Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Musa Ələkbərlidir. Şair özünün - şeirə susamış şairin avtoportretindən bəhs edir.
Xoş mütaliələr.
Gənc idi qəlbində qırıldı bir sim
Bir ömür izlədi onu bu tilsim.
O ülvi istəyi, ilahi eşqi
Dilində göynəyən bir ağı oldu.
Gör nələr eylədi sadəlik ona,
Ovda yön vermədi o əlik ona.
Təşnəsi olduğu gözəllik ona
Açıqdan-açığa gözdağı oldu.
Bir dəfə səhv edib günaha vardı,
Düzəlmir o səhvi,yol gəlir ardı...
Ürək eləmədi açıb-ağarda
Çəkdiyi ağrılar çox ağır oldu.
Şair çağrılsa da hər yerdə adı,
Neçə sorğusuna cavab almadı.
Onu bu yollarda saya salmadı,
Tale ögey çıxdı, bəxt yağı oldu.
Kükrəyib sel kimi daşan anında
Gizli bir əsinti duydu canında.
Üsyanlar boğuldu həyəcanında,
Ruhu bədəninin dustağı oldu.
Onu zaman-zaman sıxsa da həyat
Heç zaman yazmadı ürəksiz, boyat.
Musa poeziyanın kövrək, narahat,
Sadədil, mehriban uşağı oldu!..
“Ədəbiyyat və incəsənət”
(21.11.2024)