Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Şairin bu şeiri də dünyadan, onun işləklərindən giley-güzardan ibarətdir.
Dünyadan hara qaçdımsa,
yenə də dünyada oldum, -deyir şair.
Xoş mütaliələr!
Yağış olmaq istəyirdim,
bulud oldum,
gözlədim tanrının insafını...
Çörək olmaq istəyirdim,
umud oldum,
qoyuldum kasıb süfrəsinə.
Dəniz olmaq istəyirdim,
dənizdə bir ada oldum.
Dünyadan hara qaçdımsa,
yenə də dünyada oldum.
Göy üzü olmaq istəyirdim,
göyərçin oldum,
gəzdim göy üzünü budaq-budaq.
Dünya olmaq istəyirdim,
oldum əlləri qoynunda
səni gözləyən soyuq bir otaq...
Qoymadım təklər darıxa,
tənhaların, təklərin
eli- elatı oldum.
Divarın o üzündəkilər
düz sözü yasaq etdilər,
mən də divarın bu üzündə
vaxtı düz göstərən
divar saatı oldum.
...Allahın qulu olmaq gərək,
nə fərqi, vəzir oldum, ya şah oldum.
Uşaq olub, böyümək istəyirdim,
böyüyə- böyüyə uşaq oldum...
Ədəbiyyat və incəsənət”
(28.11.2024)