REDAKSİYANIN POÇTUNDAN – “Dənizə daş atmayın” şeiri

 “Ədəbiyyat və incəsənət” portalı Redaksiyanın poştundan rubrikasında bu gün sizlərə AYB üzvü Coşqun Xəliloğlunun “Dənizə daş atmayın” şeirini təqdim edəcək.

 

DƏNİZƏ DAŞ ATMAYIN

 

 (Neftçi oğlunun dilindən)

 

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz  özülündə 2015-ci ilin 4 dekabr tarixində baş vermiş yanğın hadisəsində  həlak olmuş və itkin düşmüş neftçilərin  əziz xatirəsinə ithaf edirəm.

 

Dənizə daş atmayın,

O daş atama dəyər,

Atam Xəzərdə batıb,

Bunu bilmirsiz, məgər?

 

Sevinclə, gülərüzlə,

Yollanmışdı işinə,

Körpəyəm, nə söyləyim,

Fələyin gərdişinə.

 

Gedən gün məni öpüb ,

Kişi, darıxma, dedi,

Ananın sözünə bax,

Heç vaxt, karıxma, dedi.

 

Mən də qucaqlayaraq

Öpdüm, onun üzündən,

Fərəh, sevinc yağırdı

Bu vaxt onun gözündən.

 

Getdi, həmişəki tək,

Xəzərin qucağına,

Bir daha qayıtmadı

Öz doğma ocağına.

 

Xəzər coşmuşdu yaman,

Külək qəzəblə əsir.

Qəfil qopmuşdu tufan,

Dalğalar əjdaha, şir...

 

Od-alov bircə anda

Bürümüşdü dörd yanı,

Elə bil, yuxudaydım,

Bəs mənim atam hanı?

 

Zəhmətkeş idi atam,

Gecə-gündüz çalışdı,

Xəzəri çox sevirdi,

Xəzərə də qarışdı.

 

Dənizə daş atmayın,

O daş atama dəyər,

Atam Xəzərdə batıb

Bunu bilmirsiz, məgər?

 

 

“Ədəbiyyat və incəsənət”

 

(05.12.2024)

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.