Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının qonağı şair, esseist, AYB- nin üzvü, Prezident təqaüdçüsü, "Yalana şeir donu biçənlərin parçasının pambığı
ölü dillərin kəfəni deyildimi?", "Pul sayanların əllərinin sürəti ilə gözlərinin ehtirasının toqquşduğu yerdəsən”, "Min cür saç rəngindən qisas almaqçün yaxşı fürsət düşüb ağın əlinə” söyləyən Fərid Hüseyndir.
-İsti yay günlərində xoş gördük Fərid bəy.
Real olaraq yay fəslində olsaq da, düşünürəm, şairlər üçün bir an içində 4 fəsil yaşana bilər, onların dünyası fərqlidir axı..
Bəli, Fərid bəy, " 10 sualımız" da Fərid Hüseyn dünyasından az da olsa, xəbər tutmaq üçün çox səbirsizlənir, cümlələrimi uzadıb o sualların "bağrını çatlatmaq" istəmirəm, elə isə birinci sırada yer alan sualımı görüşünüzə çağırıram.
Fərid Hüseyn üçün "alın yazısı" nə deməkdir?
– Alın yazısı insanın xarakterinə uyğun qurulmuş, tərtib edilmiş həyat hekayəsidir. İnsanın xarakteri ilə həyat hekayəti bir-birinə uyğun gəlməyəndə, başlayır alın yazısına üsyan etməyə, əks halda isə alın yazısına boyun əyib yaşayır. Bizim iradəmiz alın yazımıza müsbət və mənfi mənada müdaxilələr etmək üçün mövcuddur.
-“Həddindən artıq qürurlu insanlar susmağı və yalnızlığı sevirlər." ( Anton Çexov)
Fərid bəy, yalnızlıqla aranız necədir, hansı məqamlarda yalnızlıqla sirdaş olursunuz?
– Yalnızlıqla aram çox yaxşıdır, mən çox nadir hallarda tənhalıqdan darıxıram, əksinə əksərən adamlar arasında darıxıram. Məsələn, adamlar arasında darıxıram ki, gedim evə yazı otağıma qapanım, nələrsə yazım, kitab oxuyum, ney çalım, idman edim, musiqi dinləyim və sair.
İnsan yalnız olanda tam mənada özü olur, özü olmaqdan qorxmaq lazım deyil. Məcnun səhraya çəkilməsi sadə bir qeyri-sosiallıq halı deyildi, çünki o əyyəmlarda eşq anlayışı adamların arasındakı qavramda təhrif olunmuşdu, həqiqi eşqi dərk etmək üçün ilk növbədə ətrafındakı insanlardan aralanmaq lazım idi. Musa Yaqubun dostlarına yazdığı bir şeir var. Məzmunu belədir ki, dostları onu harasa əyləncəyə, məclisə çağırırlar, o isə evdə tək – özü ilə qalmaq istəyir:
Bu gün qalacağam özüm olmağa,
Torpağın çiçəkli üzü olmağa.
Qalıram bir çeşmə gözü olmağa,
Sən Allah, bu dəfə aparma məni.
-İndi divardakı quş kölgələrinin
önündə dayadığımız gecənin
xatirəsinə qalıb saat,
kəfgirləri yaddaşıma sancmışam.
Sənsiz keçən vaxtı görməmək üçün
qol saatımı divardan asmışam.
(Fərid Hüseyn)
Necə düşünürsünüz, zaman yaraları sağaldırmı, yoxsa yaralar qasnaqlasa da, zaman adlı həbin gücü yetməz o yaraları tam sağalda, Fərid bəy, zaman adlı həb "ən ağır yaranı" sağalda bilərmi?
– Zaman əlbəttə ki, insanı olanlardan, baş verənlərdən az-çox soyudur, iş-güc, gündəlik qayğılar adamın başını qatıb köhnə günlərin havasından uzaq salır, amma bəzən elə vaxt yetişir ki, keçmiş günün bircə anlıq xiffəti ürəyini didik-didik eləyir, bağrının başı göynəyir. İnsan “o məsələ belə olmasaydı, belə olardı, bu adam olmasaydı, o biri olsaydı” deyə düşünəndə əlacsızlıqdan az qalır özünü kağız kimi cırıb kənara tullasın. İnsan bir anının içində keçmişi xatırlayıb elə peşmanlıq keçirə bilər ki, on ilin dustağı, iyirmi ilin əsiri əzablı günlər içərisində o qədər sarsıntı yaşamaz. Hər şey insanın mənəvi dərinliyindən asılıdır, nə qədər Allaha bağlısansa, ürəyin təmənnasız istəklərinə mübtəlasansa əzabların da o qədər ağır olur. İndi insanlar ona görə Allahdan uzaq olmağa çalışırlar ki, günün, peşmanlıq hisslərini yüngül keçirsinlər. Biri var hansısa günahın Allahın nəzəri önündə törədildiyini təsəvvür edəsən, biri də var kameraya düşüb-düşmədiyini fikirləsən. Lev Tolstoyun “Dirilməsi”nin qəhrəmanı Nexlyudov saf eşqin qurbanı olan Katya adlı qızın gələcəyini korlayır, sonra o hadisə qızcığazın bütün gələcəyini məhv edir. Məhkəmədə qız taleyini danışdıqca Nexlyudov anlayır ki, bu qədər rüsvayçılıqlar Allahın nəzəri önündə baş tutub. Dəhşətə gəlir. Allah səhv, günah etməyəndir deyə onun səhv addım atma ehtimalı da təbii ki, yoxdur. Səhvsizin qarşısında səhv edəndə onun təsiri daha ağır olur, nəinki daim səhvlərin məskənində yaşayan adi insanların. Dinlərin hamısında “axirət rüsvayçılığı” məsələsi var. Nə deməkdir axirət rüsvayçılığı: Kəsə mənası budur ki, nə qədər çox günahın varsa o qədər də çox o hadisəyə şahid olan və sənin həqiqi kimliyini tanıyan adamlar var.
-Rənglərdən ən vəfalısı sarı imiş, -
solan rənglər hamısı sarıya çalır.
Zülmət möhürü addımlarından
sinəmdə sarı-sarı ləpirlər qalır.
(Fərid Hüseyn)
Fərid bəyin şair dünyasında hansı rənglər daha boldur və nə üçün?
– Yüzlərlə müsahibə götürən adam kimi deyə bilərəm ki, şairin misralarının yenidən ona verilməsinin əleyhinəyəm. Sanki bu eyni loxmanı udmadan bir neçə dəfə çeynəyib-çeynəyib udmamağa babdır. Çünki mən heç bir suala şeirlərimdə yazdığım duyğulardan daha ali cavab verə bilmərəm. Həyatımın heç bir məqamında şeirlərimdə dediklərimdən artıq nəsə demək halında olmuram. Umberto Eko müsahibələrindən birində deyirdi ki, məndən əvvəl yaşamış dahiləri görmək istəməzdim çünki, Şopenlə söhbətdə inanmıram ki, mənə simfoniyalarında insanlara çatdırmaq istədiklərindən daha artıq nəsə deyə bilsin. Bu mənada mənim də sitat gətirdiyiniz şeirimdə deyildiyi kimi həyatımda daha çox sarı rənglər boldur, ona görə o şeirimdən artıq nəyəsə izah verməkdə acizəm.
--" Vicdan əzabı çəkmək səhrada susuz qalıb ölməkdən betərdir."( V. Hüqo)
Fərid bəy, vicdan əzabı adlı cəhənnəmdən qorunmaq üçün insan ilk növbədə hansı insani duyğunu itirməməlidir?
– “Qurani-Kərim”də ən sevdiyim ayə budur: “Hər kəs öz əməlinin girovudur”. Düşünürəm ki, yaxşılıq etmək fürsətini bada vermək olmaz, ətrafındakı insanları, valideynləri, ailəni, səni özünə pənah yeri bilən adamları mümkün qədər nagüman qoymamalısan. Çünki bizi özünə ümid yeri bilən adamların gözündə ucaldığımız mərtəbə çox möhtəşəm yerdir. Zənnimcə, Allah bizim o yerdə olmağımızı istəyir. Yəni insanlara kömək əli uzada biləcəyimiz yerdə. Biz yaxşılıq etmək fürsətlərini itirməklə Allahın bizi görmək istədiyi yerdən uzaqlaşırıq. Bu isə xarakterimizə çox mənfi təsir edir, eləcə də ruh halımıza.
– Biz nəhəng ulduzları kiçik parıltılı nöqtələr kimi görürük.
Fərid bəyin gözündə "Günəş" olan hansı xarakterinə görə kiçilib bir “qara nöqtə" olur?
– İnsanlar öz arzularının üstündən rahatca xətt çəkib dövr rənginə qarışanda gözümdə kiçilirlər. Bu hallar təəssüf ki, mənə də xasdır. Gücüm ancaq “heyif səndən” deməyə çatır. Bu xüsusda bir şeirim də var:
Birisi geyinir “dövlət” niqabın,
o biri bürünür “din” libasına.
Üzdən abır-həya çəkilib gedir,
bədən dönür ruhun xarabasına.
Mənsə soruşuram onlardan indi:
Buydumu, buydumu, istədiyiniz?
Baxıram sizlərə, heyifim gəlir,
Baxıram güzgüyə, heyifim gəlir,
Bəsirət bağlanıb, dilimizsə lal:
Həm sizə, həm mənə aiddir sual:
Buydumu, buydumu, istədiyiniz?
Buydumu, buydumu, istədiyimiz?
-Sevgi - hər dəfə Qızıl balıqdan
eyni adamı istəməkdi.
Sevgi - balığa "ancaq Onu..." deyib,
adını gizləməkdi.
Eh hardan bilsin bunları,
öz ürəyinin səsindən ürkənlər,
eşqin qanı sıçrayan güzgülərdə
qalstuklarını düzəldənlər..
(Fərid Hüseyn)
Əziz şairimiz, sevginin güc mənbəyi nədir?
– Ruhi rahatlıq. İnsan sevəndə özünü unudur, sevdiyi insanın yanında özünü yaddan çıxarır. Amma sevmədiyi insanın yanında öz sevgisizliyini şüuraltı duyaraq daim özünü xatırlayır. Ona görə sevmədiyimiz insanların arasında eqoist, təşəbbürlü oluruq, onlarla güzəştsiz davranırıq. İnsan özünü unuda bilməkdən böyük həzz yoxdur, sufiliyin pik həddini yoxolma, ərimə təşkil etməsi heç də təsadüfü deyil. Din Allahda əriməyi, eşq insanda əriməyi təlqin edir. Xətainin dahiyanə bir şeiri var. Mən Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərini hər nə qədər qəribə olsa da Xətainin həmin şeiri vasitəsi ilə anlamışam:
Batinimdə dedi mənə bir əziz:
– Məhəbbətdən keçən haqdan da keçər.
Vermən nəsibini, kəsin qidasın,
Məhəbbətdən keçən haqdan da keçər.
İnsan öz sevdiyini itirməyə razı olursa, sonra o prinsisizlik özünü bir çox şeydə büruzə verir. Məcnunluq o mənada həm də prinsip məsələsi idi. Fikir vermişəm, öz həqiqi eşqini itirən adamlar üçün sonra başqa prinsipial məsələlərin üzərindən ötəri adlamaq asan olur. Çünki həqiqi eşqi geridönüşsüz itirmək insanda gələcək bütün həyatı bir çox şeylərə münasibətdə “bəli-buyur”la keçirmək itaətkarlığı yaradır. Çətin məsələlərdir, dilə gəldiyi qədər asan başa gələn deyil. Hərçənd ki danışırıq...
– Fərid Hüseyn ruhi sakitliyə necə çatır?
– Ruhi sakitliyə çatmaq çətin məsələdir, o məqama yetişməmişəm hələ. İnsanların çoxu bədəninin rahatlığını təmin edəndə elə bilir ruhu da dincəlir. İstirahətə gedəndə özümüzü sadəcə fiziki olaraq yaxşı hiss edirik. Ruhi məzuniyyət götürmək çox çətindir. Hələ o məzuniyyətə çıxa bilməmişəm. Allah qismət eləsin.
-Dəm vurma şöhrətdən, nə ad, nə namdan
tarixin nəmindən əsrim kiflənib.
Qardaşlar qanıyla dolu bu camdan
sülhün göyərçini içib, - keflənib.
(Fərid Hüseyn)
Dəyərli Şairimiz, "Zamandan şikayət" adlı əsər yazsaydınız, ilk cümləniz necə olardı?
– Saib Təbrizinin bu misralarını epiqraf edərdim əsərimə:
Biz əkən tarlaların məhsulu yoxsulluq olur,
Bir qarışqa gözünə yerləşəcək hasilimiz.
– "Zəncir", " Sülh", " Ağrı"
"Qol", "Nəfəs" istərdik ki, Fərid bəy tərkibində bu sözlər olan poetik, düşündürücü bir cümlə yazsın.
– Sifarişlə yazmaq vərdişinə yiyələnə bilmədiyim üçün hələlik sizin təklifinizi həyata keçirmək çətindir. Üzrlü sayın...
-Ömrünüzdən rubrikamıza pay ayırdığınız üçün minnətdarıq, həyat və yaradıcılığınızda Sizə uğurlar diləyirik.
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)