biz də arxasınca –
qarşıdakı günləri qarşılamaq üçün.
Bax, ayağını itirən o adam
Hələ də peşmandı
Cızından çıxdığı üçün...
“Ədəbiyyat və incəsənət”
(05.12.2024)