“Bir payız da yola saldıq beləcə... “ - Xanəli Kərimlinin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Xanəli Kərimlinin şeirləri təqdim edilir.

 

Allah adamı

 

Ürəyi Günəşə açılan adam,

Hardandır bu qədər sevgi, məhəbbət?!

Hardandır bu qədər hörmət, ehtiram?!

Bu qədər tükənməz, sonsuz sədaqət?!

 

Görünür, adamtək yaşamaq olar,

Təki, ləyaqətin, qeyrətin olsun.

Dünyanın yükün də daşımaq olar,

Qəlbində təpərin, cürətin olsun.

 

Sən bunu bacardın, Allah adamı!

Prometey ömrünü yaşamağınla.

Əridi qəlblərin qaranlıqları,

Zülmətləri yaran gur işığınla.

 

Bacardın şeytanı mələk etməyi,

Bacaran yaşayır, yaradır ancaq.

Yaradan Günəşdir, qürub etsə də,

Sabah daha aydın, parlaq doğacaq.

 

İnanıb aldanma...

 

"İnanmasan, yaşamaq olmur"

əminliyi ilə yaşayanlara

 

Hər şeyə darılıb üzmə özünü,

Dildaş olmadığın dillərdən uzaq.

Üzə gülümsəyən üzgörənlərdən,

Əlinə əl yetməz əllərdən uzaq...

 

Öz yükün, öz yolun, mənzilin olsun,

Bil ki, gündoğanın, günbatanın var.

Gündə bir yol tutub ayaq döyəndə

Olmaz nə sədaqət, nə də etibar.

 

Çətindir, bilirəm, ürək qızdırmaq

Sənə ürəyindən "pay" verənlərə.

Bir az səbirli ol, bir az da ayıq,

Yerli-yersiz sənə say verənlərə.

 

İnanıb aldanma inandığına,

Aldana-aldana yaşamaq çətin.

Aldana-aldana yaşasan əgər,

İtər ləyaqətin, düşər hörmətin.

 

Demirəm, hamıdan çəkin, kənar gəz,

Bəlkə də, ən böyük günahdır bu hal.

Daş daşdır,daşlarda inam olmasa,

Dağlar da diz çökər, düşər qalmaqal.

 

Bir qismət payıdır ömür də, gün də,

Kiminə işıqdır, kiminə zülmət.

Zülməti işığa döndərənləri

Yaşadar məhəbbət, tapar səadət.

 

Yaşa, ürəyinlə, eşqinlə yaşa,

Neçə ki, gözlərdən çəkilməyib nur.

Aldanma, yalmanma kimsəyə, nəyə,

İnsanı yaşadar sevgi və qürur...

Yaşayırıq zamanla gümanın arasında

 

"Özümdən özümə" silsiləsindən

 

Kövrək xatirələrlə yaşayırıq hələ ki,

Xatirələr bitəndə bitəcəkdi ömür-gün.

Yaşayırıq zamanla gümanın arasında,

Çox şeylər də yadlaşıb yaddaşımda büsbütün.

 

Yaş üstə yaş gəldikcə səngiyir od-ocağın,

Duyub düşündüklərin unudulur bir anda.

O qədər çəlpəşikdir dünyamızın işləri,

Hər şey tərsinə dönür gözlənilməz zamanda.

 

Nə yaşadın, nə gördün - keçirirsən ələkdən,

Bu günə nə gətirdin, nə itirdin yollarda,

Dönüb baxanda geri bircə anda görürsən,

Ömrünün coxu keçib boş-boş qalmaqallarda.

 

İndi "ələk ələnib, xəlbir göydə fırlanır",

Ələməyə ələklik qalmayıbdı darı da.

Beş əllə yapışsaq da dünyanın yaxasından,

Dünya filan dünyadı, yoxdu etibarı da.

 

Bu, bir giley-güzar yox, gəldi-gedər söhbətdi,

Elə-belə dolandı yaşın yaşlı çağında.

Yolun çoxu gedilib, qalsa da beş addımı,

Yenə də ləzzəti var indi yaşamağın da.

                                      

Naxçıvanımın

                                

Dağları dağımdı, bağları bağım,

Aranlı, yaylaqlı Naxçıvanımın.

Süsənli, sünbüllü, güllü növrağı

Hüsnünə bəzəkdir Naxçıvanımın.

 

Bir canlı kitabdı onun hər daşı,

Qovğalar çəkibdi əyilməz başı.

Beş min ildən çoxdu bu yurdun yaşı,

Tarixdir sirdaşı Naxçıvanımın.

 

Bir yanı Təbrizdir, bir yanı Göyçə,

Bir yanı Ərzurum, bir yanı Gəncə,

Əlinə əl çatar üçü deyincə,

Süfrəsi halaldır Naxçıvanımın.

 

Xanəli, bu yurda vurğun olandan,

İlhamı almısan dağdan, arandan,

Qorxun yox çovğundan, qardan, borandan,

Hər çağı gözəldir Naxçıvanımın.

                                                

Yaxşıdır

 

Həmişə insanlıqdan 

gileyli olan bir dostuma

 

Kölgəsiz bar ağacından

Kölgəli söyüd yaxşıdır.

Hayla gələn var-dövlətdən

Faydalı öyüd yaxşıdır.

 

Aranı olmayan dağdan,

Bağbanı olmayan bağdan,

Sənə sən olmayan çağdan

Quruca ad-san yaxşıdır.

 

Ələ gəlməz keçən gündən,

Duyulmayan səsdən, ündən,

Ümid yoxsa bir könüldən 

Sabaha güman yaxşıdır.

 

Şirin vəddən, yalan sözdən,

Utanmaq bilməyən üzdən,

Haqda haqq görməyən gözdən

Şərəfli ölüm yaxşıdır.

 

Çox "dost-tanış" gəzmə, canım,

Özünün var adın, sanın.

Yoxdursa qəlbdən yananın

Tək-tənha qalmaq yaxşıdır...

                                        

Kim bilir...

 

Məndən umu-küsü edən 

bir doğmama

 

Sən mənim nəyimdən küsürsən axı?!

Daha qar bağlayıb qapı-bacamı.

Bir vaxtlar gözlərim göz ovlayardı,

İndi o gözəllik, o qamət hanı?!

  

Yoxdu o gördüyün halım, əhvalım,

Qəlbim də əvvəlki qəlb deyil daha.

Nə sevilə bildim, nə sevə bildim,

Mən də belə-belə batdım günaha.

 

Vaxt vardı ağacdan bir yarpaq düşcək

Sanırdım qırıldı bir sevgi vaxtsız.

Sanırdım bir ömrün çırağı söndü,

Bir tale beləcə bitdi günahsız.

 

Onda təmiz idim - çiçəkdən təmiz,

Gül ləçəyi kimi incəydi ruhum.

Nə kinim var idi, nə də nifrətim,

İstərdim hamının qurbanı olum...

 

Daha dövran kimi dəyişdim mən də,

Ürəyim daşlaşdı, ruhum buzlaşdı.

Gözümün önündə mini ölsə də,

Sanıram insan yox, quruca daşdı...

 

Mən gəzərgi ruham zaman-məkansız,

Nə gecəm bilinir, nə də gündüzüm.

İllərdir yazıram dağdan, arandan...

Nə dərdim tükənir, nə də ki sözüm.

 

Dərdli deyingəndi, dərdli danışqan,

Heyif ki, dərdlini dərdli də duymur.

Qaçırsan çıxasan dərd orbitindən,

Bu allahsız səni gözündən qoymur.    

 

...Sən məndən küsmüsən - günahın yoxdu,

Günah səni məndən küsdürəndədi.

Kim bilir, nə vaxtsa keçmişə döndüm,

Kim bilir, bəlkə o keçmiş öndədi.

 

Bir söz dəllalına

 

Bir ömür yaşadın ağlı-qaralı,

Hələ dərk etmədin özün özünü.

Dişlər tökülsə də, bel bükülsə də,

Duymadın dünyanın astar-üzünü.

  

Millətdən,Vətəndən, Haqdan yazırsan...

Tutmadı əməllə sözün bir-birin.

Gündə bir havaya oynadığından,

Hələ bilmirsən ki, hardadır yerin.

 

Küləklər ağzında xəzələ dönüb

Gah havaya qalxdın, gah yerə endin.

Gərəksiz məqamda bülbültək ötdün,

Gərəkli məqamda aradan itdin.

 

Sən sözə xəyanət yolunu tutdun,

Qoruya bilmədin bakirəliyin.

Sözə xəyanəti söz bağışlamır,

Sözlə açılacaq çirkin niyyətin.

 

Qapılar dalında bel bükə-bükə

Haqlının haqqını aldın əlindən.

Çox həşir-harayla yanan ocağın

Dəyəri bəllidir onun külündən.

 

Bir ayağın burda, biri də gorda...

Yeddində nə idin, indi də osan.

Bu fani dünyada kişi olmadın,

Bəlkə o dünyada kişi olasan...

                                    

Bir payız da 

yola saldıq beləcə

 

Başladı payızın yağış nağılı,

Təbiət yuyundu toz-torpağını.

Quşlar-köçərilər köçüb getdilər,

Qalanlar gözləyir qış növrağını.

 

Ahıllıq bürüyüb çölü, çəməni,

Dəlisov küləklər həlimləşibdi.

Ağaclar mürgülü baxışlarıyla

Bir az da, bir az da gözəlləşibdi.

 

Bulaqlar astaca pıçıldaşırlar,

Qorxurlar mürgüsü qaça dağların.

Nəğməli çayların dodaqlarında

Havası duyulur şaxtanın, qarın.

 

Təbiət başlayıb payız nağılın

Çiskinli, dumanlı havası ilə.

Payızsa kövrəlib əlvida edir

Gələn görüşlərin səfası ilə.

 

Bir payız da yola saldıq beləcə,

Xonçası əllərdə köçən qız kimi.

Nigaran-nigaran əl eyləyirik

Göy üzündən axan bir ulduz kimi.

 

Qərbi Azərbaycan bayatıları

 

Qərbi Azərbaycanım -

Qərib Azərbaycanım,

Sənə ki əlim çatmır,

Qürbət çəkən məkanım.

 

*

Orda bir elim itdi,

Gözümdə həsrət bitdi.

Sənin yolunda,Vətən,

Nə qədər canlar getdi.

 

*

Uludan ulu torpaq,

Kül oldu külün, torpaq.

Səndə bir bağ salmışdım,

Açmadı gülün, torpaq.

 

*

Çaylağa döndü çayın,

Söndü günəşin, ayın.

Qaldın yadlar əlində,

Duyulmadı harayın.

 

*

Bülbülün bağa gəlməz,

Qartalın dağa gəlməz,

Sənə dönük çıxanlar

Nə utanmaz, nə ölməz.

 

*

Göyçənin gözü ağlar,

Ocağı, közü ağlar.

Aşıq Alının sazı,

Ələsgər sözü ağlar.

 

*

Dağın dumana qaldı,

Halın yamana qaldı,

Sənə qovuşmaq dəmim

Bir xoş zamana qaldı.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.